QARŞIMIZDAKILAR – Həsrət Rüstəmov Vahid Əhmədova hücumlar haqda yazır

Taleyran
Millət vəkili Vahid Əhmədovu nə vaxtsa müdafiə edəcəyimi ağlıma gətirməmişdim. Ona görə yox ki, Vahid müəllimi diqqətəlayiq, dəyərli hesab etmirəm. Qətiyyən yox, əksinə Vahid Əhmədova həm şəxsiyyət, həm də dövlət xadimi kimi həmişə çox böyük rəğbətim olub, bu gün də davam edir. Sadəcə düşünürdüm ki, vaxtında yüksək dövlət vəzifəsində olmasına rəğmən, böyür-başındakı əksəriyyətdən fərqli olaraq, Azərbaycanın dövlət müstəqilliyinin lehinə, keçmiş SSRİ-nin saxlanmasının isə əleyhinə səs verən, müstəqilliyimizin bütün təlatümlü dönəmlərində birmənalı, xalq arasında deyildiyi kimi, kişi kimi öz mövqeyi olan bir insanın, bu günkü parlamentdə çox az adama yaraşan dövlət xadimi tituluna tam uyğun gələn bir şəxsin müdafiəyə nə ehtiyacı ola bilər?
Son günlər informasiya vasitələrində Milli Məclisdə gedən müzakirələrdə V.Əhmədovun əleyhinə səslənən “odlu-alovlu” çıxışları görəndə yanıldığımı hiss etdim və bu yazını qələmə almaqdan özümü saxlaya bilmədim.
Vahid müəllimə həmkarları iki əsas ittiham irəli sürürlər: niyə Mehman Hüseynova müsahibə verib və niyə MM-ə keçirilən seçkilərdə saxtakarlıqlar olduğunu qeyd edib? Əvvəla kimə isə müsahibə vermək hər bir şəxsin, xüsusilə də deputatın müstəsna hüququdur. Siyasətçilər çox zaman xoşlamadıqları, hətta düşmən münasibətdə olduqları ölkələrin informasiya vasitələrinə müsahibə vermək məcburiyyətində qalırlar. 44 günlük müharibə zamanı prezident İ.Əliyevin müsahibə verdiyi mətbu nəşrlərinin arasında da belələri var idi. Bu yanlış məntiqlə mətbuatdan qaçmaq əlbəttə ki, doğru yanaşma deyil.
Bloger M.Hüseynovun Vahid müəllimlə etdiyi müsahibənin baxış sayı dünən üçün 400 mini keçmişdi. Bu gün od püskürən MM üzvlərinin görəsən yandaş mətbuatları nə qədər izlənilir?! Yəqin ki, maksiumum min-iki min. Şübhəsiz ki, bu təkcə blogerin deyil, Vahid Əhmədovun şəxsi nüfuzu və həm də o qədər də gözlənilməyən bir müsahibəyə olan marağın göstəricisidir. Amma məsələnin diqqət cəlb edən tərəfi başqadır, xalq nəyi çox izləyirsə, nəyi çox istəyirsə həqiqət oradadır. Demokratiya bunu tələb edir. Vahid müəllim demokrat olduğunu sübut edib.
Bununla yanaşı, azad internet əsrində standartlara uyğun olmayan, lap MM-də səsləndirilən ifadə ilə yanaşsaq səviyyəsi aşağı, media keyfiyyəti yüksək olmayan birinə müsahib olmaq da asan iş deyil, əminəm ki, əksər deputatların buna qabiliyyəti çatmaz. Deputat isə nəinki hər bir media nümayəndəsinə, həmçinin internet mediasına, o cümlədən bütün xalqa açıq olmalıdır. Məsələn, deputat piyada yol gedərkən və ya avtobusda olarkən adi bir vətəndaşın xoşagəlməz sualına tuş gəlsə nə etməlidir? Bu gün Vahid müəllimə qəzəblənənlərin məntiqinə əsaslansaq o vətəndaşı döyməlidirlər?
İkinci əsas məsələ isə, müsahibədə səslənən həqiqətin acı olması və parlamentimizin bir çox üzvlərini yandıran məsələ - parlament seçkilərinin yumşaq desək, ciddi ölçüdə saxtalaşdırılması məsələsidir. Amma paradoks da ondadır ki, bu məsələnin nə şərhə, nə də sübuta heç bir ehtiyacı yoxdur. Ona görə ki, proses cəmi bir neçə il əvvəl, hamının (o cümlədən də mənim) biləvasitə gözləri qarşısında baş verib. Saxtakarlıqla bağlı dəhşətli dərəcədə çox videomaterial, sənəd və s. sübutlar əllərdədir. Saxtakarlıqla bağlı demək olar ki, əksər dairələrdən məhkəmələrə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlər edilib.
İndi Vahid müəllim hamıya məlum olan bu həqiqəti deməklə parlamentinizə nə ziyan vurdu ki, cənablar? Sadəcə həqiqəti ifadə edib, sadəcə həqiqəti. Məşhur intiriqa ustası hesab edilən Taleyranın yuxarıda xatırlatdığım fikirə bir daha diqqət yetirsək, görərik ki, həqiqətən də çox vaxt böhtana ehtiyac olmur, saxtakarlara qarşı həqiqəti demək ən ciddi vasitədir. Həm də bu həqiqəti SSRİ-nin saxlanması əleyhinə səs verən şəxs deyirsə, daha təsirli olur.
Və nəhayət, bir həqiqəti də xatırlamaqda fayda var: həqiqi müstəqillik istəyənlərin qarşısında hələ də Moskva uşaqları – keçmiş kommunistlər, komsomolçular və onların balaları durublar. Onlar çox fəal və son vaxtlar əsəbidirlər.
Həsrət RÜSTƏMOV
ADP sədrinin 1-ci müavini