Ərdoğanın partiyasının 18 yaşı tamam oldu - Bakıdan iki fərqli baxış

Baxış sayı:
211

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd ediləcək. Təsis olunduğu ildən bir il sonra hakimiyyətə gələn AKP iqtidarının son 17 ildə Türkiyədə gördüyü işlər və hazırkı durumuna Bakıdan qiymətləndirmə  necədir? 
Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, 18 ildə  ardıcıl bütün seçkilərdə  qalib gəlmək  fenomenal  göstəricidir: “AKP təkcə Türkiyə deyil, region, dünya siyasətinə yeni üfüq, yanaşma, yol gətirdi. AK Partiya Türkiyəni yenidən böyük dövlətə çevirdi. Türkiyə ortabab kənd təsərrüfatlı Şərqi Avropa ölkəsindən Avropa və regionun aparıcı, güclü lider dövlətinə çevrildi. ”Teksun" marqarin yağı istehsal edən ölkədən tank, qırıcı istehsal edən dövlət oldu. Türkiyə ABŞ, Avropa Birliyi, Rusiya, Çin kimi dünya liderlərinin bərabərhüquqlu tərəf müqabilinə çevrildi.
İndi Vaşinqton, Brüssel, Moskva, Pekin kimi dünya paytaxtları ilə yanaşı Ankaranın da adı çəkilir. Çox yox, 10 il bundan əvvəl belə bir yanaşma, mənzərə mümkün idimi? AK Partiyanın dövründə geridə qalmış Anadoluya böyük investisayalar, vəsaitlər yatırıldı. AKP göstərdi ki, Türkiyə təkcə İstanbul-Ankara-İzmirdən ibarət deyil. AK Partiya yeganə siyasi qüvvədir ki, kürdlər yaşayan bölgədə PKK-nın səslərini parçaladı".

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “AK Partiyanın gələcəyi Türkiyənin gələcəyidir”
Bəs indiki durum necədir? Ekspert: “Bir partiyanın eniş dövrünün başlaması üçün gərək bu siyasi qüvvə ölkə boyu hansısa seçkiləri uduzsun. Bu baş vermədiyi üçün hansısa enişdən danışmaq olmaz. İş olan yerdə səhvlərin də olması təbiidir. Əsas işin olması, davam etməsidir. Seçkilər dövründə yalnız bir dəfə AK Partiya 50+% səsi götürməmişdi. O da Davudoğlunun baş nazir olan vaxtında oldu. Həmin dövrdə xarici siyasətdə də Türkiyə Rusiya ilə ciddi böhrana girdi. Ərdoğan işlərə müdaxilə edəndən sonra vəziyyət düzəldi. Həm parlament qazanıldı, həm də Rusiya ilə münasibətlər düzəldi. Bunları çıxmaq şərti ilə AK Partiya bütün seçkilərdə ona lazım olan baryeri aşır, istədiyi kimi tək hakimiyyət olaraq ölkəni düzgün istiqamətdə idarə edir. AK Partiyanın gələcəyi Türkiyənin gələcəyidir”.

Elşən Mustafayev ile ilgili görsel sonucu

Elşən Mustafayev: “AKP dönəmi bitmək üzrədir”
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev AKP iqtidarının fəaliyyətinə tənqidi yanaşır: “AKP hakimiyyətə Türkiyə siyasətində gərginliyin hökm sürdüyü, iqtidarların tez-tez dəyişdiyi, bunun isə ölkənin siyasi və iqtisadi həyatına mənfi təsirləri olan vaxtı gəlib. Hesab edirəm ki, həmin dövr türk xalqının ən doğru seçimi olmuşdu. Əhəmiyyətlisi isə o oldu ki, AKP iqtidara koalisiyasız, tək gəldi. Bu isə uzun illər idi ki, Türkiyədə mümkünsüz idi. Hakimiyyətlərinin ilk illərində ölkənin bütün sahələrində sabitlik yaradıb inkişafa doğru hərəkət başlasa da, bununla paralel AKP Türkiyədəki oturuşmuş siyasi sistemi dəyişməklə bağlı ilk vaxtlar gizli, sonralar isə açıq fəaliyyətə başladılar. AKP iqtidarının ilk 10 illik fəaliyyəti ilə son 8 illik fəaliyyətləri arasında kəskin fərqlər var. TC-nin qurucusu Mustafa Kamal Atatürkə qarşı açıq hücumların başlaması da bu partiyanın iqtidarı dövrünə düşür.
Türkiyədə hər zaman toxunulmaz sayılan, Cümhuriyyətin qarantı hesab olunan ordunun zəiflədilməsi, müxtəlif saxta ittihamlarla generalların, yüksək cinli zabitlərin həbsi ən böyük səhvlərdən biri idi. Ordunun nüfuzunun böyük olduğu zamanlarda heç bir partiya layiq oldu-olmadı hakimiyyətdən ikiəlli yapışmırdı, ölkədə korrupsiya, siyasi partiyalar arasında gərgin münasibətlər indiki həddə deyildi. Bu gün isə məlum siyasət siyasi tərəflər arasında düşmənçilik həddindədir. Təsəvvür edin ki, daxili işlər naziri yerlərə yazılı əmr göndərir ki, müxalifət nümayəndələri şəhid cənazələrinə buraxılmasın. Hansı ki, 18 il öncə bunu təsəvvür etmək belə mümkün deyildi. Ən əsası isə bu dövr ərzində Türkiyənin böyük dövlətlərlə aralarında olan problemlər daha da artıb. Əvəzində Rusiya ilə şübhəli iqtisadi və hərbi əməkdaşlıqlar inkişaf edib. NATO üzvü olan bir dövlətin onu hər zaman çökdürmək, ərazisini parçalamaq istəyən bir dövlətlə əlaqələrinin gələcəkdə problemlər yaradacağı ehtimalları böyükdür. Amma Türkiyəyə qarşı hansısa təhlükə törətməyən, eyni zamanda onlarla dostluqdan dövlətin xeyrinə hər zaman yararlanması mümkün olan ABŞ və İsraillə əlaqələrin pisləşməsi də yanlış siyasətin nəticəsi kimi dəyərləndirilə bilər.
AK Partiyanın eniş dövrü hakimiyyətlərinin ilk 5 illiyindən başladı. Həmin vaxt bu proses zəif gedirdisə, sonradan daha sürətlə davam etdi. Hazırda partiya kollektiv fikir adamlarının birliyindən çıxıb bir nəfərin partiyasına çevrilib. Türkiyədə isə belə hallar qəbul olunmur. Ölkə konstitusiyasının dəyişdirilib parlamentli üsuldan prezident üsuluna keçilməsi də inananlar arasında sonradan ciddi narazılıq yaratdı. Son bələdiyyə seçkilərində Türkiyədə böyük şəhərlərin əksəriyyətinin bələdiyyə başçılarının müxalifətdən seçilməsi AKP-yə etimadsızlığın nəticəsi idi. AKP-nin vaxtilə qurucularından olmuş, hakimiyyətdə yüksək vəzifə tutmuş siyasilərin bir hissəsi partiyadan çıxaraq müxalifət partiyalarına üz tutublar. Bir hissəsi isə yeni partiyanın yarandığını elan ediblər. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə AKP dönəmi bitmək üzrə ola bilər. Türkiyə Cümhuriyyəti Atatürk dönəmindən sonra heç zaman bir partiyanın taleyindən asılı olmayıb. Hesab edirəm ki, yenə də elə olacaq . Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Cümhuriyyət yaşayacaq, bunun qarantı isə hər zamankı kimi türk xalqıdır”.