“DMANİSİ HADİSƏSİNDƏ ERMƏNİLƏRİN ƏLİ OLA BİLƏR” – “Ciddi istintaq getməli, cinayətkarlar mütləq cəzasını almalıdır”

Son günlərin ən çox müzakirə olunan mövzularından biri Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonunda baş verdi. Bəllidir ki, Sovetlər Birliyinin süqutundan sonra iki postsovet ölkəsi – Gürcüstanla Azərbaycan arasında möhkəm iqtisadi bağlar mövcuddur. Hər iki ölkə meqaproyektlərdə uzun illərdir birgə əməkdaşlıq edirlər. Amma Qarabağ müharibəsindən sonra Azərbaycanı gözü götürməyən qüvvələr iki ölkə arasındakı münasibətləri korlamaq üçün əllərindən gələni edirlər. Belə demək olarsa, ilk qığılcıma Dmanisi rayonundan start verildi.
Gürcüstanda baş verən hadisələrlər bağlı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) rəhbəri Hüseyn Yusubovun fikirlərini öyrəndik.
– Hüseyn bəy, sizcə, Dmanisidə baş verənlər təsadüfdür, yoxsa bu qarşıdurmanın arxasında hansısa siyasi qüvvələr dayanır?
– Öncə onu deyim ki, Dmanisidə baş verənlərə görə çox təəssüf edirəm. Dostluğa yaraşmayan hadisədir. Həm Azərbaycanın, həm Gürcüstanın düşmənlərlə əhatə olunduğu, bu iki dövlətin qardaş kimi yaşamalı olduğu müddətdə belə hadisələrin baş verməsi təəssüf doğurur. Amma siyasi sifariş, təxribat, kənar qonşu dövlətlərdən təsir haqda bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu insident olandan sonra bundan bəhrələnməyə çalışan çox qüvvələr tapıldı. Ən birinci də rus faktoru həmişə yanımızdadır. Yəni göründü ki, bu qüəvvələr hamısı bəhrələnməyə çalışdılar.
– Gürcüstan bu hadisəyə, soydaşlarımıza qarşı laqeydlik göstərirsə, bunun səbəbi nə ola bilər? Axı, Gürcüstanın dar günündə Azərbaycan onun yanında olan tək dövlət oldu.
-Bilirsinizmi, hadisələrə gərək daha tez müdaxilə edəydilər. Polislər müdaxilə etdilər, amma günün ikinci yarısında. Daxili İşlər Nazirliyi xüsusi qüvvələrini hadisə yerinə cəlb etdi və vəziyyəti nəzarətə götürdü. Gürcüstan Azərbaycanlıları Konqresi təşkilatına daxil olan insanların tələbi odur ki, ciddi istintaq getməlidir və cinayətkarlar mütləq cəzasını almalıdır. Hansı cəmiyyətdə cinayət cəzasız qalırsa, daha böyük cinayətlərə rəvac verilmiş olur. Buna görə, cinayəti törətmiş şəxs ən ağır şəkildə mütləq cəzasını almalıdır. Dini, etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq cinayət varsa, demək cinayətkar da var. Bu, mütləqdir. Dövlət də bununla məşğul olacaq. Məsələn, Dmanisi bələdiyyəsinin biz sıfır fəaliyyətini görmüş olduq. Yəni heç bir fəaliyyətini görmədik. Dmanisi bələdiyyə məclisinin üzvlərindən Kamran Xıdırova, Azər Əliyevə, Arif Süleymanova təşəkkürümü bildirmək istəyirəm. Şəxs olaraq həmişə xalqın yanında oldular və bu işlərin böyüməməsi, sürətinin dayandırılması üçün yerli kadrlar olaraq bütün qüvvələrini sərf etdilər. Amma biz görmüş olduq ki, dövlətin inteqrasiya siyasətini yürüdən strategiya düzgün qurulmayıb. İnteqrasiya siyasəti düzgün qurulsaydı, bu hadisələr yaşanmazdı. Bu hadisələr ekoloji köçkünlər olan svanlarla azərabycanlılar arasında baş verdi. Mətbuatda bəzi svanların mövqeyindən bilinir ki, onlara verilən adı bəyənmirlər. Bu onların rəsmi statusudur. Böyük sellər, daşqınlar oldu, onlar Gürcüstanın bu bölgələrinə köçürüldü. Burada