Savadsız həkimlərin yalandan reklam olunması ağır fəsadlara səbəb olur - EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
5477

Bir neçə gün öncə Gürcüstanda Həkimlik Fəaliyyətinin İdarə Olunması üzrə Dövlət Agentliyi 6 həkimin fəaliyyətindəki qüsurlar səbəbindən lisenziyasının ömürlük ləğv edildiyi və həkimlik fəaliyyətlərinə son qoyulduğu barədə məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, həkimlik fəaliyyətinə qadağa qoyulmasına səbəb onların səhlənkarlığı nəticəsində xəstə ölümlərinin baş verməsidir.

Azərbaycanda analoji cəzadan niyə istifadə edilmir? Ölümə səbəb olan həkim hətta şərti cəza müddətində belə həkimlik fəaliyyətini necə davam etdirir?

Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda həkimlərə fəaliyyət göstərmələri üçün 5-10 illik lisenziya verilir:

"Həmin lisenziyanın müddəti bitdikdən sonra onun bu illər ərzindəki fəaliyyəti yoxlanılır. Həmçinin onun nə qədər əməliyyat etməsi, hansı prosedurları icra etməsi, haqqındakı rəy, nə qədər konfranslarda iştirak etməsi və s. nəzərə alınmaqla yenidən lisenziya verilir.

Düzdür, hazırda ölkəmizdə yalandan reklam edilmək, dələduzluq və s. hallar çoxdur. Bəziləri bu sahədəki qanun boşluğunda sui-istifadə edirlər. Bütün bu hallara nəzarət edilməsi üçün sistem olmalıdır. Biz beynəlxalq praktikaya, qanunlara uyğunlaşmalıyıq ki, sivil nəzarət həyata keçirilə bilsin. Qərbin standartlarını qəbul etməsək, bizdə bu sahədə heç bir ədalətdən söz gedə bilməz. Birinci növbədə İcbari Tibbi Sığorta olmalıdır və həkimlərin peşəkar fəaliyyəti üçün şərait yaradılmalıdır. Yoxsa şou verilişində bəzi həkimləri efirə çıxardılıb, "dünyanın bir nömrəli həkimi" kimi reklam edirlər. Burada hansı ədalət ola bilər? Onlar efirlərə özünü reklam etmək, korporativ maraq üçün çıxır. Həkim fəaliyyətinin izlənməsi məsələsi bu maraqların altında olmalıdır. Əgər korporativ maraq, təmənna hər şeyi üstələyirsə, mizan pozulur".