Naftalana icra başçısı təyin edilən Vüqar Novruzov kimdir? - DOSYE

Baxış sayı:
6173

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Novruzov Vüqar Vahid oğlu Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Muxalifet.az xəbər verir ki, V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun baş müşaviridir. Ailəlidir, üç övladı var./Publika