Təhsil işçilərinin neçə faizi və kimlər işə çıxır? – Şəxsi nəqliyyat vasitəsi olanlara…

Baxış sayı:
2321

Təhsil naziri Ceyhun Bayramovun imzaladığı qərara əsasən təhsil işçilərinin yeni iş rejimi necə olacaq? Kimlər işə çağrılır? Kimlərə güzəşt olunmalıdır?

Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı şərhini təqdim edirik.

Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla rayon təhsil şöbələrinin işcilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur: “Bu şəhərlər istisna olmaqla qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər.

Ola bilər ki, tam şəkildə işə icazə verilən rayonlarda yerləşən məktəblərdə çalışan, amma karantin rejimi davam edən şəhərlərdə yaşayanlar üçün rayon təhsil şöbəsi və ya məktəb direktoru postu keçmək üçün icaze.gov.az-dan icazə almalıdır. Karantin tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəran şəhərlərində təhsil müəssisəsi çalışan işçilərin 30 faizini işə cəlb edə bilər. 30 faizi təhsil müəssisəsinin rəhbəri özü müəyyən edir. Amma öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən, yaşı 60-dan yuxarı işçiləri yox, şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlbinə üstünlük verilməlidir.

Bir də qeyd edim ki, rayonlarda təhsil müəssisələri tam şəkildə, bütün əməkdaşları, hətta müəllimləri, kitabxanaçını, laborantı, dalandarı da işə cəlb edə bilər. Karantin rejimi davam edən şəhərlərdə isə təhsil müəssisənin rəhbəri yalnız 30 faiz işçi işə cəlb edir. Bu zaman öz təşəbbüsünü əsas götürür. Yəni kimləri işə cəlb etmək onun öz qərardır.

Rayonlarda işçilərin 100 faizinin, karantin rejimi olan yerlərdə 30 faizin işə cəlb edilməsi vacib deyil. Müəssisə rəhbəri o faizə qədər istənilən sayda işçini işə cəlb edə bilər”.

K.Əsədov bildirib ki, qərar orta məktəblərlə yanaşı, universitet, kollec, peşə təhsili müəssisələrinə də aiddir: “Bütün növ və pillə təhsil müəssisələrində mayın 4-dən 31-dək iş prosesi qaydalar çərçivəsində bərpa olunur. Təhsil sistemində çalışan işçilər işə cəlb olunurlar. Ancaq bu qərar uşaq bağçalarına aid deyil.

Karantin rejimi olmayan şəhər və rayonlarda təhsil şöbələri, ƏMHM-i, universitet və məktəblərin əməkdaşları 8103-ə icazə SMS-i yazmadan, icaze.gov.az-dan qeydiyyatdan keçmədən bütün çalışanlar işə cəlb oluna bilər. Amma karantin tətbiq olunan şəhərlərdə çalışanların işə cəlb olunması işçilərin maksimum 30 faizdir və onlar işə gəlmək üçün ya 8103-ə icazə AMS-i almalı (3 saatlıq) və ya icaze.gov.az-dan rəhbərləri onlar üçün icazə almalıdır”./lent.az