“Təlxəkləri bizə şəxsi nümunə kimi göstərirlər” - RÜSTƏM BEHRUDİ

Baxış sayı:
6883

“Azərbaycan xalqının başına gələn bütün fəlakətlərin səbəkarı Rusiya imperiyasıdır” Son vaxtlar Azərbaycanda milli-mənəvi dəyərlərimiz aşınmaya məruz qoyulub. Burada isə əksər televiziya kanalları başda olmaqla, çap mətbuatı və saytların, eləcə də sosial şəbəkələrin rolu az deyil. Hansı ki, insanlar bu şəbəkələrin imkanlarından yararlanaraq bir-birini aşağılayır, təhqir edir, söyüş söyür, hətta dəyərli ziyalılara, siyasətçilərə, dövlət məmurlarına qarşı da qaralama kampaniyası aparılır. Maraqlıdır, Azərbaycan cəmiyyətində milli dəyərlərimizin bu cür deqradasiyaya məruz qoyulması nə ilə bağlıdır və bunun arxasında maraqlı qüvvələr varmı? “Hürriyyət”in bu və digər suallarını tanınmış şair Rüstəm Behrudi cavablandırıb. - Bunu aradan qaldırmaq yollarını danışmazdan əvvəl, bu niyə meydana gəlir, onu açıqlamaq lazımdır. Məşhur bir ifadə var, “danış, səni görüm”. Hətta bir filosof deyirdi ki, “hər bir insan dilinin altında yatıb”. Yəni insan nə danışırsa, artıq oradan o görsənir. Ən çox bu söyüş söyən adamlar kimlərdir? Həyatda uğursuz, yəni öz sahəsində, həyatında, cəmiyyətdə uğur qazanmayan adamlardır. Onlar söyüş söyməklə, öz əsəblərini, içindəki o kibri soyutmaq istəyirlər. Məsələn, bu, ədəbiyyata daha çox aiddir, hələ siyasəti bir tərəfə qoyuram. Bir də özü bir uğur qazanmayan adamlar incəsənətdə, ədəbiyyatda uğur qazanmış başıbəlalı adama şər, böhtan atmaqla, gündəmdə qalmaq istəyirlər. Bu, siyasətdə də belədir, gücsüz adam söyüş söyür. Öz ambisiyalarını həyata keçirə bilməyən adam söyüş söyməyə başlayır. Baxın, Azərbaycanda lap iqtidar, lap da müxalifət tərəfdə olsun, 20-30 il bundan əvvəl o söyüşlərin birinin üstündə bir adam gedib özünü asa bilərdi. İndi çox adi bir hala çevrilib, kütəviləşib. Səbəb nədir? Artıq ictimai qınaq aradan qalxıb. Yəni adamların şəxsə, fərdlərə və yaxud bir qrupa etdiyi qınaq artıq həmin adamların eyninə deyil. Niyə? Bunun da sosial-iqtisadi səbəbləri, siyasi tərəfləri var. - Belə çıxır ki, insanlar artıq o sözləri götürə bilirlər... - Təbii. Bu ictimai qınaqla bağlıdır. İctimai qınaq aradan qalxıb. Heç kim cəmiyyətin onlara verdiyi qiyməti artıq qiymət hesab eləmir. Mən həmişə nə deyirəm, Konstitusiyada təsbit olunmuş maddələr var, o maddələrdən birində şərəf və ləyaqət barədə yazılıb. Söyüş bir insanın şərəf və ləyaqətini təhqir etmək deməkdir. Ancaq ağıllı adam ilk dəfə o maddəni oxuyanda şərəf və ləyaqət hissinin nə qədər biri-birinə daban-dabana zidd olduğunu görmür. Əslində, bu maddə ayrılmalıdır. Çünki şərəf başqa, ləyaqət hissi başqa bir şeydir. Şərəf hissi cəmiyyətin adamlara, ləyaqət hissi insanın özünün özünə verdiyi qiymətdir. Mən həmişə deyirəm, çox vaxt şərəfi olanın ləyaqəti olmur, ləyaqəti olanın da şərəfi olmur. Niyə? Cəmiyyət, yəni çoxluq, pislik ləyaqətli adamı, ola bilsin, heç qəbul etmir və