​"Qarabağ müharibəsi yenidən alovlanarsa, fəlakətli nəticələrə gətirib çıxara bilər" - PAŞİNYAN KTMT-dən DƏSTƏK İSTƏDİ

Baxış sayı:
7723

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi "təhlükəlidir".
Onun fikrincə, Dağlıq Qarabağ müharibəsi yenidən alovlanarsa, bu, təkcə Cənubi Qafqaz regionu daxilində deyil, onun xaricində də fəlakətli nəticələrə gətirib çıxara bilər.
"Müharibə şəraitində olan Azərbaycan Suriyada öz təsirini itirib, yeni fəaliyyət əraziləri axtaran İslam ekstremistləri üçün əlverişli tramplinə çevrilə bilər", - o deyib.
Onun fikrincə, bu halda Azərbaycan "ekstremistlərin öz fəaliyyətlərini cənub, şimal, qərb, şərq istiqamətlərində yaymaq üçün çox əlverişli coğrafi platforma ola bilər".
Qırğızıstan paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində danışan Paşinyan Azərbaycanı "təkcə Cənubi Qafqaz üçün yox, bütünlükdə KTMT ölkələri üçün təhlükəli" hesab etdiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın bu bəyanatına cavab olaraq deyib ki, Ermənistan KTMT-ni "münaqişəyə cəlb etmək" niyyətindədir.
XİN deyib ki, Paşinyanın bir neçə ay öncə Xankəndidə (Stepanakert) səsləndirdiyi "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı danışıqlar prosesinə zərbə vurub.
"Əgər N.Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir".

Silah məsələsi

Ermənistan Baş naziri hesab edir ki, "Azərbaycan rəhbərliyinin döyüşkən niyyətlərinin perspektivsizliyi problemin sülh danışıqları və dinc yolla həllinə alternativ" deyil.
Paşinyan həmçinin deyib ki, "KTMT Dağlıq Qarabağ ətrafında hər hansı yeni eskalasiyanın qarşısını almaq üçün bütün imkanlara malikdir".
Onun sözlərinə görə, təhlükəsizliyin qorunması maraqları baxımından, mümkün eskalasiyanın qarşısını almaq naminə KTMT ölkələri Azərbaycanın "yeni silahlar almaq üçün bütün müraciətlərini cavabsız qoymalıdırlar".
Azərbaycan isə bildirib ki, KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, "hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri" var. "Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır", XİN bəyan edib.
Rusiya həm Ermənistana, həm də Azərbaycana silah satır - bu ölkənin son illərdə Azərbaycana satdığı silahların dəyəri 5 milyard dollardan çoxdur.
Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Təşkilatı müqaviləsini Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan 1992-ci il mayın 15-də imzalayıblar.
Azərbaycan və Gürcüstan Müqaviləni 1993-cü il sentyabrda, Belarus - dekabrda imzalayıblar.
Beşillik müddəti başa çatdıqdan sonra Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilənin müddətini uzatmayıblar.
Hazırda KTMT-nin 6 üzvü - Belarus, Ermənistandan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Tacikistan - var.