​“Bunun dövltimizə, iqtisadiyyatımıza və büdcəmizə çox xeyri olacaq…” – QAZİLƏR HÖKUMƏTƏ İŞSİZLİKDƏN “ÇIXIŞ YOLU”NU GÖSTƏRİRLƏR…

Baxış sayı:
2329

Ucar rayonunda yaşayan Vətən müharibəsi qaziləri adından Vahidli Nahid Əlivahid oğlu və Cəfərov Vəli Musa oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə və «DOST» İş Mərkəzi MMC-nin rəhbəri Firuddin Cəbrayılova müraciət edən Vətən müharibəsi qazilərinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Hörmətli Cənablar !

Biz Vətən müharibəsində iştirak edib, yaralanıb qazi olmuşuq. Bu müraciəti imzalayan qazilər - hər birimiz ailəliyik, himayəmizdə azyaşlı uşaqlarımız var.
İşlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyata alınsaq da, indiyə qədər işlə təmin olunmamışıq. Məşğulluq İdarəsi pul ala bilmədiyi şəxslərə iş yeri kimi Ucar rayonunun Alpout kəndində yerləşən Mərcan quşuluq broylerini təklif edir. Orada iş saatı səhər saat 08-00-dan gecə saat 01-00 kimidir, üstəlik də orada olan nəmişlik, üfunət iyinə görə işləmək bizim səhhətimizə uyğun deyil.
Biz belə bir təklif irəli sürmək istəyirik ki, iş yerlərində gənclərə üstünlük verilsin. Məsələn, "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında 65 yaşı tamam olan çoxlu sayda adam işləyir. Onlar həm qocalığa görə pensiya alırlar, həm də maaş. Biz isə, himayəmizdə azyaşlı uşağı olan gənc qazilər - işsizik, maddi çətinlik içində yaşayırıq. Zərurət var ki, həmin 65 yaşı tamam olub, qocalığa görə pensiya alan insanlar təqaüdə göndərilsinlər, bizi onların yerinə işə qəbul etsinlər. Bunun dövltimizə, iqtisadiyyatımıza və büdcəmizə çox xeyri olacaq. Həmin adamlar yaşlı olduqları üçün işləyə bilmirlər, artıq onların da istirahət etməsinə ehtiyac var.
Həmçinin, "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında bir ailənin iki üzvü (ər və arvad)  işləyir ki, onların 67 yaşları var, həm qocalığa görə pensiya, həm də maaş alırlar. Biz isə neçə vaxtdır ki, işsiz kimi qeydiyyata alınmışıq, ancaq işlə təmin edilməmişik.
Cənab Prezidentin və nazir Sahil Babayevin xüsusi göstərişi var ki, ilk növbədə şəhid ailələri və qazilər növbədənkənar işlə təmin olunmalıdırlar. Ancaq Ucar rayonunda buna məhəl qoyan yoxdur. Çünki Ucar rayonunda məsul məzifəli şəxsləri prezidentin tapşırığı yox, şəxsi maraqları düşündürür.
Ucar rayon Kommunal Müəssisələri Kombinatında ağac sulayan, bağları ağacları qoruyan və s. işlər var ki, orada işləmək bizim səhhətimizə çox uyğundur.
Hörmətli Prezident!
Hörmətli Cənablar!

Xahiş edirik, bu təklifimizi nəzərə alıb, "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən 65 yaşı tamam olub, qocalığa görə pensiya alan insanları işdən çıxarıb, bizim onların yerinə işə qəbul edilməyimizə köməklik göstərəsiniz”.

Muxalifet.az