​Vətən şəhidinə ehtiram

Baxış sayı:
4146

Şəhid Əmrah Əkbərovun şəhadətinin dördüncü ildönümündə rayon rəsmiləri, kənd sakinləri  məzarını ziyarət etdilər, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla andılar.
İkinci Qarabağ müharibəsində  tarix yazıb şəhidlik zirvəsinə ucalan Əmrah Şahid oğlu Əkbərov ömrünün 22-ci baharına təzəcə qədəm qoymuşdu. Dağlar diyarı Lerik rayonunun Livədirqə kəndində dünyaya göz açmış igidimiz Heydər Əliyev adına Ali Hərbi  Məktəbini başa vurub leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdı.
Vətənə, torpağa bağlı, köksündə qəhrəman ürəyi döyünən Əmrah Əkbərov müharibənin ilk günündən otuz il düşmən tapdağında qalan müqəddəs yurd yerlərinin azadlığı naminə  səngərə  atılıb. Füzuli, Cəbrayıl  istiqamətlərində gedən döyüşlərdə yağı düşmənin texnikasını, canlı qüvvəsini  məhv edib.  Əmrah hər dəfə odun-alovun içinə olanda  yağıdan sona qədər döyüşərək qisasını alacağına and içib.
12 oktyabrda Hadrut istiqamətində gedən ağır savaş zamanı da həmişə olduğu kimi, Əmrah yenə qalib olmaq istəyi ilə döyüşüb. Düşmən çoxlu itki versə də, öz dəstəsi mühasirəyə  düşüb. O, yoldaşlarını xilas etməkdən ötrü  özünü düşmənin səngərinə atıb və üzərindəki qumbaranı partladıb. Beləcə, Vətən, torpaq, əqidə naminə Əmrah gənc həyatını qurban verib, onunla çiyin-çiyinə vuruşan yoldaşlarını qoruyub. İgid leytenantın torpağa axıtdığı bu qan onun Vətənə son övladlıq borcu olub...

İndi bütün Azərbaycan xalqı   torpağı Vətən edən qəhrəman oğulları ilə qürur duyur. Onların arasında Lerikin qartal balası  Əmrahın adı da iftixarla çəkilir. Onun keçdiyi şərəfli  ömür yolu Vətənə  sədaqət nümunəsidir. Əmrah  Əkbərov ölümündən sonra “Azərbaycan  Bayrağı” ordeninə,  “Vətən uğrunda”,  Cəbrayılın, Xocavəndin azadlığına  görə medallarına layiq görülüb.
Bəli, şəhidlik ən uca zirvədir. Bu yolu seçənlər ürəklərə köçməklə Vətənin qəhrəmanlıq rəmzi olaraq həmişə böyük sevgi və məhəbbətlə xalq tərəfindən xatırlanır.
Zəfər ORUCOĞLU