o, şərəfsiz adam olur. Niyə? Şərəf axı, onların verdiyi qiymətdir. Və yaxud əksinə olur, şərəfi olan adamı indiki kimi cəmiyyət qəbul edir. Bu mənada cəmiyyət bu anormallığın içindədir. Ona görə, cəmiyyətdə adamlar şəxsi ambisiyalarını yerinə yetirmək üçün söyüş söyür. Terror haradan baş verir? Terror əslində, haqlı və haqsız adamların öz düşmənlərinə qarşı gücü çatmayanda elədiyi hərəkətdir. Haqlı da, haqsız da olsa, həmin qarşı tərəfə gücü çatmayanda başqa bir yol axtarır. Bu da terrora gəlib çıxır. Cəmiyyətdə söyüş da ona bənzəyir, gücü çatmadığı adama söyüş söyməyə başlayır və bu, həm iqtidar, həm də müxalifət tərəfindən qarşılıqlıdır. Özünüz də görürsünüz, iqtidarda olan kütləvi informasiya vasitələri də söyüş söyürlər. Halbuki, dövləti təmsil edən mətbuat nümayəndələridir. Deyirdilər ki, həmin işin başında Əli Həsənov dayanır. Artıq Əli Həsənov getdi, görək, indi kim rəhbərlik edəcək. - Hesab edirsiniz ki, iqtidarda “söyüş kampanisyası”nı aparacaq maraqlı qüvvələr var? - İndi görək, bu, iqtidarın yoxsa Əli Həsənovun mövqeyidir. Mən elə başa düşürəm, bütün hallarda söyüş Azərbaycan xalqının əxlaqi dəyərlərinə zidd olan bir şeydir. İstər iqtidar, istərsə müxalifət olsun, bu adamlar anlamırlar ki, əslində, bu əxlaqi dəyərləri məhv etməklə, öz uşaqlarını, bacı, qardaşlarını təhqir edirlər, təkcə ona düşmən olan tərəfi yox. Bizim xalq başqa xalqlardan istisnadır. Məsələn, bizdə ailə dəyərləri, yazılmamış qanunlar var, buna “ailə institutu” deyirlər. Yazılmamış qanunları və imtahanları olan bir ailə institutudur. Heç yerdə bu institutu şərtləndirən qayda-qanunları yazıb, dərc etməyiblər, ancaq 2 min ildi bütün türk xalqlarının, o cümlədən də Azərbaycan türklərinin ailə dəyələri var ki, buna “ailə institutu” deyirlər. İndi bu institutu dağıdırlar. Nə cür dağıdırlar? Özü də iqtidarlı, müxalifətli dağıdırlar. Yəni bu “söyüş kampaniya”ları, əslində, dəyərlərə də qarşıdır. İndiyə kimi türk millətini ayaqda tutan təkcə onun qəhrəmanlığı, mübarizliyi deyil, yazılmamış qanunlarla ifadə olunan ailə institutudur. Bax, Azərbaycanda həmin ailə institutu dağılır. Siz məndən daha yaxşı bilərsiniz, mətbuatı təsadüfən izləyəndə gördüm ki, bu il 47 min ailə dağılıb... - Bəli, boşanmaların sayı kəskin şəkildə artıb. - Çox qəribədir ki, bir millətin millət olması üçün ortaq dəyərləri lazımdır. Ortaq dəyər təkcə adət-ənənə deyil, həm də sosial-iqtisadi baxımdan da ortaq dəyərlər olmalıdır. “Ortaq dəyər” nə deməkdir? Yəni o cəmiyyəti, milləti təşkil edən fərdlərin hamısı üçün bir ortaq dəyər olur. Bizdə ortaq dəyərlər yoxdur. Niyə yoxdur? Çünki, dediyim kimi, onun bazisi təkcə adət-ənənə deyil, onun həm də iqtisadi əsasları olmalıdır. Hamı eyni bir şeyə malik olmalıdır. Bizim hamımızın malik olacağımız indi heç nə yoxdur. Bax, küçələr, dəniz, ərazilər, hər şey bölünüb. Yəni bu millətin, birinci olaraq, iqtisadi cəhətdən ortaq bir dəyəri yoxdur. Əvvəllər