RUSİYA İLƏ UKRAYNA ARASINDA "ƏSƏB SAVAŞI" - Kreml Ukraynaya hərbi müdaxiləyə bəhanə əldə etmək istəyir

Baxış sayı:
370

Rusiyanın Ukrayna sərhədləri yaxınlığına cəbbəxana yığması ötən həftə də davam etdi. Buna paralel olaraq, Rusiyanın yüksək rütbəli rəsmiləri və dövlət mediasının vəziyyəti daha da alovlandıran ritorikası bütün dünyanın müharibə qayğılarını daha da artırıb.

Xatırladaq ki, mart ayının ikinci yarısında Krımda Rusiya Müdafiə Nazirliyinin Hava-desant Qüvvələrinin genişmiqyaslı komanda və qərargah təlimləri keçirildi. Təlimdə 2000 hərbçi, 500 hərbi və xüsusi texnika, 7 İl-76md hərbi təyyarəsi, həmçinin hücum-ordu aviasiyasının təyyarələri, helikopterləri iştirak etdi. Təlimlərdə BMD-2K-AU desant-döyüş maşınları, xüsusi tank taborunun T-72B3 tankları, 120 mm 2S9 “Nona-S” özüyeriyən topçu silahları, hava hücum və topçu alaylarının 122 mm D-30 haubitsaları, tüfəng, snayper silahları, eləcə də qumbaraatanlar istifadə olundu.

Qeyd edək ki, bu cür təlimlər vaxtaşırı keçirilirdi və təlim heyəti daimi dislokasiya yerlərinə qayıdırdı. Bu dəfə isə, iki həftə əvvəl təlimlərin bitməsinə baxmayaraq, hərbi hissələr öz yerlərinə qayıtmadılar. Bunun əvəzində, əlavə hərbi kontingent sərhədyanı bölgələrə cəmləşməkdədir. Sibirdən, Orta və Qərb hərbi bölgələrindəki birləşmələrin də aprel ayının ortalarına qədər Ukrayna sərhədlərinə gəlməli olduqları barədə məlumatlar yayılır. Rusiyanın digər bölgələrindən də ordunun sərhədyanı ərazilərə yollanması mümkündür. Yəni vəziyyət çətindir və heç bir şəkildə təlimlərə uyğun gəlmir.

Nəzərə alsaq ki, Ukrayna sərhədlərinə çox sayda “Uraqan” tipli raket sistemləri, “BM-21” qrad qurğuları, eləcə də çox sayda hərbi qüvvə cəlb olunur, Moskvanın Donbasdakı qarşıdurmanın yenidən başlaması versiyasına kənardan baxacağı yox, birbaşa müdaxilə edəcəyi daha inandırıcıdır.

Bayden administrasiyasına güc nümayişi kimi görünən Rusiyanın hədələmə ritualı bəlkə də daha böyük bir faktora çevrildi. “Conflict İntelligence Team” təhqiqat qrupunun analizinə görə, sosial mediada yerləşdirilən videolarda Rusiya-Ukrayna sərhədində Sibirdən gəlmiş hərbi maşın konvoylarının olduğu görünür. Qoşunlar Rusiyanın Voronej şəhərinin cənubunda, Ukrayna sərhəddindən təxminən 155 mil məsafədə – Luqansk yaxınlığında toplaşırlar. Yəni hücum görüntüsü az ehtimal olunsun, amma əsəbləri tarıma çəkə bilsin. Cənub və qərb hərbi dairələrin hərbi kontingentinin sərhədlərə toplanmasının verdiyi görüntü vəziyyətin Rusiyanın son zamanlar keçirdiyi təlimlərdən fərqli olduğuna dəlalət edir, çünki bu, açıq-aşkar hücum duruşudur. Voronej Rusiya hökumətinin nəzarətində olan Donetsk və Luqanskla yox, Ukrayna ilə həmsərhəddir. Hərbi qüvvələrin burada cəmləşməsi Rusiya rəsmilərinin artan “qılınc səsləri” ilə müşayiət olundu. Cümə axşamı, Kremlin yüksək rütbəli məmuru Dmitri Kozak xəbərdarlıq etdi ki, münaqişənin ciddi eskalasiyası “Ukraynanın sonunun başlanğıcı” ola bilər. Eyni zamanda, Rusiya Kiyevin Donbasda ruslara qarşı etnik təmizləmə etməyə hazırlaşdığı görüntüsünü yatarmaqla, Ukraynanı “təcavüzkar” kimi qələmə vermək və müdaxiləyə bəhanə əldə etmək istəyir.

