SƏRT KARANTİN REJİMİ QAYIDIR? - Yoluxma sayı gündəlik 5000 nəfəri keçərsə, səhiyyə sistemi çökə bilər

Baxış sayı:
1153

Azərbaycanda koronavirus pandemiyasının artım sürəti ciddi narahatlıq yaradır. Son bir həftədə yoluxanların sayı 2 dəfə artaraq, gündəlik 4 min nəfəri ötüb. Mütəxəssislər qeyd edirlər ki, əgər gündəlik test sayı arırılarsa, yoluxma sayının da bir neçə dəfə artıq olduğu üzə çıxa bilər. Yəni ki, hazırda real yoluxma sayı rəsmi statistikada göstərilən rəqəmləri xeyli üstələyir.

Əslində, bu proses təkcə Azərbaycana aid deyil və COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün xarakterikdir. Və bu səbəbdən ayrı-ayrı ölkələr xəstəliyin qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Baxmayaraq ki, artıq az qala bir il müddətində tətbiq olunan qadağalar bütünlükdə dünya iqtisadiyyatını çökdürmək üzrədir, əksər ölkələr hələlik başqa çıxış yolu görmürlər. Hökumətlər bütün iqtisadi itkilərə rəğmən, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atmaq məcburiyyətində qalıblar.

Xüsusilə Avropa ölkələri qadağaları getdikcə daha çox sərtləşdirirlər. Qeyd edək ki, hazırda bütün dünya üzrə yoluxmaların 44 faizi məhz bu qitənin payına düşür. Bir tərəfdən payız-qış mövsümünün səbəb olduğu yoluxma sayındakı artım böyük narahatlıq yaradırsa, digər tərəfdən də qarşıdan gələn yeni il şənlikləri bu narahatlığı daha da çoxaldır. Nəzərə alsaq ki, Azərbaycanda da yeni il bayramı kifayət qədər kütləvi şəkildə qeyd olunur, bu zaman Avropadakı narahatlığın ölkəmiz üçün də keçərli olduğu qənaəti yaranar.

 

 

Heç kimə sirr edyil ki, Azərbaycandakı epidemioloji vəziyyətə ciddi təsir edən amillərdən biri də Vətən Müharibəsidir. Sevinclə kədərin eyni anda yaşansdığı bu dönəmdə bir tərəfdə qələbə göstəriləri, qazilərimizin qarşılanması və s. varsa, digər tərəfdə də şəhidlərimizin dəfn mərasimləri var. Bütün bunlar insanlarımızın kütləvi toplanmasını və yoluxmanım artmasını şərtləndirən amilləri daha da gücləndirir.

Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın və dinc sakinlərimizin yas mərasimlərinə qatılanların çoxluğu, eləcə də torpaqların işğaldan azad olunmasının bayram kimi kütləvi şəkildə qeyd edilməsi, bununla bağlı yürüşlərin keçirilməsi COVİD-19-un yayılması dinamikasını daha da artırdı. Və təəssüf ki, bu dinamikanın azalacağını şərtləndirən heç bir əlamət müşahidə olunmur.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, pandemiya şəraitində məlum silahlı münaqişə səhiyyə sisteminə əlavə təzyiq yaradıb: "Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-ün Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".

ÜST onu da vurğulayıb ki, aylardan bəri infeksiyanın yayılmasını dayandırmaq üçün atılan addımlara rəğmən koronavirusun yayılması ləngimək əvəzinə daha da sürətlənib.

Bu qeyd edilənlərə onu da əlavə etmək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar.

Bütün bu reallıqları topladıqda, bugünkü 4 min rəqəminin səbəbləri aydın göründüyü kimi, bundan sonra baş verəcəklərin də ürəkaçan olmayacağı qənaəti yaranır.

Təəssüf ki, son vaxtlar ölkəmizdə tətbiq olunan həftəsonu qadağalar da hələlik ciddi müsbət effekt vermir. Yoluxma sayı nəinki azalır, yaxud stabilləşir, əksinə, yeni antirekordlara imza atılır. Və bu mənzərə təkcə Azərbaycanda deyil, əksər dünya, xüsusilə də Avropa ölkələrində müşahidə olunmaqdadır.

