Məhkəmə islahatları “yuxarı”dan başlamalıdır - TƏHLİL

Baxış sayı:
8572

İnam Kərimovun Ali Məhkəmənin sədri postuna gətirilməsi məhkəmə-hüquq sistemində heç bir müsbət dəyişikliyə gətirib çıxarmayacaq

Artıq 23 ildir ədliyyə naziri vəzifəsində çalışan hörmətli Fikrət Məmmədov pensiya yaşını keçməsi ilə əlaqədar təqaüdə göndərilməli, bir sıra müavinləri, idarə rəisləri, eləcə də Ədliyyə Nazirliyinin tərkibində olan əksər qurumların rəhbərləri yenilənməlidir…

Pezident İlham Əliyev 03 aprel, 2019-cu ildə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı. 13 bəndlik fərmanın giriş hissəsində qeyd olunurdu ki, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Məlumat üçün bildirək ki, fərmanın ilk 3 bəndi aşağıdakı kimi idi:

1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Əlbəttə, ölkə başçısının bu fərmanını xatırlatmamız heç də səbəbsiz deyil. Öncə onu vurğulayaq ki, bu günlərdə Ali Məhkəmənin yeni sədri İnam Kərimov da “məhkəmə-hüquq sistemində aparılan islahatlar”dan danışıb. O, Vəkillər Kollegiyasının üzvləri ilə görüş zamanı deyib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub:

“Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub”.

Təbii ki, bütün bunlar İnam Kərimovun fikridir və biz hər kəs kimi, Ali Məhkəmənin “çiçəyi burnunda” sədrinin düşüncələrinə də hörmətlə yanaşırıq. Bəs, ölkəmizdə həqiqətən də məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş veribmi?

Zənnimizcə, bu sualın cavabını tapmaq üçün çox da uzağa getmək lazım deyil, 2019-ci ildən sonra ölkədə baş verən prosesləri analiz etmək yetərlidir. Çünki prezident fərmanında yer alan “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”, - fikri onu deməyə əsas verir ki, həmin tarixədək Azərbaycanda məhkəmə-hüquq sistemində vəziyyət heç də ürəkaçan olmayıb. Şübhəsiz, məlum fərman da məhz bu neqativ durumun düzəldilməsi məqsədilə gündəmə gəlib. Görünür, hörmətli İnam Kərimov “Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib”, - deməklə 2019-cu ildən sonrakı dönəmi nəzərdə tutur.

Əlbəttə, Ali Məhkəmə sədrinin Azərbaycan vətəndaşlarının böyük əksəriyyətindən fərqli və yanlış düşüncədə olması tamamilə təbiidir. Ən azı ona görə ki, 18 aprel 2018-ci ildən onun başı qoyun-quzuya qarışdığından, məhkəmələrdə hansı rəzalətlərin yaşandığından xəbərsiz olub. Güman edirik ki, əks halda, ətrafında “yaxşı oğlan” kimi xarakterizə olunan İ.Kərimov yeni vəzifəsinin başına keçər-keçməz bu cür absurd açıqlamalarla çıxış etməzdi. Hər halda, təkcə “Tərtər işi”ni misal çəkmək yetərlidir ki, Azərbaycanın məhkəmə sisteminin necə acınacaqlı vəziyyətdə olduğunu müəyyən etmək mümkün olsun.

Şübhə yoxdur ki, hər bir vətəndaşımız kimi, cənab Kərimov da ən qısa müddətdə Azərbaycan məhkəmə-hüquq sistemi ilə daha yaxından tanış olacaq. Bu zaman onun fərqli düşüncədə olacağı qənaətindəyik. Doğrudur, yeni sədr heç bir halda media qarşısında əvvəlkindən fərqli fikir səsləndirməyəcək. Amma tezliklə bu vəzifəyə təyin edildiyi günə lənət oxuyacağı da gözləniləndir…

Kimsəyə sirr deyil ki, İnam Kərimov Ali Məhkəmənin sədri postuna gətirilərkən ölkə rəhbərliyi tərəfindən qarşısına çox ciddi tələblər qoyulub. Məsələn, o, ilk növbədə öz vəzifə səlahiyyətləri çərçivəsində məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə çalışmalı və ortaya konkret nəticə qoymalıdır. Lakin mövcud şəraitdə onun islahat sahəsində bir addım belə, qabağa gedə bilməyəcəyi hər kəsə aydındır. Çünki artıq 4 ildir prezidentin məlum fərmanının icrasına “çomaq soxan”, məhkəmləri özlərindən asılı vəziyyətə salan məmurların yanında o, çox kiçik fiqurdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, İnam Kərimovun Ali Məhkəmənin sədri vəzifəsinə gəlişi ilə məhkəmə sistemində hər hansı müsbət dəyişiklik ediləcəyini gözləyənlər yaxında böyük xəyal qırıqlığına uğrayacaqlar.

Zənnimizcə, Azərbaycan məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, ən azı prezident fərmanında göstərilən, yuxarıda qeyd etdiyimiz ilk bənddə qeyd olunan müddəaların həyata keçirilməsi üçün öncə Ədliyyə Nazirliyi rəhbərliyində köklü dəyişikliklər aparılmalı, paralel olaraq Məhkəmə-Hüquq Şurasının tərkibi yenilənməlidir. Məsələn, artıq 23 ildir ədliyyə naziri vəzifəsində çalışan hörmətli Fikrət Məmmədov pensiya yaşını keçməsi ilə əlaqədar təqaüdə göndərilməli, bir sıra müavinləri, idarə rəisləri, eləcə də Ədliyyə Nazirliyinin tərkibində olan əksər qurumların rəhbərləri yenilənməlidir. Bir halda ki, bu gün ölkəmizdə məhkəmələr Ədliyyə Nazirliyindən asılı vəziyyətdədir, o halda islahatlar “aşağı”dan “yuxarı” deyil, əks istiqamətdə aparılmalıdır. Bu halda görülən işlərin müsbət nəticə verəcəyi şübhəsizdir.

Bütün bunlardan öncə isə, Azərbaycan məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinin iradəsi olmalıdır. Bu iradə ortada olmadıqca, heç bir sahədə islahatdan danışmaq mümkün deyil.

Türkan CƏFƏROVA

P.S. Bu gün Prezident Administrasiyasında, yaxud hansısa icra qurumunda ən xırda vəzifələrdən birini tutan məmur məhkəməyə zəng edib istədiyi qərarı qəbul etdirirsə, hakim də göstəriş “yuxarı”dan gəlib deyə onun tələbinə boyun əyərək qanunsuz hökm çıxarırsa, o halda hansı islahatlardan danışa bilərik?!