Prezident Əli Əsədovun qarşısında hansı vəzifələri qoyduğunu açıqladı

Baxış sayı:
20011

Xəbər verildiyi kimi ötən gün prezident İlham Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə keçirib. AzərTac-ın reportajına əsasən prezident müşavirədə bir çox mühüm və sensasion mesajlar verib.

Virtualaz.org xəbər verirki, prezident çıxışında ilin 9 ayına dair  iqtisadi göstəricilər barədə danışıb.

“Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik».-İlham Əliyev deyib.

Dövlət başçısının qeyd etdiyinə görə, yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Belə ki,  qeyri-neft sənayesi 15 faizdən çox artıb. “Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər»,-İlham Əliyev deyib.

Dövlət başçısı daha sonra kənd təsərrüfatındakı vəziyyət haqda danışıb: “Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.

Prezident inflyasiyanın aşağı səviyyədə-2 faizdən bir az çox olduğunu da deyib. Bildirib ki, bu il ölkədə böyük sosial paket reallaşdı– 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. “Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir»,-o deyib.

İlham Əliyev yeni baş nazir təyinatından da danışıb. Bildirib ki, Əli Əsədovun qarşısında iqtisadi artımı sürətləndirmək, islahatları davam etdirmək vəzifəsi qoyulub: Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.