Rusiya ordusunun komandanı Merkellə nəyi müzakirə edib?

Almaniya qəzeti Moskvadan gələn elçilərlə kanslerin müəmmalı görüşündən yazıb
Bu həftənin 2-ci günü Berlində baş tutan müəmmalı görüş siyasi ekspertlərin diqqətini cəlb edib.
Almaniyanın “Bild” qəzetinin əməkdaşları Yulian Röpke və Filip Pyatovun yazdığına görə, həmin gün Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov və xarici işlər naziri Sergey Lavrovu qəbul ediblər.
Görüş zamanı Ukraynanın şərqində və Suriyadakı münaqişələrin müzakirə edildiyi güman olunur. Yazıda danışıqların əsas mövzusunun İran tərəfindən dəstəklənən könüllülərin İsrail-Suriya sərhədlərindən uzaqlaşdırılması ola biləcəyi ifadə edilib.
Rəsmi Berlin isə görüşün konfidensial xarakter daşıdığını və mətbuata məlumat verilə bilməyəcəyini bildirməklə kifayətlənib.
Yazı müəllifləri general Valeri Gerasvimovun görüşdə iştirakına xüsusi diqqət yetiriblər. Onlar rusiyalı hərbçinin ölkəsində ən önəmli siyasi fiqurlardan biri halına gəldiyini qeyd ediblər:
“Ordu generalı Gerasimov Suriyadakı hərbi kampaniyanın əsas strateqi sayılır. Bu strategiya isə rus bombalarının sayəsində 6 mindən çox insanın ölümünə, milyondan artıq şəxsin öz yurdlarını tərk etməsinə gətirib çıxarıb. Bundan başqa, 2014-cü ilin aprelindən Rusiya ordusunun komandanı Ukrayna müharbəsindəki oynadığı roluna görə, Avropa Birliyinin sanksiya siyahısına düşüb.
Valeri Gerasimov indi rus ordusunun ən qüdrətli siması sayılır. Onu ən istedadlı hərçbilərdən biri hesab edirlər. 2000-ci ildən bu yana orduda mühüm postları tutan Gerasimovun bir özəlliyi də prezident Vladimir Putinlə yaxınlığıdır”, - yazıda qeyd olunub.
Almaniya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında isə Valeri Gerasimova müstəsna hal olaraq ölkəyə gəlməsinə icazə verildiyi bildirilib. Jurnalistlər belə bir “müstəsna hal” üçün olduqca ciddi səbəb olduğunu qeyd ediblər.
Məqalədə Almaniya hökumətinin bu cür davranışının müxalifəti də hərəkətə keçirdiyi vurğulanıb. Müxalifət həm kanslerdən, həm də Hayko Maasdan situasiyaya aydınlıq gətirilməsini tələb edirlər.
Liberal kəsimləri təmsil edən Azad demokratlar partiyasının nümayəndəsi, partiyanın xarici siyasi məsələlər üzrə eksperti
Bican Cir-Saray hökumətin rusiyalı siyasətçilərlə bu cür görüşməsini qəribə və şübhəli, həmçinin təşvişdoğurucu adlandırıb.
Elə Yaşıllar partiyasından Omid Nuripur da təxminən eyni ifadələrlə narazılığını dilə gətirib. “Hökumətin Avropa Birliyinə girişi qadağan olunan rəsmi şəxsləri dəvət etməsi özü heç bir anlayışa sığmır”, - Nuripur bildirib.
Nuripur məsələni parlamenitn müzakirəsinə çıxaracaqlarıns söz verib. (Musavat.com)