SƏHİYYƏ DEMƏYİN, «SƏHİYYƏ KOSKASI» – Bu sferada xilafi-həkimlər meydan sulayırlar!

Baxış sayı:
10891

Naziri Şirəliyev olan həkim də «aşbazlıq edər»

Hələ 2006-cı ilin əvvəllərində, Oqtay Şirəliyevin səhiyyə naziri təzəcə təyin olunduğu günlərdə ona olan hücumların qarşılığında, mən «Olaylar» qəzetində yazdım ki, gəlin gözləyək, görək bu adam yeni postda özünü necə göstərəcək? Bir sıra həmkarlarım onu bu posta uyğun gəlməyən şəxs kimi xarakterizə edirdilər. Həm də yazar həmkarlarımın bir çoxu Şirəliyevi «Respublika diaqnostika mərkəzi»ni viran qoymaqa günahlandırırdı…

Sonradan, hörmətli nazir özü bu ittihamı təsdiqləmiş oldu. Belə ki, Cənubi Qafqazın ən iri diaqnostika mərkəzinin fəaliyyətini «qeyri-qənaətbəxş» elan edərək, obyekti özəlləşdirməyə çıxartdı, sonrası da hamıya məlumdur…

Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyev rəhbərlik etdiyi sahənin fəaliyyətinə, ümumiyyətlə, biganə birisidir və bu postda təsadüfi adamdır…

İndi hər şey göz qabağındadır – Oqtay Şİrəliyev kimi bir mövqesiz, nazir postunda təsadüfi persona kimi özünü təsdiqləmiş şəxsin fəaliyyətsizliyi (və ya məqsədli-yarıtmaz fəaliyyəti!) üzündən Azərbaycanın dövlət səhiyyə sistemi dərindən-dərin bir quyuya gömülüb, desəm, yanılmaram! Bu adam Əli İnsanovdan qalan sistemin lap «iliyini vurdu». Bilmirəm, Şirəliyevin nazir postuna namizədliyini kim irəli sürüb, amma əminlikdə söyləyirəm ki, müəyyən mülahizələrdən dolayı, onun seçimini «kompüter seçimi» adlandırmaq olar – bu şəxs onun üçün yaradılmış münbit şəraitdən bəhrələnib də Azərbaycan səhiyyəsinə DİVAN TUTDU!

Məhz onun birbaşa və dolayı fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının səhiyə sistemi repressiv bir alətə çevrilib və ölkə əhalisinin ömrünü BALTALAYIR! Sözlərimin məsuliyyətini dərk edirəm və dediklərimi təsdiqləmək istiqamətində minlərlə arqument irəli sürə bilərəm. Hesab edirəm ki, bu mənada özümün başıma gələnlərdən söhbət açsam, daha obyektiv və ədalətli olaram…

2013-cü ildə «şəkərli diabet» xəstəsi olduğum üzə çıxdı. 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) endokrinolloq-həkimi Bağırova Elmira məni diabet xəstəsi kimi qeydiyyata aldı və mənə qanda şəkərin miqdarını müəyyən edən aparat da verəcəyini vəd etdi, amma… əmması hamıya aydındır – bunun müqabilində məndn 50 manat istədi. Mən, 40 manat uzatdım, «həkim» isə 50 manatdan düşmədi – məcbur olub 50 manat verdim! Üstündan 6 il ötməsinə baxmayaraq, aparat gəlib çıxmır ki, çıxmır…

Məlum olduğu kimi, Azərbaycanda şəkərli diabet xəstələrinə müəyyən dərmanlar dövlət hesabına verilir. «Endokrin həkim» mənə iki dərmanla «müalicə» yazdı - «Diaeton» və «Siofor». Bağırova dərmanıma aylıq resept yazır – başqa sözlə, hər ay dərmanların ardınca onun hüzuruna getməliyəm və hər dəfə də o, ən müxtəlif bəhanələrlə məndən pul istəyir (umur). Əvvəllər bir neçə dəfə vermişəm, sonra fikirəşdim ki, bu xəstəlik sağalası deyil, mən də hər ay dərmanlarımın (reseptin) dalınca «həkim»in yanına gəlməliyəm və pul verməliyəm? Qərara gəldim ki, verməyim – həm də axı pulum yoxdur ki, ona verim…

