Müdafiə Nazirliyi kəndini işğaldan azad etdi, Sosial Müdafiə Nazirliyi pensiyasını “işğal etdi”

Baxış sayı:
761

ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin özbaşınalığına son qoyulmur

Müzəffər Azərbaycan Ordusunun işğalçılardan Cəbrayılı və digər bölgələrimizi  azad etmələri ilə  ƏƏSM naziri Sahil Babayevin İran rəsmiləri ilə danışıqlar aparması haqqında xəbərlər yayıldı. Sahil Babayevin işçiləri də, heç demə, məcburi köçkünləri “diqqətdə saxlayırmış”. Cəbrayıl rayonunun Hovuslu kənd sakini, Bakı şəhəri, Suraxanı rayonu, Maqazin küçəsi, ev 22-də yaşayan güzəştli şərtlərlə pensiyaçı Sadıqov Tofiq Yolçu oğlunun 2016-cı ildən məhkəmə qərarı ilə təyin edilmiş pensiyası Hovuslu kəndinin   işğaldan azad edilməsi ilə bir vaxtda  Sosial Müdafiə Nazirliyi tərəfindən “işğal edilib”. Torpaqlarımızın işğalı beynəlxalq hüquq normalarının kobud pozulmasıdırsa , vətəndaşların məhkəmə qərarı ilə təsbit edilən pensiyalarının “işğal edilməsi” həm yerli, həm də beynəlxalq qanunların pozulması deməkdir.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi  (hakim Hökumə Babayeva ) 2-1 (82)-2387/2016 saylı 13.07.2016 tarixli qərarı ilə 1959-cu il doğumlu Tofiq Sadıqova güzəştli şərtlərlə pensiya təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası  (sədrlik edən Mirzə Tağızadə, hakimlər Sərvət Hüseynov və Kəmalə Abıyeva ) 12 oktyabr 2016 tarixli 2-1 (103)-2039/16 saylı qərarı ilə aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası  (sədrlik edən Zakir Quliyev, hakimlər Sevda Hüseynova və Xəqani Məmmədov ) 21 dekabr 2016 tarixli 2-1 (102)-2263/16 saylı qərardadla cavabdeh DSMF-in kassasiya şikayətinin icraatına xitam verib. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 129-cu maddəsinə görə , məhkəmə qərarlarının icrası məcburidir və məhkəmə qərarının icra edilməsindən imtina olunması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Biz deyə bilmərik ki, beynəlxalq hüquq doktoru Sahil Babayevin DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin bu özbaşınalığından xəbəri yoxdur. Çünki elə bir ay olar ki, həmin Xüsusi Şərtlərlə Təyinat İdarəsi başqa bir pensiyaçının məhkəmə qərarı ilə təsbit edilən pensiyasını özbaşına dayandırıb və hələ də ödəmir. Nə qanunverici orqan -Milli Məclis , nə Ombudsman,  nə Ədliyyə Nazirliyinin icra baş idarəsi, nə də hüquq mühafizə orqanları Konstitusiyaya hörmətsizliyə son qoyulmasına nail ola bilir. ƏƏSMN gah audit şöbəsinin, gah Xüsusi Şərtlərlə Təyinat İdarəsinin şifahi göstərişinin Konstitusiyadan da üstün tutur! (?)
Hələ ki, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin diqqəti  xalqın doğma torpaqlarına qayıtması prosesinə yönəlib. Yəqin , ƏƏSMN rəhbərliyi də Prezidentdən ibrət götürüb vətəndaşların pensiyalarının özlərinə qaytarılmasına göstəriş verəcək.
 
Cəbrayıl HOVUSLU