SÜLHMƏRAMLININ QEYRİ-MÜƏYYƏN MƏRAMI... - Ermənilərin Qarabağda rus dilinə “rəsmi status” vermək istəyi nəyin siqnalıdır?

Baxış sayı:
1064

Azərbaycanın Vətən Müharibəsindəki şanlı qələbəsini kiçiltməyə, onu gözdən salmağa çalışanlar çoxdur. Bu baxımdan əgər birinci yerdə Ermənistanın və onun havadarlarının çirkin təbliğatı durursa, ikinci yerdə də bəzi həmvətənlərimizin insanlarımızda müharibənin nəticələrilə bağlı xəyal qırıqlığı, düşkünlük yaratmaq üçün yaydıqları müxtəlif şayiə və qənaətlər dayanır.

Lakin məlum üçtərəfli razılaşmanın ayrı-ayrı bəndləri, onların icrası, eləcə də bu razılaşmada yer almayan bir çox qaranlıq məqamlar və nəhayət Qarabağa gələn Rusiya sülhməramlılarının bəzi addımlarıyla bağlı səmimi olaraq öz narahatlığını bildirən ziyalılarımız, siyasətçilərimiz də var.

Əlbəttə ki, belələrinə düşmən gözü ilə baxmaq, təxribatda günahlandırmaq əvəzinə, təkcə onları deyil, əksər həmvətənlərimizi narahat edən bir çox suallara aydınlıq gətirilməsi daha düzgün olardı. Suallar isə kifayət qədər çoxdur...

Əgər müharibədən sonra yaranan durumla bağlı sualları təsnifləşdirsək, yəqin ki, ilk yerə Qarabağın Rusiya sülhməramlılarının nəzarətinə verilən hissəsində hələ də qalan erməni hərbi birləşmələrinin statusu və onların nə zaman həmin bölgəni tərk edəcəyi və ümumiyyətlə tərk edib-etməyəcəyinə dair sualı qoymaq olar.

Məsələ ondadır ki, ermənilərin yaşadığı və işğaldan azad edilməmiş 2,5 min kvadrat kilometrə yaxın ərazidə hazırda Ermənistan silahlı birləşmələri mövcuddur və onların nə zaman ərazini tərk edəcəyi 10 noyabr bəyanatında dəqiq göstərilməyib. Bu birləşmələr isə oranı tərk etmək istəyənə qətiyyən oxşamırlar.

Özü də bu vəziyyətin təkcə həmin ərazidə deyil, Qubadlının Ermənistanla sərhəd ərazisi istiqamətində də müşahidə edildiyinə dair məlumatlar yayılır. Ümumiyyətlə, çətin dağlıq relyefi olan Azərbaycan-Ermənistan sərhədinin bir çox istiqamətlərdə tam müəyyənləşmədiyi bildirilir. Belə ki, bəzi məlumatlara görə, ermənilər hələ bir çox sərhəd nöqtələrini tərk etməyiblər.

Cəmiyyəti maraqlandıran əsas suallardan biri də Rusiya sülhməramlı kontingentinin əraziyə daxil olduğu gündən bəri sərgilədiyi davranışlarla bağlıdır. Kontingentin rəhbəri Rüstəm Muradov və onun müavinləri bəzən Rusiya generalından daha çox qondarma rejimin “müdafiə nazirliyinin” rəhbəri və əməkdaşları təəssüratı bağışlayırlar.

Sanki bölgəyə Azərbaycan, Ermənistan və Rusiya razılaşması deyil, Araik Aratunyanın şəxsi dəvətilə gəliblər. Əgər belə olmasaydı, onu tez-tez qondarma rejimin “hökuməti”nin toplantılarında yuxarı başda görməzdik. Özü də bütün bu görüş və təmaslar qondarma “DQR”-in “bayrağı”nın müşayiətilə keçirilir və Rusiya generalları bu əski parçasının fonunda şəkil çəkdirməkdən qətiyyən narahat görünmürlər.

