Türk hərbi bazalarının Azərbaycana gəlişinə dirəniş… - MÜDAFİƏ NAZİRLİYİNDƏKİ "5-Cİ KOLON" ÜZVLƏRİNİN MÜQAVİMƏTİ ARTIR

Baxış sayı:
2621

Elxan Şahinoğlu: “Görünür, hakimiyyət içində yenə də “5-ci kolon” var ki, belə bəyanatlar meydana çıxır”

İkinci Qarabağ müharibəsindən sonra türk ordusunun hərbi bazalar şəklində Azərbaycanda yerləşdirilməsi gündəmin müzakirə olunan məsələsidir. Qarabağ müharibəsində qardaş ölkənin hərtərəfli dəstəyi “Bir millət, iki dövlət“ anlayışından “Bir miliət, bir dövlət” müstəvisinə keçilməsinin vacib olduğunu gözlər önünə sərdi. Müharibədən əvvəl də, onun gedişi dövründə və sonra da cəmiyyət türk ordusunun Azərbaycanda birdəfəlik qalmasını tələb edən aksiyalar keçirdi. Bir sözlə, toplumun arzu və istəyinin bu yöndə olduğu məlumdur.

Doğrudur, bəzi “sosial tədqiqat mərkəzləri”ndən guya əhalimizin 30%-i civarında rus hərbçilərinin ölkəmzdə olmasını məqbul sayması barədə də ortaya iddialar atıldı. Əlbəttə, bunun heç bir əsası ola bilməz, əskinə xalq dəfələrlə türk ordusuna olan güvən, sevgi və istəyini ortaya qoyub. Amma, görünür, xalqın ürəyindən olan, həmçinin dövlətimizin təlükəsizliyi üçün çox vacib olan türk ordusunun ölkəmizdə hərbi bazalar şəklində mövcud olması kimləri isə narahat edir. Bu səbəbdən də onlar bu və ya digər formada özlərini ifadə və ifşa etməyə məcbur olurlar. Həm də tələm-tələsik.

Təsdüfi deyil ki, Türkiyə mətbuatı Azərbaycanın ən azı 3 şəhərində hərbi baza qurulacağı haqda yazan kimi, Müdafiə Nazirliyi dərhal təkzib açıqlamasıyla çıxış etdi. Belə ki, bəyanatın müəllifi xalqın deyil, xalqın adından danışırmış kimi öz mövqeyini ortaya qoydu. Açıqlamada bildirildi: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

Nədənsə, Rusiya “sülhməramlı kontingenti”nin Qarabağa yerləşdirilməsi zamanı Qoşulmama Hərəkatına üzv olmağımız yada düşmədi. Doğrudur, iddia oluna bilər ki, rus ordusu müvəqqəti gəlib. Amma son vaxtlar baş verən bir sıra proseslər tamamilə fərqli mənzərəni ortaya qoyur. Məsələn, rus hərbçilərin noyabrın 10-dan başlayaraq sınaqdan keçirmədiyi, baş vurmadığı təxribat yoxdur. Missiyanın rəhbəri gah Arutunyanı qucaqlayır, gah İrəvandan hansısa nazir gəlib-getməkdən Xankəndini “su yolu” edib… Amma bu hadisələrin heç birində ölkənin Müdafiə Nazirliyindən reaksiya gəlmədi.

Maraqlıdır, cəmi bir neçə həftə əvvəl qardaş Türkiyənin dövlətimiz üçün etdiyini Müdafiə Nazirliyinin rəhbərliyi unutdumu? Türkiyənin dövlət varlığımızın qarantı olduğunu onlar hələ də dərk etirlər? Axı, Rusiya erməni separatçılarına verdiyi dəstəyi heç vaxt inkar etmir. Bu ölkənin bizim üçün nə anlama gəldiyini çox yaxşı bilirik Elə isə, Türkiyənin dəstəyi bizi niyə narahat etməlidir?! Bəlkə, bu dəstək “5-ci kolon”un yuxusuna haram qatır?..

Bəllidir ki, bu gün və gələcəkdə ölkəmizə ola biləcək istənilən təhdidin qarşısını yalnız Türkiyə ilə birgə ala bilərik. Odur ki, qardaş dövlətin hərbi bazaları məmləkətimizdə mütləq olmalıdır. Çünki bunu xalq istəyir. Çünki bu Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması üçündür.

Güman ki, Ankara Türkiyə mətbuatı vasitəsilə hərbi bazalarla bağlı yazılanların yayınlamasında maraqlı olarkən, nəbz yoxlaması aparır, verilən reaksiyanı müşahidə edir. Lehinə-əleyhinə olanları gözləmləyir. Bəyanat müəllifləri isə yəqin ki, bu məqamı gözdən qaçırır, amma nahaq.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun da fikirlərini öyrəndik.

