Nazirlik sağalmaz xəstəyə əlillik dərəcəsi vermir... – ƏLİ SƏMƏDOVUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
20860

Gülnaz Səmədova: “Övladımın xəstəliyi dünyanın heç bir ölkəsində müalicə olunmur, nazirlik stasionar müayinə və müalicəyə ehtiyac olduğunu deyib”

Göyçay rayon, Birinci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Yazıb Sizə bildirirəm ki,mən Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Səmədov Əli Azər oğlunun anasıyam.
Övladım Əli 2016-cı ilin oktyabr ayının 8-də Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olub.Təxminən 7-8 ay sonra o, bel-onurğa sütununda başlayan şiddətli ağrılardan şikayətlənməyə başladı. Sonra Penitensiar Xidmətin əməkdaşları tərəfindən Müalicə Müəssisəsinə göndərildi. Aparılan MRT müayinələrinə baxmayaraq, övladım Əlidə qorxulu heç nə olmadığını deyirdilər. Ancaq ağrıları getdikcə daha da şiddətlənən övladım daha sonra  tez-tez Müalicə Müəssisəsinə göndərilir, müayinə və müalicə olunurdu. Bununla belə, heç bir faydası olmurdu.
2019-cu ilin sentyabr ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərildi. Həkim nevropatoloq, professor Rəna xanım Şirəliyevanın qəbulunda oldu. Nəhayət, Rəna xanımın göstərişinə əsasən, MEQ və MRT müayinəsi edildi. Nəticə olaraq  aşağı nahiyələrdə polinevropotiya aşkar edildi.
Sonra Tibb Baş İdarəsinin göstərişi ilə Rəna xanım Şirəliyevanın qoyduğu xəstəlik diaqnozu, həmçinin  öncəki müayinə və müalicələrin bütün sənədləri cəm edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərildi. Lakin onlar övladım Səmədov Əli Azər oğlunun əlavə olaraq ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyac olduğunu deyib, ona əlillik dərəcəsi təyin olunmasından qanunsuz olaraq imtina ediblər.
Cənab Prezident!
Mənim böyük övladım Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlildir. 2010-cu ildə həkim komissiyası tərəfindən övladım Məhəmmədəli Azər oğluna 2-ci qrup verilmişdir. Lakin  polinevropotiya xəstəliyi sağalmayan və daha da şiddətlənən xəstəliklərdən olduğu üçün, övladım Səmədov Məhəmmədəli Azər oğluna 1-ci qrup əlillik təyin edildi. Biz hətta İrana belə getdik. Lakin bütün həkimlərin dedikləri tək şey bu oldu ki, bu xəstəlik nəinki sağalmır, əksinə getdikcə daha da şiddətlənən xəstəlikdir. Çünki bu xəstəlik irslə gəlir. Bu isə bizim bir çox yaxınlarımızda mövcuddur. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasının “Səmədov Əli Azər oğlunun əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var” sözünün heç bir əsası yoxdur. Çünki hal-hazırda bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur.

Hörmətli Prezident!
Bir övladım Səmədov Məhəmmədəli Azər oğlu 1-ci qrup hərbi əlildir. Kiçik övladım Səmədov Əli Azər oğlunda da həmin xəstəlik (polinevropotiya) aşkar edilib. Yəni bir övladım belə, digər məhkum övladım isə eyni zamanda xəstədir. Siz də valideynsiniz. Mənim bir valideyn kimi nələr çəkdiyimi daha yaxşı anlayarsınız.
Sizdən bir ana kimi çox xahiş edirəm ki, Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiziya Komisiyasının etdiyi bu haqsızlığı yaxından araşdırıb, övladım Səmədov Əli Azər oğluna əlillik dərəcəsi verilməsinə tapşırıq verəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.