Bakıda xüsusi həyətlərin divarı 1 metrdən yuxarı deyildi. İndi dəniz qırağına get, ümumiyyətlə, bütün Bakıda xüsusi həyətlərin divarı 4-5 metr hündürlükdədir. Bu dünyanın qloballaşması ilə də bağlıdır. Mən həmişə deyirəm ki, dünya nə cür sürətlə qloballaşmağa doğru gedirsə, insan da yalnızlaşmağa doğru gedir. Bu divarlar bir, bu səbəbdən əmələ gəlir. Bir də insanlar öz var-dövlətlərini başqalarından gizlətmək istəyirlər. Bunun iki səbəbi var. O mənada deyirəm ki, millətin millət olması üçün ortaq dəyərləri olmalıdır. Birinci ortaq dəyər hamının əməl edəcəyi adət-ənənə deyil, ortaq dəyərlərin də birinci tələbi sosial-iqtisadi dəyərlərdir. Yəni hamı fiziki anlamada bir yerdə bir şeyə malik ola bilmirsə, onun qoruyacağı adət-ənənə boş bir şeydir. Bizim həm iqtisadi, həm sosial, həm də mənəvi dəyərlər baxımından ortaq heç nəyimiz qalmayıb. Bizim ortaq dəyərimiz, bizi milləti kimi ayaqda tutun bir dəyər var, o da Qarabağdır. O Qarabağa da münasibət fərqlidir. Yəni ortaq dəyərə çevrilə bilmir. Məsələn, iqtidar başqa, müxalifət başqa cür düşünür, iqtidar və müxalifətdən fərqli olaraq xalq da başqa cür düşünür. Burada 3 düşüncə var. - Sizcə, bu 3 düşüncəni yaradan səbəblər nədir? - Ən böyük səbəb daha çox var-dövlət əldə etməkdir. Elə iqtidar da, müxalifət də elədir. Siz özünüz görmürsünüz ki, insanlar nəyin uğrunda mübarizə aparır? Nəyisə özününküləşdirmək uğrunda, hətta sevgini belə. Sən bir adamı sevirsən, o qarşılıqlı münasibət olmur ki. Sən onun əldə etmək və özününküləşdirmək istəyirsən və cəmiyyətdə bütün hadisələr də elədir. Ən böyük ali dəyərimiz sevgidir, orada belə sən başqasını ələ keçirmək və özününküləşdirmək istəyirsən. Elədir, ya yox? -Bəli. - Ən böyük dəyərimiz odursa, biz onu elə düşünürüksə, bu birisinin haqqında o cür düşünəcəyik. - Rüstəm müəllim, bayaq ailə institutunun dağılmasından, 47 min boşanma faktından danışdınız. Hansı ki, bu da əksər hallarda xəyanətlə bağlı olur. Bunun səbəbləri nədir? -Bunun səbəbləri çoxdur. Ziqmund Freydin düşüncələrinə baxsaq, o deyirdi ki, 100 faiz qadın doğulursa, ən azından bunların 1%-i doğulanda elə fahişə kimi doğulur. Onun bütün istəklərini həyata keçirsən belə, o, o cür doğulub. Yəni bunu dəyişmək mümkün deyil. Ancaq pozulan çoxluq nə deməkdir? Bu, sosial-iqtisadi bəlalardan əmələ gələn şeydir. Ailələr niyə dağılır? Ancaq iqtisadi baxımdan. Məsələn, kişi evi idarə edə bilmir. Qadın elə düşünür ki, bundan ayrılsa, daha yaxşı yaşaya bilər. Guya, o, yolunu da bizdən daha yaxşı, asan yol bilir və ailələr daha çox son 20-30 il ərzində Azərbaycan mühitində ancaq o səbəbdən dağılır. Qalan, - Ziqmund Freydin dediyi tərəf - bizə dəxli olmayan tərəfdir. O tanrıdan gələn bir şeylərdir. Mən orada da onunla razı deyiləm, Tanrı hər bir kəsi mükəmməl yaradıb. Mükəmməl yaradıbsa, insanı niyə o cür xəstə yaradıb? Deyək ki, homoseksual adamları da Tanrı yaradıb, ancaq bəs, bunun mükəmməlliyi