QIRMIZI QAR – 6 yaşlı Anarın xatirələri və Xocalı soyqırımı haqda heç vaxt yazılmayan dəhşətlər...

Baxış sayı:
6047

Bayırda qar yağır. Güclü saxta və çovğun var, yollar buz bağlayıb. Çöldən uğultu səsi gəlir. Sanki, bu səs isti otaqda oturub pəncərədən boylanan, “jele”li saçına qar yağmasına təəssüflənən, bu gün 5-10 manat qazanıb ailəsinə çörək ala bildiyinə sevinən, dayanacaqda avtobus gözləyən, heç nə olmasın deyə övladlarının əlindən tutub asta addımlarla məktəbdən gətirən, kabinetdə oturub pul sayan, küçənın tinində sevgilisini gözləyən, özünə 50-60 manat maya qoyub gözəllik salonundan çıxan, taksidə oturub müştəri gözləyən insanlara nəyisə xatırlamağa çalışır...
Bayırda qar yağır...
Anar adında Xocalıdan olan bir dostum var. Onunla yaxınlarımın biri tələbə olan vaxt tanış olmuşam. O da ev axtarırdı, mən də, yaxın qohuma. Tanış olduq, bir yerdə ev tapdıq, dostlaşdıq, qardaşlaşdıq.
Anar ailəsi ilə birgə uzun müddət erməni əsirliyində qalmışdı. Yaxın qohumumun yanına gedəndə həmsöhbət olurduq. O, Xocalının işqalından, qırğınlardan o qədər dəhşətli faktlar danışmışdı ki, onları indinin özündə də unuda bilmirəm.
Mənim üçün ən dəhşətlisi o idi ki, Anar qarlı, çovğunlu havalarda nə universitetə gedir, nə danışır, nə gülür, nə də hansısa başqa iş görə bilirdi. Dediyinə görə, belə havalarda çöldən gələn uğultu səsi ona məhz 1992-ci ilin fevralın 25-i gecəsini xatırladırdı...
Onda Anarın 6 yaşı varmış. Körpə bacısı isə 5 aylıq imiş. Həmin gecə Xocalı sakinləri ermənilərə əsir düşməmək üçün özlərini Kəltik meçəsinə veriblər. Bundan xəbərdar olan ermənilər isə onları mühasirəyə alıb, hissə-hissə əsir götürür və ya dəhşətli şəkildə qətlə yetirirmişlər. Anar deyir ki, belə anların birində ermənilər onları götürməsinlər deyə anası dayanmadan ağlayan bacısını sinəsinə sıxıb və onun səsini kəsməyə çalışıb. Ancaq görəndə ki, uşağın səsini tam kəsə bilmir, əli ilə onun ağzını tutub. Körpə, beləcə, çabalayır, çabalayır və sonda nəfəsi kəsilir. Ancaq anası körpəni atmır və belinə bağlayır.
Anarın anası düz 3 gün Kətlik meşəsində qızının cəsədini kürəyində gəzdirir, amma atmır. Yorulub əldən düşəndə isə Anarın atası ona uşağı ağaçların birinin dibində basdırmağı təklif edir. Amma o, razılaşmır.
Dördüncü gün Ağdama çatmağa bir neçə kilometr qalmış ermənilər onu əsir götürürlər. Onları tövlələrin birinə doldururlar. Aclığa, susüzluğa, yorğunluğa baxmayaraq, Anarın anası körpəsini belindən açmır. Əsirliyin ilk gecəsi isə o, körpəsinin ölmədiyini öyrənir. Balaca qızcığazın nəfəsi kəsilib, huşu itib, ancaq ölməyib. Anar deyir ki, bacısının ölməməsi əsirliyin həyəcan və dəhşətinə baxmayaraq, xocalıları çox sevindirib.  İndi Anarın bacısı böyüyüb, ailə qurub.
Hava çovğunlu olanda, qar yağarkən bayırda dəhşətli uğultu səsi gələndə ev isti olsa belə, Anar soyuqdan tir-tir əsirdi. Həmin gecə Xocaliya güclü qar yağıbmış, hər yer dizdən qarla örtülmüş, insanların Xocalıdan çıxmasına mane olan səbəblərdən biri də qar imiş. Anar deyir ki, Kətik meşəsində canlarını ermənilərdən qurtarmaq ücün o tərəf-bu tərəfə qaçanda atasından iki şey soruşub. Biri, atası əvvəllər ona deyirmiş ki, qar yalnız ağ ola bilər. Bəs onda Kətik meşəsində qarın rəngi niyə qırmızı olub? İkincisi, kişilər ağlamaz deyən atası al-qan içərisində olan, soyuqdan donmuş insanları görəndə niyə ağlayırmış?
Anar deyir ki, harda qızıldiş insan görürsə. yadına Xocalı düşür. Çünki həmin gün ermənilər əsir düşmüş xocalıların hamsının qızıl dişini kəlbətinlə çıxarıblar.
Harda böyürkən kolu görürsə, yadına meşədə kola ilişib qalan və sonradan üstlərinə benzin töküb yandırılan 70 yaşlı Mədinə nənə və onun əri Əzim düşür.
Harda qoca qarı görürsə, yadına gözləri önünə üc oğlunun başı kəsilən Sədaqət nənə və Əsgəranda başı payalara keçirilmiş 30-a yaxın azərbaycanlı düşür.     
Harda nişanlı qız görürsə, yadına Xocalıda nişanlısını öldürdüyünə görə üzünə tüpürdüyü erməninin maşınına qoyub hansı ünvana apardığı qız düşür.
Harda belinə körpə bağlamış ana görürsə, yadına anasının əsir düşməmək üçün boğub nəfəsini kəsdiyi bacısı düşür.
Harda ağlayan 5-6 yaşlı uşaq görürsə, yadına ailəsi ilə birgə əsirlikdən xilas olanda onların arxasınca baxıb ağlayan, sanki, “bəs məni və bacımı kim xilas edəcək?” sualı verən adını bilmədiyi öğlan düşür...
Ona elə gəlir ki, bu dünyanın ən dəhşətli meşəsi Kətik adının daşıyır və Xocalının bir neçə kilometirliyində yerləşir.
Ona elə gəlir ki, bu dünyanın ən vəhşi çayı Qarqar adını daşıyır və ən gur, ən qəzəbli axdığı vaxt 1992-ci ilin fevralın 25-i gecəsi olub...