Bir dəfə məni «UZİ»-yə və «Rentgen»ə göndərdi. Getdim və birinciyə 20 manat, ikinciyə isə 5 manat ödəməli oldum. Ondan sonra qərara gəldim ki, mümkün olan qədərində heç bu «həkim»in yanına getməyim – onsuz da mənim (və digər xəstələrin) sağlamlıq durumum onu hər şeydən az maraqlandırır…

Bir müddət getmədim – dərmanları da qəbul etmədim. Gördüm ki, səhhətim sürətlə pisləşir, məcbur qalıb, getdim… və «müsibət»lərim də bundan sonra başladı – gəldiyimə peşiman oldum! Bir dəfə dedi ki, həkimə nə verəcəksən? Dedim yoxumdur, qayıtdı ki, onda qələmim yazmayacaq axı… Pul vermədiyimi görüb, məni rentgenə yollamaq istədi – imtina etdim…

Sonuncu dəfə oktyabrın 24-də getdim yanına, əlüstü «rentgen»ə göndərişi mənə uzatdı. Yenə imtina etdim, o zaman «mən də sənə resept yazmıram» dedi. Yazmadı, məcbur olub, baş həkimin qəbuluna getdim, şikayətimi söylədim. Baş, həkim də «ərizə yaz» dedi. Söylədi ki, onun öhdəsindən gələ bilmir… və telefonla «endokrin» xilafi-həkimi yanına çağırdı. Təbii ki, uzaq dağ kəndlərinin xeyir-şər aşbazını xatırladan bu xanım hər şeyi təkzib etdi…

Qısası, xilafi-həkim məni o həddə çatdırdı ki, təzyiqim 250-yə sıçradı – gözlərin tutuldu, yıxılarkən sol əlimə söykəndim… və sol əlimin çeçələ barmağını sındırdım! Elə həmin mərtəbədə yerləşən nevropotoloq həkimin otağına süründüm, təzyiqimi ölçməyi xahiş etdim. Sağ olsunlar, həkim və tibb bacısı təzyiqimi ölçdülər - 250/110. Nevropotoloq qonşu kardioloqdan iki tabletka alıb gətirdi – içdim. Sonra həkim mənə izah etdi ki, belə davam edərsə, sənin beyninə qan sızar…

İşin belə «kötü» hala gəldiyini görən «xeyir-şər aşpazı» yarım saatdan sonra reseptimi yazıb verdi, amma «tamaşa» bununla da bitmədi – getdim Qaraçuxurdakı poliklinkaya ki, dərmanlarımı alım. Bu dəfə də dərmanımın biri («Siofor») aptekdə olmadı. Artıq ardıcıl olaraq 3 aydır ki, bu dərman aptekdə olmur, mən də onu qəbul etmirəm. Bu da olur YAP hökumətinin pulsuz tibbi xidməti…

Bütün bunları nə üçün yazıram, onsuz da heç şikayətimi eyninə alan da olmayacaq. Tarix üçün yazıram, yahu – tarix üçün! Qoy, gələcək nəsil oxuyub, bilsin ki, YAP hökuməti ölkə səhiyyəsini necə viran qoyub, həkimləri necə «xeyir-şər aşpazı»na çevirib, ölkə əhalisinin ağzına necə cilov verib…

Bir atalar məsəlində deyilir: «Rəhbəri Gülüm olanın, başına külüm olar!». İndi mən də fikirləşdim ki, naziri Şirəliyev olan həkim də «aşbazlıq edər» – «uğur olsun, aşbalar!» – dilənin-dolanın, Şirəliyevi yedirdib-içirdin. Haydı, bakalım!

AzPolitika.info