"MTRŞ rəqəmli yayım problemini tezliklə həll etməlidir" - OSMAN GÜNDÜZ

Baxış sayı:
391

"Qurumun tezlik resurslarından səmərəli istifadə etdiyini, efirə normal nəzarət etdiyini düşünmürəm"
"Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Artıq 4 şirkət müraciət edib. 102.0 MHz efir radio tezliyi uzun illər Çingiz Mustafayevin adı ilə bağlı olan "ANS ÇM" radiostansiyasının istifadəsində olub. 2016-cı ildə "ANS ÇM"in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, MTRŞ-ın bu tezliyi müsabiqəyə çıxarması birmənalı qarşılanmayıb: "Hətta tanınmış ziyalılar və ictimai xadimlər bununla bağlı ölkə başçısına müraciət ediblər. Lakin MTRŞ-ın müsabiqə qərarı qanunidir. Allahın bəxş etdiyi bir təbii resurs olan tezlik resursu dövlətə məxsusdur. Dövlət onu hansısa müddətə istifadəyə verir. O zaman "ANS ÇM" bu haqqı qazanıb və ölkənin informasiya mühitinin inkişafında müstəsna rol oynayıb. Necə ki, dövlətə məxsus olan hansısa bir əmlakın və ya nəyinsə istifadəsiz qalmağı ziyanlıdır, həmin yanaşma boş qalan tezliyə də aiddir. Və MTRŞ da dövlət qurumu olaraq, öz səlahiyyəti çərçivəsində addım atıb. Şəxsən mən arzulayardım ki, bu tenderi ilk müstəqil radio olan "ANS ÇM"in adı ilə bağlı qurum qazansın".
Osman Gündüz hesab edir ki, dövlətə məxsus tezlik resursunun digər prinsiplərlə, müsabiqədən kənar bölüşdürülməsi doğru olmazdı: "Tenderə qatılan bəzi qurumlara müraciət etmək olar ki, bununla da onlar "ANS ÇM"in xeyrinə geri çəkilə bilərlər. Bu, daha uyğun variant olardı. Amma iştirak da onların haqqıdır. Hökuməti isə bu dövlət resursunu müsabiqəyə çıxarmaqda ittiham etmək ümumiyyətlə doğru olmazdı. Düşünürəm ki, MTRŞ rəqəmli yayım problemini tezliklə həll etməlidir. Hətta, fikrimcə rəqəmsal problemi həll edəndən sonra 102 Mhz tezliyi müsabiqəyə çıxarmaq daha faydalı ola bilərdi. Ümumiyyətlə, MTRŞ-ın tezlik resurslarından səmərəli istifadə etdiyini, efirə normal nəzarət etdiyini düşünmürəm. Adicə, digər bir dövlət qurumunun ildə 4 dəfə efiri tam olaraq söndürməsinə MTRŞ-ın laqeyd qalması bunun göstəricisidir. Mütəxəssislər bilir ki, hansısa tezlik resursunu istifadəyə tam hazırlamaq üçün xeyli xərc çəkmək lazım gəlir. Yəni bəlli tezlik resursu başqa radio rabitənin müdaxilələrinə məruz qalır. Adətən bu təmizləmə xərclərini Dövlət Radiotezliklər İdarəsi çəkir. Amma bəzən bunu tezlik əldə edənin də üzərinə qoyurlar. Əgər zamanında 102 Mhz sahiblərinin belə xərcləri olubsa, hansı ki, onu qanunla dövlət qurumu etməliydi, amma ola bilər ki, bunu "ANS ÇM" edib. Tenderə qatılan qurumların bunu nəzərə alması da bir vicdan, halallıq məsələsi ola bilər. Yəni qalib gələn digər qurum, sadəcə bunu nəzərə ala və ya almaya bilər".