“Qəbuledilməzdir, şəxsiyyəti alçalır” – Hacıdan sağ ikən məzar qazdıran məşhurlara

Baxış sayı:
7774

Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Sərxan Kərəmoğlu verilişlərin birində 19 il əvvəl özünə Gəncədə məzar qazdırdığını açıqlayıb: "Gəncədə sərdabə deyilən yer var, 3-ün 4-ə - bir otaq. Gir içində ayaqüstə gəz. Qardaşımla bərabər həmin yeri götürmüşük. Qapısını aç, pilləkənlə düş, Sərxanın cəsədini qoy. Sevmədiyim insanları məclisimdə görmək istəmirəm. Dirilib gələrəm. Mən ölmüşəm, sevinib, ehsanımı yeyirsiz?" Azərbaycanlı digər məşhurlar arasında da özünə sağ ikən məzar qazdıranlar var. Onlar arasında meyxanaçı Ağamirzə Məmmədov, müğənni Afət Fərmanqızı da var. Bəs görək İslamda sağ ikən məzar qazdırmaq düzgündürmü? Məsələ ilə bağlı İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan ilahiyyatçı bu sözləri deyib: “Ümumiyyətlə, məsələyə yanaşma ayrı cürdür. Kimə desən ki, insan öncədən özünə qəbir qazır, bu heç kim tərəfindən qəbul olunmur. Peyğəmbərin hədisi var, orada deyir ki, qəbirləri ziyarət edin, onlar sizin axirətinizi yada salır. Yəni, insan hər zaman ölümü, axirəti düşünməlidir. Təbii ki, bizim son dönüşümüz Allaha tərəfdir. Biz Allaha qovuşmalıyıq, axirət var. Bu bizim etiqadımızda da var. Qəbri qazmaq, onun yerini təyin etmək İslamda qəbahət, cinayət sayılmır. Şəxsən mən özüm illər öncə demişəm ki, məni atamın yanında dəfn edərsiniz. Bu bir vəsiyyətdir. Vəsiyyətin də olması hədislərdə qeyd olunur. Kim ki, hər səhər yerindən qalxıb, evdən çıxarkən vəsiyyət edərsə, Allah onun ömrünə bərəkət verər. Vəsiyyət etmək insanın ömrünü uzadar və ruzisini çoxaldar. Bu onu göstərir ki, insan ölümü, axirəti xatırlayır. Ölümü xatırlayan insanlar günah etmir, cinayət törətmir, öz səadətindən ötrü başqasını heç zaman bədbəxt etmir. Bu anlamda qəbrin öncədən qazdırılması həm əxlaqi, həm də dini baxımdan ziddiyət təşkil etmir”. Məşhurlarımız bəzən bununla gündəmə gəlirlər. Bir neçə il öncə meyxanaçı Ağamirzənin 5/5 verilişində qəbrini göstərməsi müzakirələrə səbəb olmuşdu. Bəziləri sağ ikən məzar qazdırmaqla gündəmə gəlməyi, bunu reklama çevirməyi günah sayır. S, Məmmədli də belə düşünür. O bununla gündəmə gəlməyin, reklam etməyin dini baxımdan yolverilməz olduğunu qeyd edib: “Bu gün müəyyən dini ayinlərin, ritualların icrası reklam xarakterli deyil. Yəni insan hər hansı bir əməlini, hərəkətini reklam edirsə, bu bəyənilmir. Məsələn, gəlib “Baxın, mən bu gecə filan qədər savab işlədim, mən filan namazı qıldım, bir yetimin əlindən tutdum” kimi sözlər deyirsə və bu reklam xarakteri daşıyırsa, bəyənilmir və onun savabını aparır. O ki, qaldı məsələnin ikinci tərəfinə, Quran buyurur ki, yaxşılığı təbliğ edin. Reklam üçün yox. Allaha xatir təbliğ edin. Əl tutmaq Əlidən qalıb deyirlər, yardım edən bunu paylaşsa, başqalarını da dəvət etsə, çox böyük effekt verər. Yaxşı əməlləri reklama görə deyil, məhz Allaha xatir etməyin Allah dərgahında xüsusi dəyəri var. Əgər reklam olunarsa, bu yolla gündəmə gələrsə, bu yolverilməzdir. Din bunu qəbul etmir və insanın da şəxsiyyəti alçalır”.