Polis Mehman Hüseynova dəstək aksiyası keçirənləri həbs edib

Baxış sayı:
11191

Yanvarın 6-da bir qrup fəal həbsxanada dekabrın 26-dan aclıq edən bloger Mehman Hüseynova azadlıq şüarı ilə Bakı Apellyasiya Məhkəməsinin qarşısında aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. Aksiyanın tәşkilatçısı ictimai fəal Mete Türksoy vә daha bir neçə iştirakçı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb. Aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, Mehman Hüseynova azadlıq aksiyası zamanı saxlanılanlardan 6 nəfəri məhkəməyə aparılıb. Aksiyanın iştirakçıları və jurnalistlər: Elçin Rəhimzadə, İsmayıl İslamoğlu, Mete Türksoy, Yaşar Xaspoladov, Qoşqar Əhmədov və daha bir nəfər saxlanılıb. Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb. Bu son bir neçə gündə "Mehman Hüseynova və siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən ikinci etiraz aksiyasıdır. Birinci aksiya zamanı 4 fəal inizbati qaydada həbsə məhkum edilib, daha dörd fəal isə cərimələnib. Bununla yanaşı Mehman Hüseynova dəstək məqsədi ilə ictimai-siyasi fəallar aclıq aksiyasına başlayıb. Sosial şəbəkələrdə geniş müdafiə kampaniyası təşkil edilib. Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir./Turan