məskunlaşdı və onların məskunlaşmasında hər bir azərbaycanlı ailəsi iştirak etdi. Çünki biz Qafqazlıyıq, Türkük. Qafqazlılar həmişə belə davranır. İnanın ki, bu ekoloji fəlakətlər yenə baş versə, biz yenə o cür qarşılayarıq, eyni münasibət göstərərik. Onlardan başqa da, müsəlman dininə mənsub olan acarlar da bölgəmizdə yerləşdirilirblər. Hamısına eyni münasibətimiz var. Onlara düşmən kimi yox, əksinə dost kimi yanaşmışıq. Elə indiki hadisələr də göstərdi ki, inteqrasiya siyasəti ölkədə yenidən işlənməlidir. Məhdud büdcə ilə inteqrasiya siyasətinin həyata keçirilə bilinməyəcəyi bir daha məlum oldu. Amma bu inteqrasiya işləri mədəniyyət nazirliyində də həyata keçirilməlidir, maarif nazirliyində də, iqtisadiyyatın turizm qolunda da, eyni zamanda kənd təsərrüfatı nazirliyində də aparılmalıdır. Bu sahədə də ölkənin orta səviyyəsindən çox geridə qalırıq.
– Ümumiyyətlə, Gürcüstan hakimiyyətinin Azərbaycan Türklərinə qarşı mövqeyi necədir? Ölkədə yaşayan digər xalqlarla müqayisədə bizim soydaşlarımıza qarşı ayrıseçkilik yaşanırmı?
– Gürcüstan dövlətinin və hökumətinin daxili İşlər naziri həmin gün hadisə yerində oldu. Jurnalistlərin suallarını cavablandırarkən o, Gürcüstanda yaşayan azərbaycanlıları “qardaşlarımız və bacılarımız” adlandırdı. Bu da bir çox müxalif qüvvələrin xoşuna gəlmədi. Yəqin düşmən adlandırsaymış, onların xoşlarına gələrmiş… Bu məqamlar da var. Yəni onların sözlərindən belə çıxır ki, niyə nazir azərbaycanlıları “qardaşlarımız və bacılarımız” adlandıraraq, onları birinci plana çəkdi, gürcüləri isə ikinci plana qoydu. Bunlar absurd fikirlərdir. Amma hökuməti günahlandırmaq üçün hər şeyə əl atırlar. Nə iqtidarın, nə müxalifətin siyasi maraqlarının bizim üçün önəmi yoxdur. Bizə lazımdır ki, ölkəmizdə stabillik və xaqımızın normal yaşayış səviyyəsi olsun.
– Necə düşünürsünüz, bu hadisədə erməni barmağı ola bilərmi və bəlkə hökumətin içində erməni əsilli məmurlar var ki, soydaşlarımıza qarşı “Ermənistan variantını” həyata keçirmək istəyirlər…
-Ola bilər, amma dövlət bu şeylərə hazır olmalıdır. Müxtəlif xalqlar, müxtəlif millətlərin nümayəndələri bir arada yaşayırsa, Cənubi Qafqaz bölgəsində hər iki xalq üçün üçüncü bir düşmən mövcuddursa – həm də bilirik ki, ermənilər Azərbaycanın böyük ərazilərini işğal etmişdi və 1918-ci ilə qədər Gürcüstanın bölgəsi olan Loru bölgəsi bu gün də erməni işğalındadır və bizim bəzi bölgələrimizə də torpaq iddiaları var, bu heç kimə sirr deyil- belə bir xalqla qonşuluqda yaşayırıqsa, demək, hər an, hər dəqiqə təxribat ətrafımızda dolaşır. Bundan başqa, geniş üfüqlərdən baxdıqda, Gürcüstanın quru sərhədi olan qonşularına nəzər yetirmiş olsaq, Türkiyə ilə Azərbaycandan başqa, Rusiya və Ermənistan da var. Türkiyə və Azərbaycan Gürcüstanı ərazi bütövlüyü tam təmin olunmuş, müstəqil, inkişaf etmiş dövlət kimi görmək istəyir. Azərbaycanın meqaproyektləri Gürcüstan üzərindən keçir, inşallah, belə də davam edəcək. Amma Rusiya ilə Ermənistan hər an, hər döngədə Gürcüstanı təhdid edir. Bizim iki böyük bölgəmiz Rusiyanın işğalı altındadır. Biz bu ermənilərlə bir arada yaşayırıqsa, hər an, hər dəqiqə hər şeyə hazır olmalıyıq. Amma hazır deyiliksə, bu, bizim səhvimizdir.
