Türkcə “danışan” Makron - Paris Bakıya hansı mesajı verir?

Baxış sayı:
1044

İki tərəfin anlaşa bilmədiyi tək mövzu - erməni məsələsi...  

Fransa Prezidenti Emmanuel Makron facebookdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib və maraqlıdır ki, Azərbaycan dilində status yazıb: “Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.

Xatırladaq ki, fransız prezident daha sonra qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: “Ermənistan, Azərbaycan, birlikdə!”

Bəs görəsən, Makron bu jestlərlə nə demək istəyir, Bakıya hansı mesajları verir? Bu Brüssel görüşlərindən razılığın əlamətidir, yoxsa narazılığın? Fransanın Qarabağ məsələsinə, Azərbaycan-Ermənistan danışıqlarında aktiv rol alması, bəlkə, xeyrimizədir? Fransa ilə dost olmaqla, yaxınlaşmaqla onun Ermənistanı dəstəkləməsini zəiflədə bilərikmi?

283357

Bu suallar açıq qalır. Əslində, Azərbaycan hökumətinin Fransa ilə çox yaxşı münasibətləri var. Tək anlaşa bilmədikləri Ermənistan mövzusudur. Çünki Fransa Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı nəyin bahasına olursa-olsun, dəstəkləyir və bizə qarşı böyük ədalətsizliyi edir. Bu vəziyyəti ölkəmizin lehinə dəyişmək üçün Fransanı düşmən gözündə görməkdənsə, onunla siyasi-diplomatik təmasları intensivləşdirmək daha məqsədəuyğun olardı. Çünki diplomatiyanın, siyasətin əsas məqsədi daha çox dost qazanmaq, müttəfiq qazanmaqdırsa, Fransa ilə münasibətlərdə də eyni yolu seçməyimizdə problem olmamalıdır. Əleyhimizə olan ölkələri neytrallaşdırmaq və tərəfimizə çəkmək üçün Ermənistanla müqayisədə daha çox potensialımız var.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, 44 günlük müharibə zamanı Fransa anti-Azərbaycan mövqedə idi, saxta ittihamlar irəli sürürdü: “Makronun bugünkü jesti üzləşdiyi reallıqla məcburiyyət qarşısında tabe olmağın elementidir. Fransa da başa düşdü ki, hansısa ritorika, təzyiqlə özünün maraqlarını həyata keçirə bilməyəcək, əks-effekt verəcək. Bu baxımdan Paris anladı ki, Azərbaycan cəmiyyətində birmənalı mənfi rəy formalaşıb. Ona görə Makron bu addımı ilə yumşaqlıq əldə etməyə çalışıb. Ancaq belə məlumat da gəldi ki, bu paylaşım yalnız sosial şəbəkənin Azərbaycan seqmentində görünüb. Bilmirəm, nə dərəcədə dəqiqdir, ya yox. Lakin Azərbaycanın Fransaya həmişə normal münasibəti olub, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Təəssüf ki, Fransa özü ermənipərəst mövqeyi ilə bizdən qopmağa çalışıb”.

M.Sadəddinov hesab edir ki, keçmiş prezident Nikola Sarkozi erməni diasporunun bu şəkildə təsiri altına düşməmişdi, Makron isə tam fərqlidir: “Sarkozi dövrünü yada salın, o zaman Fransa Azərbaycana belə münasibəti sərgiləmirdi. Hətta çox yaxşı münasibətlər var idi. Görünür ki, Makronun seçkidə qalib gəlməsində erməni diasporunun təsiri çox olub. Onun Ermənistana səfəri də bunu təsdiqləyirdi. Yəni nə zamansa Fransada başqa siyasətçi prezident olsa, Sarkozi tipində biri iqtidara gəlsə, bu cür mövqe nümayiş etdirməyə bilər. Ona görə bu, Fransanın mövqeyi deyil, onun başında olan liderin yanaşmasıdır. Makronun ermənipərəst siyasəti Fransa əhalisinin də maraqlarından irəli gəlmir. Bəzən deyirlər ki, ABŞ ermənipərəst siyasət yürüdür, amma razılaşmıram. Çünki Tramp və Bayden dövrlərini müqayisə edək, deməli, Amerikanı idarə edən administrasiyaların ermənipərəst olub-olmamaq fərqi var”. 

Politoloq qeyd etdi ki, Fransanın Azərbaycanda “Total” neft şirkəti fəaliyyət göstərir, “Airbus” şirkəti var: “Bunları nəzərdən qaçırmaq olmaz. Ona görə Fransa tərəfindən bu siyasətin davamlılığı ola bilməz, hər halda növbəti rəhbər gələndə fərqli yanaşma görə bilərik. Üstəlik, Makron anladı ki, bu ritorikada  Bakı ilə siyasət aparmaq olmaz. Bir məsələni də nəzərə alın - Makron həmin paylaşımdan əvvəl demişdi ki, Fransa həmişə Ermənistanın yanındadır. Yəni o qədər də sadəlövh olmamalıyıq. Qarabağ məsələsi təkcə diplomatları, siyasətçiləri deyil, Azərbaycanda adi vətəndaşları da ayıq edib, hansı dövlətin mahiyyətinin nədən ibarət olduğunu hamı gözəl bilir”.

“Yeni Müsavat”