Səudiyyə Ərəbistanı-İran qarşıdurmasının 4 ŞİFRƏSİ: MÜHARİBƏ QAPIDA

Səudiyyə Ərəbistanında baş verənlərdə 4 hadisə diqqət çəkdi. Birinci: Livanın baş naziri Saad əl-Haririnin “təhdid edilirəm” deyərək istefa verməsi və Ər-Riyada sığınması. İkinci: əl-Haririnin istefa verdiyi gün Yəməndə İranın dəstəklədiyi husilərin Ər-Riyada uzaq mənzilli raketlə hücumu. Üçüncü: Səudiyyədə korrupsiya əməliyyatının başlanması. Dördüncü: Trampın “Səudi Aramco” neft şirkətinin hissələrinin Nyu-York birjasında satın almaq üçün hərəkətə keçməsi.
Muxalifət.az 
xəbər verir ki, türkiyəli siyasi yazar Taha Dağlı baş verənləri şərh edib.
BİRİNCİ: əl-Haririnin atası Refik Hariri Livanın keçmiş baş naziri olub. 2005-ci ildə Beyrutda sui-qəsd nəticəsində öldürüldü. Haririyə sui-qəsd edən İsrail, yoxsa İran-Hizbullah-Suriya üçlüyü idimi? Bu, sual cavabsız qalıb. Sonda günah Suriyanın üzərinə qaldı və Suriya Livandakı hərbçilərini ölkədən çıxartdı. Saad əl-Hariri BMT araşdırmasının nəticələrinə istinadən 2011-ci ildə “Atamı Hizbullah öldürdü” deyərək, Livanın baş nazir postundan istefa etmişdi. Bu gün yenə “atam kimi məni də öldürəcəklər, təhdid altındayam” deyərək istefa verdi.
İstefadan bir həftə öncə İranın dini lideri Xameneinin xüsusi nümayəndəsi Əli Vilayəti Beyrutda Saad əl-Hariri ilə görüşdüyü və ona “sənin də sonun atan kimi olacaq” dediyi iddia edilir. Səudiyyə Ərəbistanı İranın Hizbullah üzərindən əl-Haririyə təhdidini Tehrana qarşı “kozır” olaraq istifadə edir. Hariri ailəsi əvvəldən Səudiyyəyə yaxın olub və daim Hizbulahla münaqişə yaşayıb.
İKİNCİ: Yəməndəki husilər Səudiyyə Ərəbistanı ilə 2,5 ildir müharibə aparır. Husilərin Ər-Riyada atdığı uzaq mənzilli raket İran istehsalıdır. Səudiyyə husilərin raketi İranın təlimatı ilə atdığını iddia edir.
ÜÇÜNCÜ: Səudiyyə Ərəbistanında saray müharibəsi gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi birinci vəliəhd Məhəmməd bin Səlmanın bütün rəqiblərinin sıradan çıxarılması deməkdir. Yeni kral bin Səlman olacaq. Onun atasının ölümündən sonra deyil, sağlamlıq problemlərinə görə taxtdan enməsi ilə kral olacağı gözlənilir.
DÖRDÜNCÜ: “Saudi Aramco” Səudiyyənin milli neft şirkətidir. Tramp bu şirkətin Nyu-York birjasındakı səhmlərini ələ keçirməyi planlaşdırır. Ehtimal olunur ki, Ər-Riyadın təcili pula ehtiyacı var, şahzadələrin həbs olunaraq, mülklərinin əlindən alınmasının səbəbi də budur. 
Kim qazanacaq?: Bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək.
Böhranı idarə edən kimdir?: Səudiyyədə baş verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə də ABŞ-la birgə hərəkət edir. BƏƏ-nin vəliəhd bin Salmanın üzərində böyük təsirə malik olduğu deyilir. Bin Salmanın məhz BƏƏ tərəfindən taxta çıxarılmağa hazırlandığı haqda informasiyalar var idi. Şahzadələrə qarşı son əməliyyat da bu prosesin sonuncu mərhələsi hesab olunur.
Müharibə olacaqmı?: Səudiyyə Ərəbistanı və İran müharibəyə doğru gedir. Yəməndə döyüş uzun zamandır aparılır. İndi Livanda İran-Səudiyyə döyüşü başlaya bilər./publika.az/