Qonşu ölkələrdən Gürcüstan, İran, Türkiyə və Rusiyada da virusa yoluxma hallarında artım tendensiyası müşahidə olunur. ÜST rəhbəri isə dünyanın bir sıra ölkələrində karantin rejiminin şərtlərinin yumşaldılmasının koronavirus pandemiyasının yeni "partlayış"larına səbəb olduğunu bildirib: "İnanın mənə, ən pis durum hələ irəlidədir. Faciələrin qarşısını almalıyıq. Bu virusun nə olduğunu çox adam hələ də anlamır".

Baharın sonunda dünya mediası xəbər verirdi ki, bir vaxtlar koronavirusa yoluxma sayına görə qlobal sıralamada 2-ci yeri tutan Cənubi Koreya bəlanın öhdəsindən gəlib, ölkədə virusun yayılmasının qarşısı praktiki olaraq alınıb. İyunun əvvəllərində Yeni Zelandiyanın baş naziri analoji bəyanatla çıxış etmişdi. Almaniya və İsveçin rəhbərləri də eyni sözləri demişdilər. Amma indi həmin ölkələrdə koronavirusa yoluxanların statistikasında sürətli, həndəsi artım müşahidə olunur.

Hələ Vətən müharibəsindən və yoluxma sayında kəskin artımdan əvvəl Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev mətbuata açıqlamasında təəssüflə bildirmişdi ki, hələ də virusun yeni dalğasının Azərbaycanda yaradacağı təhlükəni dərk etməyən vətəndaşlarla yanaşı, həkimlərimiz, hətta elm adamlarımız var:“Məyusedici haldır ki, bizdə bir müddət məsələ tam bitmiş kimi davranıldı. Hətta televiziya kanallarında həkimlər dövləti ittiham etməyə başladı ki, bu virus daha bitdi, rayonlara yollar tam açılmalıdır, insanlar dənizə getməlidir, ikinci dalğa daha olmayacaq və s. Bunu görən xalqda da təbii olaraq məsələlərə qeyri-ciddilik və deyilənləri önəmsəməmək yarandı.”

Doğrudan da, bu gün yaşanan durum böyük ölçüdə vaxtından əvvəl arxayınçılığın yaranması və qaydalara əməl edilməməsindən bəhrələnir. Mövcud tendensiya və mütəxəssislərin rəyi onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması təbii ki, gündəlik ölüm hallarının da çoxalması deməkdir. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçünsə gündəlik yoluxma hallarının sayının azalması vacibdir.

Vəziyyətin təhlili göstərir ki, son iki həftədə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti azalmazsa, bu gedişlə aktiv xəstələrin sayı 90000 nəfərə çatacaq. Bu isə səhiyyəmizin imkanlarını aşır və vəziyyət dəyişməzsə, bu gedişat ümumilikdə səhiyyə sisteminin çöküşü ilə nəticələnə bilər. Bunun nə demək olduğunu anlamaq üçün isə elə də uzaq keçmişə aid olmayan İtaliyada baş verən hadisələri xatırlamaq kifayətdir.

Təəssüf ki, bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər yalnız sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb. Lakin bu məhdudiyyətlərin iqtisadi, insalara sosial-psxoloji təsirləri də hər kəsə məlumdur. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Lakin yoluxma sayındakı artım dinamikası göstərir ki, bu gedişlə Azərbaycan da daxil olmaqla, əksər ölkələr yenidən sərt karantin rejiminə qayıda bilər. Ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının daha da artacağı təqdirdə başqa çıxış yolu qalacaqmı?

Hamı bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə sistemi və digər bu kimi heç birimizin arzulamadığı və artıq bizlərə qorxulu yuxu kimi görünən tədbirlələ nəticələnəcək.

Bəs, çıxış yolu nədir? Əgər bu qadağaların yenidən qayıtmasını istəmiriksə, vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına şərait yaratmalı, daha məsuliyyətli olmalı, həmrəylik, birlik, yeri gələndə fədakarlıq göstərməlidir.

Biz məhz bu müsbət keyfiyyətlər sayəsində Vətən Müharibəsini qələbə ilə başa vurduq, düşmənin başını əzdik. Pandemiya da öz təhlükəsinə və məkrliliyinə görə müharibədəki məlum düşməndən geri qalmır. Deməli, ən azından yeni vaksinlərin kütləvi tətbiqinə qədər bu düşməni də birlik, həmrəylik və məsuliyyətli davranmaqla məğlub edə bilərik.

C.Məmmədov