Bu məsələnin siyasi tərəfləri bir yana, özünə hörmət qoyan zabit biabırcasına məğlub olan və alçalan, bir “qara qəpiklik” dəyəri olmayan qondarma qurumun əski parçasının altında şəkil çəkdirməyi öz ləyaqətinə sığışdırmaz...

Bununla yanaşı, Rusiya prezidenti Azərbaycanın tərkib hissəsi olan və suveren sərhədləri daxilindəki ərazilərdə tarixi, dini abidələrin qorunması, eləcə də hansısa humanitar addımların atılması və s. ilə bağlı öz dövləti adından rəsmi fərmanlar, sərəncamlar, qərarlar verir. Təbii ki, bu da cavabı açıq qalan suallar yaradır.

Elə Vladimir Putinin köməkçisi Dmitri Peskovun rus dilinin Qarabağda “dövlət dili” elan olunmasına yaxşı baxdığına dair son açıqlaması da heç də xoş məramlardan xəbər vermir.

Qeyd edək ki, qondarma rejimin “parlamentində” belə bir məsələnin qaldırılmasına dair məlumatlar yayılıb və bununla bağlı suala cavb verən Peskov həmin ərazidə rus dilinin “ikinci dövlət dili” olmasına yaxşı baxdığını və belə bir addımın atılmasına yardım etməyə hazır olduqlarını deyib. Yaxşı, buna nə ad vermək olar?

Birincisi, bu, dolayısı ilə işğal altında qalan ərazilərimizdəki qondarma rejimin və onun qərarlarının tanınması təəssüratı yaradır.

İkincisi isə bu mənzərə Rusiya sülhməramlılarının Cənubi Osetiya və Abxaziyadakı “macəralarını” xatırladır. Belə ki, həmin regionlarda da əvvəlcə rus dili önə çəkildi, daha sonra isə orada yaşayanlara Rusiya vətəndaşlığı verilməyə başlandı.

Çox istərdik ki, eyni ssenarini Qarabağda da müşahidə etməyək və yaxın gələcəkdə oradakı ermənilərə Rusiya vətəndaşlığının verilməsi prosesini izləməyək. Bunun nə demək olduğunu və hansı nəticələr doğura biləcəyini xüsusi şərh etməyə yəqin ki, ehtiyac yoxdur...

Yeri gəlmişkən, Türkiyə hərbi qüvvələrinin Azərbaycana gəlişinin yubanmasına dair mövcud mənzərə də sual doğuran məqamlar sırasına aid edilə bilər.

Rusiyanın qısa müddətdə bölgəyə daxil olaraq yerləşdiyi halda, Türkiyə Silahlı Qüvvələrinə aid kontingentin konkret olaraq nə zaman və hansı nöqtələrə yerləşəcəyinə dair hələ də aydın təsəvvürn olmaması cəmiyyəti narahat edir....

Daha bir narahatlıq yaradan məqam yol, kommunikasiya xətləri, nəqliyyatın hərəkətidir. Belə ki, Azərbaycan öz suveren ərazilərində işğaldan azad edilən rayonlara yol çəkmək üçün asan, nisbətən düzənlik istiqamətləri kənara qoyaraq, çətin dağlıq relyefə malik yerlərlə yol çəkmək məcburiyyətində qalmış kimi görünür. Bu, istər Şuşa, istərsə də Kəlbəcər-Laçın istiqamətinə aiddir.

Məsələn, nədən elə həmin Rusiya sülhməramlıları Ağdərə ərazisindən keçən Kəlbəcər yolunun tərəfimizdən istismarına şərait yaratmamalıdır?