harada qaldı? Deməli, burada anlaşılmaz şeylər çoxdur. Mən 10 ildir ki, Azərbaycan televiziyalarına baxmıram. Çünki bayaq dediyim ailə institutunu da dağıdan, Azərbaycandakı o böyük bəşəri dəyərləri də ayaq altına alan o televiziyada gedən verilişlərdir. Məsələn, hoqqabazlar, kəndirbazlar, təlxəklər var ki, prezident onların əksəriyyətinə xalq artisi adı verib. O adamlar televiziyaya çıxanda cəmiyyət deyir ki, “bu cür yaşamaq daha gözəldir, əgər belə olmasaydı, bu, niyə xalq artisti, xalq yazıçısı olurdu”. Təlxəkləri bizə şəxsi nümunə kimi göstəririər. Mən son vaxtlarda iki dəfə Azərbaycan televiziyasına baxmışam; bir prezidentin Sumqayıtdakı, bir də BDU-dakı çıxışına. Mən orada qəribə nüanslara diqqət yetirdim. Bax, sizin dediyiniz o dəyərlər var, ha, prezident yəqin o dəyərləri hiss edib. Avropa ittifaqına girmək, Avropa ilə əlaqəyə girmək, o şeylərin hamısını prezident dedi. Bildirdi ki, biz o dəyərlərə baxandan sonra onlarla bir yerdə ola bilmərik. Yəni prezident eyni cinsdən olan qadın və kişilərin biri-biri ilə evlənməsinə, homoseksuallara, lezbyanlara qarşı çıxdı. İndi görək nə nəticə olacaq. Təbii ki, o, prezidentdi hər şeyi bilir. Ancaq bir şey də var ki, “Respublika Sarayı”nda və yaxud “Yaşıl Teatr”da xaricdən gəlmiş həmin homoseksuallar konsertlər verir və Azərbaycan xalqının pullarını toplayıb, çıxıb gedirlər. Elə fikirləşirəm, indi o danışıq təsir etməlidir. Əgər prezident onu dürüst danışırsa, mütləq təsir etməlidir və mən prezidentin o danışığındakı nüansları qəbul etdim. Çünki o şeyləri yüksək kürsüdən mütləq demək lazım idi. O cür adamları Azərbaycana gətirən, onlara azadlıq verən, yardım edən adamlar ən azından düşünəcəklər ki, prezident bunun əleyhinədir. Ona görə, onu qiymətləndirirəm. Mənim üçün maraqlı olan ailə münasibətlərinə görə, o detallar mənim yadımda qalmışdı. - Azərbaycan televiziyalarına baxmadığınızı bildirdiniz. Sizi qane edən heç bir veriliş yoxdur? - Azərbaycan televiziyaları Azərbaycan xalqının əxlaqını pozmağa hesablanmış televiziyalardr. Baxın, bir dənə normal veriliş göstərə bilərsinizmi? Əvvəllər heç olmasa, mənim ömrümdə baxmadığım AzTV kimi televiziyada “Turan” adlı maraqlı bir veriliş gedirdi. İndi mən soruşdum, dedilər o veriliş yoxdur. Və yaxud türk xalqlarının, Azərbaycan xalqının taleyindən bəhs edən verilişlər yoxdur. Dilimizlə, mədəniyyətimizlə bağlı verilişlər sıfır dərəcəsindədir. Onun yerini kim tutub? Təlxəklər, kəndirbazlar. Azərbaycan xalqının aparıcıları gör kimdir? Həmin o homoseksuallar. Ondan sonra, əxlaqa zidd hərəkətlərlə məşğul olan xalq artistləri. - Bilirsiniz ki, Əli Həsənov medianı kurasiya edən bir məmur kimi tanınırdı. Bəs, bundan sonra televiziyalarda müsbət bir dəyişiklik gözlənilir? -Bir azdan biləcəyik. Mən həmişə izləyirdim, Aslan İsmayılov deyirdi ki, trolluq, söyüş, təhqir və media mətbuatını kurasiya edən Əli Həsənovdan asılıdır. İndi bu, getdi. Əgər