O, çox şey görüb. Görüb ki, ermənilər cavan bir azərbaycanlının üstünə iti qışqırdıb və onu necə parçalamasına tamaşa edirlər.
Görüb ki, ermənilər azərbaycanlı oğlanı tutub, əvvəlcə, bu qolunu, sonra isə o birisini balta ilə kəsiblər. Sonra döş qəfəsini yarıb ürəyini çıxarıblar.
Cavan oğlanın ürəyi erməninin əlində olsa da, bədəni yerdə tərpənirmiş. Sonra əllərində böyük sellofan tutmuş iki erməni gəlib və cəsədi aparıb.
Əsirlikdə olanda Janna adlı erməni onları qorxutmaq üçün Azərbaycan dilində “Qarqar çayını ayaqlarımı islatmadan, meyitlərin üstü ilə keçmişəm. Qaçmağa cəhd etməyin, hamınızı güllələyərəm”, - deyirmiş.
Bir qadının  6 övladı ilə birgə Xocalıdakı evində qalıbmış. Uşaqlar balaca olduqları üçün ananın onları meşəyə qaçırtmağa ürəyi gəlməyib... Bir müddət sonra Anarı və ailəsini yüksəkrütbəli bir erməninin cəsədi ilə dəyişiblər. Əsirlikdən xilas olandan sonra onları Ağdama gətiriblər. Anar həmin gün qohumlarından, qonşulardan heç birini tanıya bilməyib.  Hamısı bir neçə günün içində qocalıb, saçları ağarıbmış.
Anar deyir, əgər Xocalıya qayıtsa, birinci Kətik meşəsinə gedəcək. Çünki 6 yaşında bir uşağı hələ də unuda bilmədiyi Xədicə adında qızı sonuncu dəfə anası ilə birgə Kətlik meşəsində, qovaq ağacının dibində, qarın içərisində uzanmış vəziyyətdə görüb...
Bayırda hələ də qar yağır...

Əlizadə NƏHMƏDAĞAOĞLU