Nuri Paşanın həyatından bəhs edən kitab çap olundu - FOTO

Baxış sayı:
7987

İstanbuldakı "Nar çiçekleri" nəşriyyatı Türkiyənin tanınmış uşaq yazarı Hasan Yiğitin "Gec ucaldılan abidə" kitabını nəşr edib.

Turan agentliyə məlumatı kitabın müəllifi bildirib ki, yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş kitabda 28 may 1918-ci ildə elan edilən Azərbaycan Cümhuriyyətinin hərbi baxımdan himayəçisi olmuş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın (Nuri Killigil) həyat və fəaliyyətinin mühüm dövrləri işıqlandırılıb.

"Bu, mənim yazdığım "Mustafa Kamal Atatürkün sadiq dostları" seriyasından çıxan biinci kitabımdır.Bu seriyadan yazdığım 10 kitabın hamısını yaxın gələcəkdə çap etdirməyi planlaşdırıram."Gec ucaldılan abidə" kitabında Bakını işğaldan azad edən Nuri Paşanın həyatını, hərbi və hərb sənayesi sahəsində gördüyü işləri yeniyetmə və gənc oxuculara sadə bədii dildə təqdim etmişəm.Türkiyə və Azərbaycan üçün eyni dərəcədə doğma olan Nuri Paşa ilə bağlı yazdığım kitabın Azərbaycanlı yeniyetmə və gənc oxucuların rəğbətini qazanacağına inanıram.Kitabımın Bakıda da çapını ürəkdən arzu edirəm", Hasan Yiğit deyib.

"Gec ucaldılan abidə" kitabının ilk nəşrinin tirajı 3 min ədəddir. Topdan kitab satış firması ilk nəşrin tirajının çoxunu alıb.Kitabın internet vasitəsiylə də satışı təşkil edilib.

2016-cı ilin iyununda İstanbuldakı "Demkar" nəşriyyatı tədqiqatçı Atilla Oralın 928 səhifədən ibarət "Nuri Killigil" kitabını nəşr edib.

Hasan Yiğit