– Qarabağ müharibəsindən sonra Zəngəzur koridorunun gündəmdə olması ilə baş verənlərin bağlantısı varmı? İranın özünün koridor planı var – İran, Ermənistan, Gürcüstan üzərindən. Yəni baş verənlər Zəngəzur koridorunun açılmaması üçün təzyiqdirmi?
-Bilirsinizmi, İran Azərbaycanın yanında həmişə onun belinə tuşlanmış bir qılıncıdr. O qılınc hər dəqiqə, hər saniyə hazır dayanıb ki, kürəyimizə sancılsın. Bunu hamımız bilirk və təəssüflər olsun ki, İran dövləti islamdan da uzaq, orada yaşayan 50 milyon nəfərə yaxın Türkə qarşı insanlıqdan uzaq münasibət göstərən bir dövlətdir. Farslar ömür boyu Türklərə qarşı olublar, indi də onu davam etdirirlər. Gürcüstan bu gün türkdilli dövlətlərlə dostluq-qardaşlıq münasibətindədirsə, belə neqativ hadisələrdən əziyyət çəkə bilər. Bu kimi məqamlar var. Biz – həm Gürcüstan dövləti, həm də Azərbaycan dövləti – daim ayıq-sayıq olmalıyıq, ətrafımızda tüğyan edən xəyanətkar, insanlıqdan uzaq qüvvələrin hər şeyə qadir olduğunu bilməliyik.
– Bu hadisələrlə bağlı Azərbaycan dövlətindən verilən reaksiyanı qane edirsinizmi? Ümumiyyətlə, Gürcüstandakı soydaşlarımızın kənara itilməməsi, ictimai-siyasi həyatda aktiv şəkildə iştirak etməsi üçün Azərbaycan hansısa tədbir görməlidirmi, yoxsa soydaşlarımızın özlərinin aktivliyi artmalıdır?
-Bilirsinizmi, Gürcüstanda yaşayan azərbaycanlıların yanaşma tərzi budur ki, Gürcüstan bizim vətənimizdir. Vətənlə bağlı nə varsa ilk yerdədir, qalan şeylər ikinci, üçüncü, beşinci dərəcəlidir. Vətən üçün bizim hər birimiz ölməyə də hazırıq. Azərbaycan və Türkiyə də milli dövlətlərimizdir. Bunlardan biz gözləyirik ki, Gürcüstanın, burdakı Azərbaycan cəmiyyətinin inkişafı üçün daha böyük layihələr həyata keçirsinlər. Bizim azərbaycandilli məktəblərimizdə ana dili-ədəbiyyat fənnini tədris edəcək müəllimləri hazırlayan mütəxəssislər yox idi. İndi Azərbaycandan yeni təyin olunmuş səfiri Faiq Quliyev bizim təhsil nazirliyi ilə danışıqlar apardı və dövlət universitetinin tərkibində belə bir fakültə təşkil olundu. Bu, çox təqdirəlayiq hadisədir, amma yetərli deyil. Bizim minlərlə gəncimiz Tiflisdə gürcüdilli universitetdə tədris alırlar, amma işsizdirlər. Bununla bağlı Azərbaycan da düşünməlidir, Türkiyə də düşünməlidir. Gürcü gəncləri də işsizdir. Hazırda Gürcüstandan Avropaya beyin axını var. Azərbaycanlı gənclərin də Avropaya axını var. Bunun qarşısını vaxtında almalıyıq. Vaxtında qarşısı alınmasa bundan dövlətçiliyimiz itirəcək.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az