“Rusiya pilotsuz aparatlara qarşı Ermənistana silah göndərdi...” - “KRASUXA-4” ARTIQ GÜMRÜ BAZASINDADIR

Baxış sayı:
11929

Dağlıq Qarabağdakı münaqişə rusları Ermənistaan pilotsuz uçan aparatlara qarşı silah göndərməyə məcbur edib. Bu haqda Honkonqun “Asia Times” nəşri yazır.

Qəzet qeyd edir ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiya öz müttəfiqini, eyni zamanda oradakı hərbi obyektlərini Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və İsrail istehsalı olan dronlarından qorumağa çalışır.

“Rusiya hərbi mənbələri və KİV-ləri xəbər verirlər ki, artıq Ermənistan ərazisinə çoxfunksiyalı mobil radioelektron mübarizə vasitələri olan “Krasuxa-4” kompleksləri çatdırılıb. Bu, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan ən müasir və ən mükəmməl radioelektron mübarizə qurğusudur”,-qəzet bildirir.

Xatırladılır ki, Rusiya bundan əvvəl “Krasuxa-4” komplekslərini Suriyadakı Hmeymim aviabazasında yerləşdirib və həmin vaxtdan bəri yaraqlıların pilotsuz aparatlarının hücumlarını dəf edir. 2018-ci ildə isə kompleks ABŞ-ın “Tomoqavk” qanadlı raketlərinə qarşı tətbiq edilmişdi.

“Əgər bu həqiqətdirsə, hansı ki, hələlik heç kim bunu inkar etmir, o zaman “Krasuxa-4” kompleksləri artıq Ermənistandakı 102-ci bazada olmalıdır”,-Honkonq nəşri yazır.

“Krasuxa-4” kompleksləri əvvəlcə hərbi bazaların və mühüm sənaye obyektlərinin ərazilərini rəqibin kosmik və aviasiya kəşfiyyatından qorumaq üçün işlənib hazırlanmışdı. Lakin sonradan ruslar bu qurğunun dronlara qarşı da effektiv olduğunu gördülər. “Krasuxa-4” PUA-ların idarəetməsinə nəzarəti ələ almır. O, GPS siqnallarını pozur və PUA baza ilə əlaqəni itirib qəzaya uğrayır./virtualaz.org