“Əsas məsələ günəmuzd işləyən insanlara yardım etməkdir” – Vahid Əhmədov

Baxış sayı:
3763

Prezident İlham Əliyev aprelin 6-da Sumqayıtda tibbi maska istehsal edəcək müəssənin açılışında koronavirus pandemiyasının vurduğu ziyanın aradan qaldırılmasından da bəhs edib. Dövlət başçısı bununla bağlı əlavə pul ayrılmasını da istisna etməyib.

"İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2.5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun", - Prezident qeyd etmişdi.

Dövlət başçısı daha sonra da bunları əlavə edib: "... Tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2.5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub".

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması üçün 1 milyard 343 milyon 600 min manat vəsait ayrılıb. O xatırladıb ki, bunun 1 milyard manatı Prezidentin sərəncamı ilə dövlət büdcəsindən ayrılıb. İqtisadçının sözlərinə görə, qalan 343 milyon 600 min manat isə müxtəlif beynəlxalq layihə və Sahibkarlığa Yadım Fondunun payına düşür.

R.Həsənov vurğulayıb ki, dövlət başçısının açıqlamasına görə, bu məsələlərə əlavə olaraq 1 milyard 200 milyon manatdan çox vəsait lazımdır: "Ola bilər ki, növbəti işçi qruplar tədbirlər planlarını açıqlarkən bu məqsədlə əlavə vəsaitlər ayrılacaq. Hələlik, bu vəsaitin mənbəyi, ayrılması barədə konkret rəsmi məlumat yoxdur".

Ekspertə görə, əgər bu vəsait ayrılarsa, indiki şərtlər daxilində, əsasən, iki istiqamətə sərf olunmalıdır: "Birinci istiqamət əhalinin sosial təminatının gücləndirilməsidir. Xüsusilə karantin şəraitində hərəkəti məhdudlaşdırılmış günəmuzd işləyənlər. Həm də, ayrılan vəsait indiyə kimi bu dövlət dəstəyindən kənarda qalan insanların ailə maliyyə təminatının gücləndirilməsinə kifayət etməlidir".

Onun fikrincə, bu, ailələrin ərzaq və dərman ehtiyacları ilə bağlı zəruri tələbatlarının ödənilməsinə də yönəldilə bilər. R. Həsənov hesab edir ki, daha bir istiqamət isə ən azı karantin dövründə kirayə və kommunal xidmətlər üzrə öhdəliklərin müəyyən bir qisminin və ya hamısının kompensasiya olunması ola bilər. Ekspertə görə, sahibkarlara dəstək daha da gücləndirilməli və mikro sahibkarlıq subyektlərinə fərq qoyulmamalıdır: "Odur ki, təxminən 1 milyard 200 milyon manat əlavə vəsaitin danışılan istiqamətlərə sərf olunması məqsədəuyğundur".

Deputat Vahid Əhmədov azadlıq.org-a bildirib ki, qeyd olunan məsələlər üzrə pandemiyanın təsirlərini aradan qaldıra bilmək üçün ilkin mərhələdə 2.5 milyard vəsait yetərlidir. O vurğulayıb ki, koronavirus pandemiyasının nə qədər davam edəcəyi hələ bəlli deyil və bununla bağlı hər hansı ciddi proqnoz verilmir: "Burada əsas məsələ vəsaitin ehtiyacı olan insanlara verilməsidir. Xirda, orta sahibkarları ziyana düşmələri ilə bağlı başa düşürəm. Amma bu sahibkarlara kredit güzəştləri və s. nəzərdə tutulur. Fikrimcə, əsas məsələ günəmuzd işləyən insanlardır ki, hazırda işləmirlər. Onlara yardım etmək lazımdır. Bu gün də bu məsələ ilə bağlı mənə xeyli telefon zəngləri olub. Odur ki, ilkin olaraq həmin kateqoriyanın problemini həll etmək lazımdır. Yəqin ki, rayon icra hakimiyyətləri siyahıları müəyyən edərlər".

Deputat sonra da əlavə edib: "Mən belə hesab edirəm ki, ilkin olaraq ehtiyacı olan insanlar həmin vəsaiti almalıdırlar. Daha sonra müqavilə əsasında çalışan muzdlu işçilər ki var, əksəriyyəti hazırda işləmirlər, onlar nəzərə alınmalıdır".