dəyişməyəcəksə, biz elə düşünəcəyik ki, bu, ümumiyyətlə, iqtidarın apardığı siyasətdir. Mən ancaq elə fikirləşirəm ki, nəsə dəyişməlidir. Əslində, Azərbaycanda çox şeylər dəyişməlidir. Çünki Azərbaycan xalqının dövlətçiliyi təhlükədədir. Kənardan baxan adamlar deyirdi ki, neft çıxartdıq, var-dövlətimiz var. Bu dövlətçilik deyil, bu, var-dövlətdir. Qısa zaman kəsiyində xalqlar varlı da, kasıb da ola bilər. -Dövlətçiliyimizin təhlükədə olduğunu nə ilə izah edərdiniz? -Bizim Azərbaycanın dövlət adamları Rusiyanın çox böyük medallarını alırlar. Hansı xidmətlərinə görə alırlar? Mənə izah edə bilərsiniz? Məsələn, bizim dini rəhbərimiz Rusiyanın ən böyük mükafatlarını alır. Bizim deputatlardan bəziləri, Müdafiə Nazirliyində işləyən adamlar, Azərbaycanın xarici siyasətini təyin edən adamlar Rusiyanın ən böyük mükafatlarını alırlar. Əslində, bu, nə deməkdir? Bir vaxtlar bizim başımıza fəlakətlər gətirən rus xalqından həmin mükafatları qəbul etmək nə deməkdir? Azərbaycan xalqının başına gələn bütün fəlakətlərin səbəkarı Rusiya imperiyasıdır. - Doğrudur... - Bəs onda, onun orden medalını qəbul etmək nə deməkdir? Ola blər ki, bir adam rus mədəniyyətində xidmət edə bilər, siyasətinə yox. Məsələn, bir neçə il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində “Şaman duaları”nın tamaşası gedirdi, mən də mükafat almışam. Bu ədəbi mükafatdır. Bir də var, sırf siyasətlə, xalqın taleyi ilə məşğul olan adamların gedib Rusiyanın - düşmənin əlindən orden və medal almaq, təqdirnamə almaq, bunun bir adı var, xəyanət. Bunun başqa adı yoxdur. Bunların hamısı deyilməlidir, məsələn bizim xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov. Bu, bir ölkənin xarici siyasətini yönləndirən bir adamdır. Bu, sadəcə, adi adam olmaqdan çıxıb, yəni ictimai-siyasi fiqurdur və bunun hər hərəkəti nəzarətdədir. Sən fikirləş ki, Ermənistanın Təhlükəsizlik Şurasının sədri gətirib Qarabağda oğluna toy edir. Bu, artıq simovolik bir şeydir. Yəni artıq siz Qarabağdan gözünüzü çəkin. Bizim xarici işlər naziri isə oğluna aparıb Amerikada toy edir. Bu nə dərəcədə ağılabatan, düzgün addımdır? - Yəni hesab edirsiniz ki, ABŞ-da toy etmək milli mənəvi dəyərlərə zidd olan bir addımdır? - Bəli. Bunu sıradan bir adam etsə, bu, gözə görünməz. Ancaq bunu Azərbaycan siyasət idarəsinin rəhbəri edir. Təbii ki, hər bir vətəndaşın hüququ var, harada istəsə, toy edə bilər, ancaq Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bunu edə bilməz. Edirsə, deməli, xarici işlər naziri işləyə bilməz. Ancaq bizim xarici siyasətimizi yönləndirən adam Azərbaycan dilində danışa bilmir və Azərbaycan mentalitetindən, Azərbaycan xalqının taleyindən xəbərsizdir. Onun üçün Azərbaycan xalqının taleyi maraqlı olsaydı, o hərəkətləri etməzdi. -Azərbaycan xalqının taleyindən xəbərsiz olan bir adamın Qarabağla bağlı yürütdyü siyasətin nəticə verəcəyini düşünürsünüzmü? (Ardı var) Şamo EMİN, Hurriyyet.org