"Türk dili dünya dili olmalıdır" - ƏRDOĞAN

Baxış sayı:
1322

“Türk dili dünya millətlərarası ünsiyyət dillərindən birinə çevrilməlidir”.

“Anadolu” agentliyi bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu YUNESKO-nun elan etdiyi “XIII əsr türk şairi Yunus Əmrə ili”nin açılış mərasimində deyib.

"Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə biz "türk dili-dünya dili" adlı kampaniya elan edirik", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, kampaniya 2021-ci il ərzində 18 nazirlik və idarənin, həmçinin QHT-lərin iştirakı ilə 224 tədbirin təşkili vasitəsilə həyata keçiriləcək

Prezident çıxışında türk dilinin qorunması, saxlanılması və inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb, çünki xarici dillərə artan maraq ona təhlükə yaradır: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dilimiz kasıblaşır. Xarici dillərə verilən önəm türkcəmizi kölgədə qoyur”.

Türk lideri bu mənada xüsusilə "mədəni imperializm" in yaratdığı təhlükəyə diqqət çəkib.

"Mədəniyyət imperializminə qarşı əsas müqavimət cəbhəmiz, ilk növbədə, dilimizin müdafiəsi olacaq", - deyə Prezident Ərdoğan vurğulayıb.

"Vətəni əvvəlcə onun dili, sonra isə onun ordusu müdafiə edir. Buna görə də biz türk dilimizi möhkəm qorumalıyıq",-deyə o bildirib.

"Nə qədər ki dilimiz öz təsirini itirir, biz sivilizasiyamızın siyasi və mədəni sərhədlərinin məhdudlaşdırılmasının qarşısını xəritələrdə sadə cizgilərlə ala bilmərik", - deyə Prezident xəbərdarlıq edib.

Prezident Ərdoğan çıxışında türk şairi Yunus Əmrənin vəfatının 700 illiyinin YUNESKO Baş Assambleyasının qərarı ilə qurumun 2021-ci il üçün yubiley və xatirə tarixləri siyahısına daxil edildiyini xatırladıb.

"UNESCO-da bu qərarı dəstəklədiklərinə görə biz xüsusilə Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Özbəkistan nümayəndələrinə təşəkkür edirik", - Ərdoğan bildirib.

O qeyd edib ki, 2021-ci ildə Türkiyənin tarixi və mədəniyyəti ilə bağlı bir sıra mühüm yubileylər qeyd olunacaq: "Bu il Türkiyənin dövlət himninin qəbul olunmasının 100 ili tamam olur. Həmçinin 2021 - ci ildə Yunus Əmrənin vəfatından 700 il ötür"./virtualaz.org