Ərdoğanın Bakı səfəri ölkəmizə nə vəd edir?

Elxan Mehdiyev: “Ərdoğanın Azərbaycan üçün hansısa xeyirə vəsilə olacağı ağlabatan deyil”
Ərəstun Oruclu: “İstənilən halda bu səfərin Azərbaycan üçün müsbət təsiri olacaq”
Fevralın 18-də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri reallaşacaq. Səfər əsnasında hansı məsələlərin müzakirə ediləcəyi hələlik bəlli olmasa da, Türkiyə-Rusiya qarşıdurmasının davam etdiyi bir zamanda reallaşacaq bu səfərin həm Azərbaycan, həm də Türkiyənin maraqları baxımından mühüm nəticələr verə biləcəyi istisna edilmir.
Məlumat üçün qeyd edək ki, Rusiyaya məxsus təyyarənin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra başlayan Türkiyə-Rusiya gərginliyi ilə bağlı Azərbaycanın ortaya qoyduğu mövqe də siyasilər tərəfindən birmənalı qarşılanmır. Belə ki, bəzi politoloqların fikrincə, Rusiyanın son dərəcə aqressivləşdiyi və bütün dünyaya meydan oxuduğu bir vaxtda Türkiyəyə dəstəyin mütəmadi surətdə dilə gətirilməsi, rus ordusunu Azərbaycana dəvət etmək deməkdir ki, bu da ölkəmizin milli maraqlarına ziddir.
Maraqlıdır, Ərdoğanın Bakı səfərinin arxasında hansı məqsədlər dayanır? Bu səfərin Azərbaycan üçün mühüm nəticələri ola bilərmi? Rusiya-Türkiyə gərginliyinin davam etdiyi bir zamanda Azərbaycanın Türkiyəyə verdiyi açıq və ardıcıl dəstək həqiqətənmi rus ordusu üçün qızılı dəvətnamə sayıla bilər?
Bununla bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Ərdoğanın Bakı səfərindən ciddi mənada bir fayda əldə ediləcəyinə inanmadığını vurğuladı: “Ərdoğanın Bakı səfərinin önəm və əhəhmiyyətini anlamaq, bu səfərin hansı nəticələrə səbəb olacağını bilmək üçün öncə onun səfər proqramı ilə tanış olmaq lazımdır. Bunu bilmədən konkret nə isə demək çətindir. Hesab edirəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafı və genişləndirilməsini nəzərədə tutan, habelə enerji nəqli ilə bağlı məsələləri əhatə edəcək.
Ərdoğan Azərbaycanla qardaş münasibətləri saxlayan zaman ölkəmiz, onun maraqları baxımından heç nə etmədi. Indiki məqamda onun Azərbaycan üçün hansısa xeyirə vəsilə olacağı ağlabatan deyil. Bunun mümkün tərəfi də görünmür”.
E.Mehdiyevin sözlərinə görə, Azərbaycan tərəfinin Türkiyə ilə həmrəylik sərgiləməsinin ölkəmiz üçün riskli olduğu və Rusiyanı ölkəmizə qarşı təhrik edə biləcəyi fikrini əsaslı hesab edir: “Türkiyəyə dəstəyin bu şəkildə ortaya qoyulmasının məntiq etibari ilə Rusiyanı Azərbaycana dəvət etmək anlamına gəldiyi qənaətini bölüşürəm. Ona görə ki, Rusiya buradadır, Türkiyə isə kənardadır. Yəni Rusiya bu gün də istənilən məsələyə təsir göstərmək iqtidarındadır. Türkiyə isə kənar müşahidəçi olaraq qalır”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, istənilən halda bu səfərin Azərbaycanın maraqları baxımından faydalı olacağı şübhəsizdir: “Hesab edirəm ki, bu səfərin hansı nəticələrə səbəb olacağını müəyyənləşdirmək üçün səfərin proqramına baxmaq lazımdır. Öyrənmək lazımdır ki, səfər əsnasında hansı məsələlər müzakirə olunacaq. Hər halda, Türkiyə Azərbaycan üçün çox önəmli bir ölkə, dost bir dövlətdir. İstənilən halda bu səfərin Azərbaycan üçün müsbət təsiri olacaq. Ancaq konkret məsələlərə toxunmaq üçün səfərin proqramı və format haqqında məlumatlı olmaq lazımdır. Bu gün Azərbaycan iqtisadiyyatının ağır günlər yaşadığını nəzərə alsaq, aydın olar ki, ölkəmizə investisiya qoyacaq, onunla ticari-iqtisadi əlaqələri genişləndirəcək partnyorlar lazımdır. Türkiyə məhz həmin potensial partnyorlardan biridir. Bu istiqamətdə atılacaq addımların Azərbaycan üçün müsbət nəticələr doğuracağı şübhəsizdir. Iş adamlarının, maliyyə dairələrinə məxsus şəxslərin səfərdə iştirak edib-etməyəcəyi də bu baxımdan çox önəmlidir”.
Ə.Oruclunun sözlərinə görə, bu gün ölkəmizin regionda təkləndiyini nəzərə alsaq, Türkiyə ilə əməkdaşlığın Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyi aydın olar: “Bu gün regionda bir gərginlik var və Azərbaycan təklənmiş durumdadır. Bu baxımdan Trükiyə ilə əməkdaşlıq bizim üçün önəmlidir. Lakin Türkiyə NATO üzvüdür və bu mənada onun müəyyən məhdudiyyətləri var”.
Politoloq Türkiyəyə dəstəyin Azərnbaycanın təhlükəsizliyi baxımından təhdid yaratması kimi fikirlərlə razılaşmadığını da vurğuladı: “Mən hesab etmirəm ki, Azərbaycanın Türkiyəyə dəstəyini ifadə etməsi, onun yanında yer aldığını bəyan etməsi, Rusiyanı ölkəmizə dəvət etməkdir və bu kimi açıqlamalardan çəkinmək lazımdır. Mən Türkiyə və Rusiya arasındakı gərginlik fonunda Azərbaycanın birmənalı şəkildə Türkiyənin yanında yer almasını alqışlayıram. Hesab edirəm ki, Azərbaycanın bu məsələdə başqa seçimi yoxdur”.
“Hürriyyət”