Yaxud, olsun Xocalı aeroportundan istifadə məsələsi. Rusiya mətbuatı xəbər verir ki, aeroport yaxın günlərdə Rusiya Hərbi Kosmik Qüvvələrinin ixtiyarına veriləcək və onlar humanitar məqsədlə uçuşlar həyata keçirəcəklər. Bu məsələdə də çoxlu açıq qalan suallar var və ən azından bununla bağlı belə tez-tələsik qərar verilməsinin hansı ehtiyacdan irəli gəldiyi, aeroportun əslində nəyə və kimə xidmət edəcəyi qeyri-müəyyən olaraq qalır.

Ümumiyyətlə, Qarabağdakı sülhməramlıların davranışları sanki Rusiyanın məlum bölgədə nə Azərbaycanın, nə də Ermənistanın nəzarətində olmayan idarəçilik qurmaq istəyinə dair təsəvvür yaradır. Bu arada Rusiya sülhməramlıları missiyalarının acı təcrübəsinə yeni səhifələr də yazılmaqdadır.

Moldovanın yeni seçilmiş prezidentiMaya Sandunun separatçı Dnestryanıdan Rusiya qoşunlarının çəkilməli olduğuna dair bəyanat verən kimi, hər zaman rəsmi Moskvanın qabağa verərək, “hürdürdüyü” Vladimir Jirinovski ortalığa atılaraq, rəsmi Kişinyova hədə-qorxu gəlməyə başladı. Ardınca isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıq mətnlə Rusiyanın Moldovadan çıxmaq fikrində olmadığına işarə vurdu.

Bütün bunlar kifayət qədər ciddi siqnallar hesab edilməli və Azərbaycanın apardığı siyasi-diplomatik fəaliyyətdə nəzərə alınmalıdır və yəqin ki, nəzərə alınır.

Bəli, biz həqiqətən işğal altında olmuş təxminən 15 min kvadrat kilometrlik ərazinin 12 minə yaxın hissəsini azad etmişik. Bu, böyük uğur və qələbədir. Ancaq güclü dövlət və cəmiyyət həm də odur ki, ona çox baha başa gələn qələbənin əlindən alınması cəhdlərini dərhal, yerindəcə aradan qaldırsın.

Deyək ki, dövlətimiz hansısa planlardan irəli gələrək, cəmiyyətimizə hələ məlum olmayan səbəblərdən bir qədər təmkin göstərməkdə haqlıdır. Lakin bu, o demək deyil ki, cəmiyyət susqunluq göstərməli, baş verənlərə biganə qalmalı, arxayınlaşmalı, “oldu bitdi” düşüncəsilə yaşamalıdır.

Ən azından istər Ermənistan, istərsə də Rusiya dövləti və cəmiyyəti görməlidir ki, biz bir xalq olaraq qanımız, canımız bahasına işğalçıdan sökə-sökə qoparıb geri aldığımız ərazilərimizin, bərpa etdiyimiz suverenliyimizin heç kimin əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik.

Ordunun, dövlətin vəzifəsi o torpaqları azad etməkdirsə, cəmiyyətimizin və ictimai-siyasi qurumlarımızın da borcu bütün bu prosesi nəzarətdə saxlamaqdır. Unutmayaq ki, bu torpaqların azad olunması üçün yalnız Vətən Müharibəsində bu vətənin 3000-ə yaxın QƏHRƏMAN OĞLU ŞƏHİD olub. Qarabağda son 30 ilədə ŞƏHİD və QAZİ olanların sayı isə bir neçə on mindir.

Ona görə də gözlərimizi və qulaqlarımızı dörd açmalıyıq.

Bütün yuxarıda qeyd etdiyimiz müəmmalı və qaranlıq məqamlara gəlincə, cəmiyyətimizdə bu barədə müzakirələr açılanda çoxları özü-özünə ürək-dirək verərək, “bizim bilmədiyimiz şeylər var” deyir - təki elə olsun.

Ümid edək ki, yuxarıda qoyulan sualların hansısa məntiqi cavabı var və bu cavblar Azərbaycanın ziyanına deyil.

Cəlal Məmmədov