Ötən həftənin sonu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 1995-ci ilin iyul ayında Serbiyanın 8000-dən çox Bosniya müsəlmanına soyqırım etməsindən bəhs edərək, “Srebrenitsaya bənzər insanlıq fəlakəti” baş verəcəyi təqdirdə Rusiyanın müdaxilə etmək məcburiyyətində qalacağını dedi.

Ağ Evin mətbuat katibi Cen Psaki isə bildirdi ki, ABŞ bölgədəki Rusiya təcavüzlərindən getdikcə daha çox narahat olur. Dövlət katibi Antony Blinken isə alman həmkarı Heiko Maas ilə söhbətində Ukraynanın “tək tərəfli Rusiya təxribatına” qarşı durmasının vacibliyini vurğuladı.

Bu arada, CNN telekanalı da ABŞ-ın dəstək məqsədilə Qara dənizə hərbi gəmilər göndərməyi düşündüyünü bildirdi. Amma maraqlıdır ki, bu gəmilər həqiqətən Ukraynaya kömək üçün, ya Kiyevə dəstək bəhanəsi ilə ABŞ hərbi donanmasının olmadığı yeganə dəniz olan Qara dənizə soxulmaq məqsədi daşıyır?

Uzun müddətdir davam edən qarşıdurmanı müşahidə edənlər tammiqyaslı işğalın mümkün olmadığını söyləyirlər. Baş verənlərin səbəbi tam aydın olmasa da, mütəxəssislər buna Rusiya, Ukrayna və ABŞ-dakı daxili faktorların səbəb olduğunu göstərirlər.

Rusiya prezidenti Vladimir Putinin reytinqi tarixin ən dib səviyyəsinə enməkdə davam edir. Kreml pandemiya ilə mübarizə aparır, yanvar ayında Navalnının həbsindən sonra ölkədə başlayan etirazlardan sonra onun səhhəti pisləşdi.

Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı getdikcə daha sərt mövqe sərgiləyərək, Putinin müttəfiqi Viktor Medvedçuka sanksiya tətbiq etdi, oliqarxın nəzarətindəki üç televiziya kanalını onun reytinqini aşağı salmaq yönündə təbliğat apardığı üçün bağladı və müharibəni bitirmək üçün mübarizə apardı.

Moskva güman edə bilər ki, Zelenskini Donbasda qəti addım atmağa vadar edə biləcək və bu da Rusiyanın cavab addımına haqq qazandıracaq – 2008-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Cənubi Osetiya bölgəsi uğrunda müharibəyə girdiyi zaman Gürcüstanda olduğu kimi.

Xatırladaq ki, Vaşinqtonda yeni rəhbərlik olsa da, prezident Co Bayden Ukrayna və münaqişələr ilə hələ prezident Barak Obamanın administrasiyasındakı vaxtdan tanışdır.

ABŞ ordusunun quru qoşunları üzrə sabiq komandanı Ben Hoces “Gürcüstan Radiosu”na verdiyi müsahibədə bildirdi ki, “Almaniya və Fransanın zəifliyi, qəti mövqe qoymaması  Rusiyanın təcavüzünə səbəb oldu: “Tarixdən də bilirik ki, məhz zəif mövqe  Rusiya təcavüzünə səbəb olur. Moskvanın hansı niyyətdə olduğu hələ ki, tam aydın deyil. Fakt odur ki, ilin əvvəlindən bəri atəşkəs rejimində ruslar 20-dən çox Ukrayna əsgərini öldürüb. Həmçinin bu da aydındır ki, quru, aviasiya və donanma qoşunları da daxil olmaqla 30 mindən çox rus hərbi qulluqçusu Krımı qanunsuz olaraq işğal etməkdə davam edirlər. Onlar 2014-cü ildən bəri Krımdadırlar. İndi isə yarımadaya daha çox hərbi personal gəldi və minlərlə rus əsgəri Ukrayna sərhədləri yaxınlığında yerləşdirilib”.

