​Kənd körpüsü dağılsa da...

Baxış sayı:
12101

(Kənd körpüsü üç aydır dağılıb, amma vəziyyət rayon rəhbərlərini narahat etmir)
Son illər Lənkəran rayonunun kəndlərində  üst-üstə  qalaqlanan sosial məsələlər  açıq göstərir ki,  yerli məmurlar əhalinin rahat və yaxşı yaşamasını istəmirlər.  Hətta  hər bir vətəndaşın taleyini  düşünən ölkə başçısına yalan məlumat verməklə  adamları özündən asılı  vəziyyətdə  saxlamaqdan sanki ləzzət alırlar.  Nəticə də həlli vacib sadə bir iş ildən-ilə yubadılır.
Bu barədə kiçik bir misal çəkmək istəyirəm. Daştatük rayonun ucqar kəndi sayılır.  Burada 250-ə yaxın təsərrüfat vardır. Kənd çoxdan rayon rəhbərləri tərəfindən unudulduğu üçün problemlərin sayı bilinmir. Kömək məqsədilə edilən müraciətlərin də faydası olmur.   Kənd camaatı  artıq çətinliyə alışıb. Qaldı ki, kəndi  iki hissəyə ayıran çayın üstündəki körpünün dağılıb, tam sıradan  çıxması  adamları pis durumda qoyub. Aidiyyəti qurumlar isə körpünün  bərpası üçün bir iş görmürlər. 
Vəziyyətlə əlaqədar  kənd sakinləri deyir: - Carı ilin sel-suyu  körpümüzü dağıtdı.   Gediş-gəlişimiz bağlanıb. Üç aydır  ətraf kəndlərlə, rayon mərkəzi ilə əlaqəmiz  qırılıb. Xəstəmiz olanda  Təcili Tibbi Yardım xidməti dadımıza çata bilmir.  Böyük adamlar məcburiyyət qarşısında  çox çətinliklə çayı keçir.  Payız və qış mövsümü yaxınlaşır, yağış yağdıqda bu, mümkün olmayacaq.  Məktəblilərlə bağlı vəziyyət daha acınacaqlıdır.  Axı kiçik, böyük olmaqla şagirdlərin   40 faizi çayı keçib dərsə getməlidir. Hələlik bizi eşidib dağılan körpünü qaydaya salan yoxdur.  Bir də yerli məmurlar o qədər yalan deyiblər ki, onlar tərəfindən bir iş görəcəyinə heç inanmağımız gəlmir. İndi ümidimiz yalnız yorulmadan Vətəninin tərəqqisi,  öz xalqının xoş güzəranı naminə çalsan ölkə rəhbərdir.
Zəfər ORUCOĞLU