SAATLIDA TORPAQ MAXİNASİYASI - Bir kəndin torpağını satdılar, qonşu kəndin sahəsini 2 yerə böldülər... / Video

Baxış sayı:
5062

Saatlı rayonu, Mollavaizli kənd sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə müvafiq orqanlara müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərec edirik:

“Yazaraq nəzərinizə çatdırırıq ki, bizim şikayətə heç bir qurum baxmaq istəmir.

Belə ki, biz kənd sakinləri 127 ailəyə məxsus olan 28 hektar pay torpağından istifadə edə bilmirik.
Bunun səbəbi isə odur ki, dövlət məmurları qonşu kəndin pay torpağını imkanlı bir şəxsə satıblar. Həmin kənd sakinlərinin pay torpaqları satıldığı üçün, bizə məxsus olan pay torpağını hər iki kəndin sahəsi kimi göstərirlər. Deyirlər, torpaq üst-üstə düşüb. Yəni bir sahəni iki kəndə verib, iki kəndi üz-üzə qoyurlar.

Bu barədə Mollavaizli kənd sakinləri ilə Şirvan Şəhər İnzibati İqtisad Məhkəməsində iddia qaldırmışıq ki, bizim dövlət aktı ilə verilmiş torpağın yeri göstərilsin. Bizim işimizə baxan hakim Fehruz Abbasov dəfələrlə qətnamə çıxarsa da, bizim torpağımızın yerinin göstərilməsi barədə daşınmaz əmlakın işçiləri məhkəmənin çıxardığı qətnaməni icra etmir. "Daşınmaz Əmlak"ın qərarı icra etməməsinin səbəbi budur ki, bizdə olan məlumata görə, torpağın saxta sənədlə satılmasında vasitəçi olan Daşınmaz Əmlak Komitəsində yüksək vəzifədə işləyən Əliqulu Cabbarov adlı məmur bizim torpağımızın yerinin göstərilməsinə maneçilik törədir. O, istəyir ki, problem həllini tapmasın və işin üstü açılmasın.

Bu barədə cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanıma və bütün dövlət qurumlarına Mollavaizli kənd sakinlərinin imzası ilə rəsmi müraciət etsək də, heç bir müsbət nəticəsi yoxdur.

Yazıb sizdən xahiş edirik, bizim problemimizi işıqlandırın, bütün dövlət qurumları görsün ki, Saatlı rayon Mollavaizli kənd sakinləri öz pay torpaqlarından istifadə edə bilmirlər".

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.