Nağıllı dünyamızın reallığı - ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
10673

Şükür sənə, İlahi, min şükür!
Nəhayət ki, işdən evə sağ-salamat gəlib çata bildim!.. Yəni yolda-irzdə mənə ilişən, yalandan üzümə dirəşən, irişən-filan olmadı. Sifarişlə üzə duranlarla, işverənlərlə, adamın üstünə şər-böhtan, ciblərinə narkotik- markotik atanlarla, eləcə də qəfil hücum çəkib günahsız bəndəni yumruğa, şillə-təpiyə və "nə yemisən turşulu aş"-a qonaq edən dəyyuslarla rastlaşmadım.
Ən əsası, bu gün məni öldürmədilər! Elə bu üzdən də deyirəm: Şükür sənə, İlahi, min şükür ki, bir günümü də xətasız-bəlasız ötüşdürə bildim!..
Və elə by şükür içində də oturub, "quşu gözündən vuran" arif adamlar üçün nağıl fason bir cızma-qara elədim...
"Biri var idi, biri yox idi... Çox-çox "uzaqlarda" gözəl-göyçək bir məmləkət vardı. Yeddi iqlimi, yeddi çayı, yeddi  dağı, yeddi bağı, yeddi meşəsi, hətta yeddi filanı və yeddi beşməkanı da vardı. Amma (köpəyoğlunun "əmması!") oranın başda oturan başbilənləri, öz alabaşlarıyla birgə, çox amansız və çox da həyasız idilər. Xalqı isə əksinə,- bir az yuxulu, bir az mağmın, bir az da arsız idi... Buna baxmayaraq, onlar, hər "ikisi bir köynəkdə" -  qol-boyun ömür sürürdülər, özləri üçün...  Yəni bir tərəf xalqı qaravəlli personajları kimi ortaya salıb dingildədir, digər tərəf isə dözür və öz taleyinin iştirakçısı olmaq əvəzinə, tamaşaçısı olmağıyla barışıb da laqeyd-biganə halda ömür sürürdü... Müxtəsəri, bir tərəf öz kefində-damağında, digər tərəf isə için-için sızlayıb-ağlamaqda...
O məmləkətdə "Cınqırını çıxarmaq", "mıqq eləmək", "bir qarın çörək istəmək", "etiraz bildirmək", "azadlıq", "haqq- ədalət" tələbində bulunmaq" və sair hüquqlardan savayı, - "ah", "of", "uf" bildirən odlu-alovlu nəfəs-hərf birləşmələri də küllü-əhalinin dilinnən, başınnan, hətta qəlbinin şah damarından qoparılıb çıxarılmş və bilmərrə qadağan edilmişdi.
Tabutu xatırladan bu tabular, qara qarğaya oxşayan bu qadağalar hər saat, hər gün, hər gecə bir az mağmın, bir az yuxulu və bir az da arsız millətin başına tappa-tap payız dolusu təki yağırdı... Əlbəttə, belə amansız dolu dənələri camaatın başına, eləcə də başında səliqə-sahmanla əkilmiş turp ləklərinə ziyan vurur, dağıdıb zay edirdi... Elə bu səbəbdən də məmləkətdə günü-gündən, təbii şəkildə turp qıtlığı yaranırdı. Və bu dəhşətli qıtlıq, öz növbəsində məmləkətin bütün dükan-bazarlarında digər qiymətləri də artırıb kəllə-çarxa çıxardı.
Bir az mağmın, bir az yuxulu, bir az da arsız millət yaranmış bu vəziyyətdən bir az əndişələndi, bir az xoflandı, bir az da diksinib...gərnəşdi. Bəli, gərnəşdi!.. Çünki onlar həmişə birləşməyə gərnəşmə kimi yanaşırdılar. Necə oldusa, gərnəşə-gərnəşə onların əlləri bir-birinə dəydi... Və həmən anda qəflətən ağıllarının ucundan - sən bir cəsarətə bax!  - ildırım sürətiylə AZADLIQ, HAQQ-ƏDALƏT kimi kəlmələr süzülüb keçdi və bu kəlmələr sürüşə-sürüşə gəlib düz dillərinin ucuna çatdı... Bu azmış kimi, onlar hətta pıçıltıyla "mıqq" eləmək, yumruqlarını sinələrinə qədər qaldırıb etiraz bildirmək eşqinə də düşdülər.
Hakimi-mütləqlər də amansız olmaqla yanaşı, hərif deyildilər; yəni belə mütəqəlqəl məsələlərdə qaz kimi ayıq, çoban iti kimi səksəkəliydilər. Onlar vaxt itirmədən "cavab atəşiylə qarşı tərəfi susdurmaq" istədilər. İlk olaraq, Bağdaddakı kor xəlifənin taktikasını yamsılamağı seçdilər. Eyni vaxtda, tələm-tələsik ah-lardan, of və uf-lardan yarana biləcək yanğına qarşı müxtəlif çarələr də axtarmağa başladılar...və tapdılar! Qərar belə oldu:
"Tez bir zamanda məmləkətin əkinə-biçinə yararlı bütün torpaqlarında turp yerinə, saysız-hesabsız xiyar ləkləri salınmalı və bütün zəmilərdə, tarlalarda, talalarda, ormanlarda mütləq şəkildə, əyri bitən xiyar növü yetişdirilməlidir!!!"
Əhli-məmləkətin agah olması üçün hər yana çapar göndərib car çəkdilər ki: "Bə ümidinizi qoz eləməyin! Qalxan qiymətlər-zadlar da bizlik deyil. Çünki bu müşkül məsələ, əsasən, uzunqulağın quyruğu altına skipidar sürtülməsindən yaranıb!
Bilin və agah olun! Məmləkətdə xiyardan başqa yeməyə bir şeyimiz yoxdu, heç olmayacaq da - yesəniz də, yeməsəniz də, olanımız budur,  vəssalam, üstəllk, şüttəmam!!!"
Əlqərəz, az keçdi, çox keçdi,- qırpım yarım vaxt keçdi... günlərin bir günü dünya-aləm baxıb... bir az təlaşla, bir az qorxuyla, bir az da heyrətlə gördü ki, həmin o məmləkət...yer üzünnən tamam pozulub, yəni yerli-dibli silinib yox olub...
Deyirəm, sən bir Allahın möcüzəsinə bax də!..
...Və nağılımız elə burdaca itmamə yetdi...
Eldəniz QULİYEV