– Elxan bəy, Müdafiə Nazirliyinin türk ordusunun Azərbaycanda hərbi bazalar qurması ilə bağlı məlum bəyanatına münasibətiniz necədir? “Rus sülhməramlıları”nın Qarabağda yerləşməsinə gəlincə Qoşulmama Hərəkatına üzvlüyümiz xatırlanmır, amma türk ordusunun ölkəmizdə baza qurması haqda fikir bildirilir ki, ərazimizdə başqa dövlətin hərbi bazaları mövcud ola bilməz…

– Mən bu barədə elə həmin gün status paylaşdım. Çox təəssüf ki, Müdafiə Nazirliyi belə bir bəyanatla çıxış etdi. Müdafiə naziri uzun müddət idi ki, açıqlama vermirdi. Noyabrın 10-dan bu yana “rus sülhməramlıları”nın dəfələrlə etdikləri təxribatlara reaksiya görmədik. İndi Türkiyə qəzetləri yazdı ki, Azərbaycanda üç hərbi baza yaradılacaq. Bir saat keçməmiş Müdafə Nazirliyi bəyanat yaydı ki, bu guya Qoşulmama Hərəkatı prinsiplərinə uyğun deyil, Azərbaycanda ikinci dövlətin hərbu bazası ola bilməz. Bəyanatı oxuyanda mənə elə gəldi ki, heç söhbət Türkiyədən getmir. Halbuki Türkiyə qədər bizə dəstək verən yoxdur. Müharibə günlərində də bunu gördük. Ona görə, bu açıqlamalar kifayət qədər suallar doğurdu. Üstəgəl, Qoşulmama Hərəkatından söhbət gedirsə, bəli, siz demişkən, onda rus hərbçiləri Dağlıq Qarabağda nə gəzir? Onda onlar da çıxarılmalıdır. Mən Müdafiə Nazirliyinin bu mövqeyini yanlış hesab edirəm. Kimin istəyi olub, kimin istəyi olmamasından asılı olmayaraq, Türkiyə hərbi bazaları mütləq Azərbaycanda olmalıdır. Çünki bu, Azərbaycanın milli təhlükəsizliyi üçün uyğundur.

– Ümumiyyətlə, Azərbaycanda Türkiyənin hərbi bazalarının qurulmasının Qoşulmama hərəkatı üçün hansısa  maneçiliyi varmı? Və ya bu təhdid xarakteri daşıyırmı?

-Maneçilik deyəndə, guya Qoşulmama Hərəkatına ona görə üzv olmuşuq ki, hərbi bloklara qoşulmayaq, ölkədə digər dövlətlərin hərbi bazalarını yerləşdirməyək. Amma, bildiyimiz kimi, bizə qarşı ciddi təhllükələr, təhdidlər var. Bu təhdidlərin qarşısını almalıyıq. Söhbət təkcə Ermənistandan getmir. Ermənistanla məsələni həll etmişik və gələcəkdə də həll edəcəyik. Müharibə də onu göstərdi ki, ermənilər qarşımızda duruş gətirə bilməz. Söhbət böyük dövlətlərin Azərbaycana təzyiqindən gedir. Strateji müttəfiqimizin Azərbaycanda mütləq hərbi bazaları olmalıdır. Qoşulmama Hərəkatının üzvlüyü də bizə belə bir şüar versə belə, biz türk hərbi bazalarını seçməliyik.

– Bir halda ki, Qarabağda rus ordusu yerləşib, bölgəni ruslar idarə edir, belə desək, “Qarabağ hələ ki, Azərbaycan deyil”, deməli, türk ordusuna ehtiyacımız var. Belə bir vəziyyətdə bu bəyanat “5-ci kolon”un Azərbaycanı bu dəstəkdən məhrum etmək istəməsinə hesablanmayıb?

– Bu, yanlış yanaşmadır, ordumuz böyük ölçüdə problemi həll etdi. Qarabağa daxil olmuşuq, Şuşanı azad etmişik. Hadrut bizdədir. Hadrut, Şuşa Qarabağdır. Müəyyən hissələr var ki, biz hələ ora nəzarət edə bilmirik. Amma deyə bilmərik ki, Qarabağı Rusiyaya vermişik. Biz çalışmalıyıq ki, türk hərbçiləri bölgəyə yerləşsin, Ağdamda Monitorinq Mərkəzi işə başlasın və Qarabağdakı erməni separatçıları tərksilah olunsun. Yenə də bildirirəm ki, Müdafiə Nazirliyinin açıqlamasını yanlış hesab edirəm. Çünki söhbət strateji müttəfiqimiz Türkiyədən gedir. Bəlkə də öz içimizdə aranı qarışdırmaq istəyən qüvvələr var. Halbuki dövlət başçısı İlham Əliyev də o fikri vurğuayır ki, artıq söhbət “bir millət, iki dövlət”dən deyil, lazım gələrsə “bir millət, bir dövlət”dən gedir. İlham Əliyev onu da təkrar edir ki, masada Türkiyə də mütləq olmalıdır. Amma, görünür, hakimiyyət içində yenə də “5-ci kolon” var ki, belə bəyanatlar meydana çıxır.

– Yəni məqsəd Türkiyə ilə Azərbaycanın arasını vurmaqdırmı?

– Ola bilər…

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org