Sudan öz ərazisində Rusiya hərbi bazası qurulması qərarını dəyişdi - "Biz ölkəmizə ziyan vuran sazişləri imzalaya bilmərik”

Baxış sayı:
2347

Sudanın hakimiyyət orqanları ölkənin Qırmızı dəniz sahilində Rusiyanın hərbi dəniz bazasının yaradılmasına dair qərara yenidən baxıldığını bildirib.

Bu barədə bəyanatı Sudan baş qərargahının rəisi Məhəmməd Usman əl-Hüseyn verib.

TASS xəbər agentliyinin məlumatına görə o deyib ki, “biz Sudana ziyan vuran sazişləri imzalaya bilmərik”.

Baş qərargah rəisinin sözlərinə görə, bu müqavilə ölkənin əvvəlki hökuməti tərəfindən imzalanıb və bu zaman sənəd beynəlxalq normaların tələb etdiyi kimi parlament tərəfindən ratifikasiya olunmayıb.

Əl-Hüseyn bildirib ki, Rusiya ilə razılaşma, bu, Sudanın xeyrinə olduğu halda davam etdirilə bilər.

Baş qərargah rəisi əlavə edib ki, Sudan Birləşmiş Ştatlarla hərbi əməkdaşlığa açıqdır.

Xəbər Kremlə çatıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kremldə Sudandan gələn xəbərlə tanışdırlar və məsələni araşdırmağı düşünürlər.

Rusiyanın Sudanın Qırmızı dəniz sahilində hərbi dəniz donanmasının təchizat məntəqəsini açmağa hazırlaşdığı barədə xəbərlər ötən ilin noyabrında yayılmışdı.

Bu layihə hələ ölkənin keçmiş prezidenti və diktatoru Omar əl-Bəşirlə müzakirə olunmuşdu.

Lakin Bəşir 2019-cu ildə devrildi.

Keçmiş prezident Rusiya bazasının açılmasından məqsədin “Sudanın ABŞ-ın aqressiv hərəkətlərindən müdafiəsi” olduğunu deyirdi.

Buna baxmayaraq müqavilə ötən dekabrda artıq yeni hökumətlə imzalanmışdı.

Yenə də “Putinin aşpazı”

Bu sənədə əsasən Xartum Port-Sudan limanının bir hissəsini və ona bitişik akvatoriyanı təmənnasız olaraq Rusiyanın istifadəsinə verməlidir.

Bu məntəqəyə nüvə qurğulu gəmilər də daxil eyni zamanda dörd gəmi yan ala bilir.

Bazadakı maksimum hərbçi sayı 300 nəfərdir.

Rusiya bunun əvəzində Sudana silah və hərbi texnika verməlidir. Müqavilə 25 il müddətinə imzalanıb.

Aprel ayında ərəb telekanalları Sudan sahilində baza tikintisinin dayandırıldığını xəbər verirdilər.

Sudan eyni zamanda bəyan etmişdi ki, Rusiya hərbi gəmilərinin hər hansı yeni qrupunun gətirilməsini bloklayır.

O vaxt Rusiyanın Sudandakı səfirliyindən bu məlumatların həqiqətə uyğun olmadığını demişdilər.

2020-ci ilin sonlarında Mixail Xodorkovskinin Dosye mərkəzinin təhqiqatçıları və Britaniyanın The Guardian qəzeti xəbər verirdilər ki, Sudanın devrilmiş prezidenti əl-Bəşərə rusiyalı oliqarx Yevgeni Priqojinə bağlı olan siyasi texnoloqlar xidmət göstərirlər.

“Putinin aşpazı” ləqəbi ilə tanınan Priqojinin həm də Vagner özəl hərbi şirkətininin sahibi olduğuna inanılır./azadliq.orq