Onun sözlərinə görə, Rusiya bütün bunları Ukrayna hökumətini qorxutmaq və Qərbə meydan oxumaq üçün edir: “Bu, Kremlin Avropa Birliyi, Ukrayna və ya ABŞ-ın suverenliyinə hörmət etmədiyini nümayiş etdirir. Bu, bir növ sınaqdır. Məncə, Almaniya və Fransanın Kremlə qarşı ortaya kəskin mövqe qoymaması Rusiyanı təcavüzə şirnikləndirdi. Rusiyanın Ukraynaya təcavüzü, əlbətdə ki, Gürcüstan üçün təhlükə yaradır, çünki Kreml Qərbin Moskvanın ədalət mühakiməsinə çıxarılması üçün heç bir şey etməyəcəyini görsə, məntiqi olaraq Gürcüstan və bütövlükdə Cənubi Qafqazdakı təsirlərini genişləndirə bilər… Yəni təhlükəsiz mühit istəyiriksə, Kremllə üz-üzə gəlməliyik. Bu bölgənin maraqlarımız üçün strateji əhəmiyyətli olduğunu nümayiş etdirməliyik”.

Yeri gəlmişkən, ATƏT dövlətləri də Ukrayna sərhədinə qoşun yeritməsinə görə Rusiyanı qınadılar və aşkar narahatlıqlarını ifadə etdilər. Gürcüstan, Polşa, Latviya, Litva və Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdilər. Ukrayna KİV-lərinin verdiyi xəbərə görə, Ukrayna Rusiyadan hərəkətlərini izah etməsi məqsədilə görüş istəyib, amma Moskva iştirakdan imtina edib.

İngiltərə isə Rusiya ordusunun hərəkətləri ilə bağlı “daha çox şəffaflıq” tələb etdi və Moskvanın iclasda iştirak etməmək qərarından narahat olduğunu ifadə etdi. Ardınca Kanada da Rusiyadan hərbi aktivliyi nə vaxt bitirməyi planlaşdırdığını, qoşunların daimi dislokasiya yerinə nə vaxt qaytarılacağı barədə sual ünvanladı. Almaniya və Fransa da “qonşudan qalma dala” prinsipinə uyaraq Rusiyanın hərbi aktivlik barədə verdiyi cavabı çox qısa və ümumi sözlərlə tənqid etdilər. İsveçrə Ukraynaya görüş təşəbbüsünə görə təşəkkür etdi və “hadisələrin gedişini yaxından izlədiyini” bildirdi.

“Deutsche Welle”nin xəbər verdiyinə görə, Avropa Parlamentindəki mühafizəkar Avropa Xalq Partiyası (EPP) fraksiyasının rəhbəri Manfred Veber təklif edib ki, Moskva təhlükəli təxribat kursunu davam etdirərsə, Rusiyaya qarşı rus oliqarxların hesablarının dondurulması və bu ölkəni beynəlxalq SWIFT ödəmə sistemindən ayırmaq kimi sanksiyalar tətbiq olunmalıdır. O həmçinin bəyan edib ki, “Putin öz hərəkətlərinin ona nə bahasına başa gələcəyini bilməlidir”. Avropa Parlamentinin üzvü və Litvanın keçmiş Müdafiə Naziri Rasa Yuknyaviçenė NATO-nun Buxarest sammitindəki səhvini düzəltməyə və Gürcüstan ilə Ukraynanı ittifaqa qəbul etməyə çağırdı. Bu barədə o, öz Twitterin səhifəsində paylaşım edib. O, əlavə edib ki, Putinin qarşısı alına bilər: “NATO-nun 2008-ci ildə Buxarestdəki bəzi üzvlərinin Ukrayna və Gürcüstana üzvlük haqqı verməyə razı olmadığı sammitin səhvini düzəltmək lazımdır. Fəaliyyətə keçməyin zamanı gəldi, çünki Putin təhlükəsizlik sistemindəki boşluqdan qonşularını və bütün demokratik ölkələri terror etmək üçün istifadə edir”.

Bəs, bütün bu çağırışlar Rusiyanı öz çirkin niyyətindən geri döndərə biləcəkmi? Yaxud Kremlin Ukrayna məsələsində gerçək niyyəti nədir? Bu və digər suallara yazımızın davamında daha ətraflı aydınlıq gətirəcəyik.

Ülviyyə ŞÜKÜROVA