"Onlar “Böyük Turan” dövləti qurmaqda israr edirlər" - PESKOVDAN AÇIQLAMA

Baxış sayı:
1282

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “Türk dünyası” ideyası Rusiya üçün təhdid yaratmır.

D.Peskov bu barədə RTI-a danışıb.

“Həqiqətən də türk dünyasının mədəni və tarixi ortaqlığı var. Mərkəzi Asiya ölkələri, hətta Rusiya Federasiyasındakı respublikalarımız, tatarlarımız, başqırdlarımız, bəli, onların türklərlə ortaq tarixi var. Bu, dil tarixi, mədəniyyət tarixi, ortaq ənənələrdir. Odur ki, bunda qorxulu heç nə yoxdur”, - Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyədə bu mədəni birliyi daha böyük nəsnəyə çevirmək istəyən millətçi qüvvələr var: “Ancaq Allaha şükür ki, bu millətçilər o qədər də çox deyil, baxmayaraq ki, onlar “Böyük Turan” yaratmaq ideyasında israr etməkdə davam edirlər”.

D.Peskov qeyd edib ki, Ərdoğanın Prezident Putinlə isti, dostluq münasibətləri var və bu, fikir ayrılıqlarına baxmayaraq ona ən kəskin məqamlarda ən çətin məsələləri həll etməyə imkan verir:

“Biz dəfələrlə bunun şahidi olmuşuq, bu həm Suriyaya, həm də son ikitərəfli münasibətlərdə baş verən faciəli hadisələrə aiddir”.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının ötən ay Adriatik dənizindən Çinə və Sibirə qədər uzanan türk dünyası xəritəsini Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana hədiyyə etməsi Rusiyanın ictimai-siyasi dairələrində birmənalı qarşılanmayıb./teleqraf.com