Mətbuat fürsətcil diletantlardan təmizlənməlidir - TƏHLİL

Baxış sayı:
1324

Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün inadkar səyləri nəticəsində ölkə mətbuatı bərbad vəziyyətə salınıb

Azərbaycan milli mətbuatının 1875-ci il 22 iyuldan “Əkinçi” ilə başlayan həyat yolundan bu il 145 il keçdi. Həsən bəy Zərdabi xalqın inkişafını, tərəqqisini, dünya mədəniyyət irsindən faydalanmasının yolunu maarifçilikdə görürdü və bu məqsəd naminə “Əkinçi”ni meydana gətirdi. O, cəmiyyətdəki nöqsanları təsvir, tənqid və aradan qaldırmaq yollarını təsvir edərək, həmin dövrdə inkişaf yolunda olan ölkələrdə baş verən elmi, texniki, mədəni yeniliklər haqda polemikalar açır və xalqı qaranlığı yarıb işığa çıxmağa səsləyirdi.

O dövr üçün bu iş qəhramanlıq demək idi. Sonra isə “Əkinçi”nin sırasına “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri, “Molla Nəsrəddin” jurnalı qoşuldu. Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətini quran şəxslərin yetişməsində də bu maarifçilik məktəbinin rolu oldu. “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul (jurnal)” (1907), “Azərbaycan (jurnal)” (1906), “Kirpi” (jurnal), “Zənbur (jurnal)” (1909-1910), “Mirat” (1910), “An” (1910-1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir (jurnal)”, (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur (jurnal)” (1918-1919), “Zənbur (jurnal)” (1919), “Məşəl (jurnal)” (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı, bu dövr Bakıda rus dilində “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.

“Əkinçi” az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, onun milli mətbuat  tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu. Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da “Əkinçi”nin ideyalarını inkişaf etdirdilər.

Meydan Əli Həsənovun “qılıncının altından keçib” ev, maddi rifah əldə edənlərə və jurnalist sözünün “j”-sından belə, xəbəri olmayanlara qaldı

Bəli, 145 il əvvəl Azərbaycan mətbuatı xalqın inkişafı üçün canfəşanlıq, qəhrəmanlıqla çalışırdı. Sovet dövründə də Azərbaycan mətbuatı və jurnalistikası özünəməxsus inkişafa imza atdı. Son dövrlərdə, daha doğrusu, “Azərbaycanın eybəcər idarəetmə” sisteminin yaradıcısı Ramiz Mehdiyev və Azərbaycan mətbuatını “komaya salan”, “bitkisəl həyat” yaşamağa məruz qoyan Əli Həsənov cütlüyünün inadkar səyləri nəticəsində ölkə mətbuatı bərbad vəziyyətə salınıb. Belə ki, bu gün jurnalist peşəkarlığı Azərbaycan mətbuatı üçün əsas problematik məsələlərdən biri, bəlkə də birincisidir. Mətbuatımızın inkişafı üçün peşəkarlıq bir nömrəli məsələ olmalıdır. Digər problematik məsələ isə mətbuatın iqtisadi müstəqilliyidir ki, bu problem jurnalistlərin sosial vəziyyətinin qənaətbəxş olmamasına gətirib çıxarır və jurnalistlər cəmiyyətin ən zəif müdafiə olunan sosial təbəqəsinə çevrilirlər. Bəzən bu səbəbdən peşəkarlar mətbuatdan getmək məcburiyyətində qaldılar ki, nəticədə meydan Əli Həsənovun “qılıncının altından keçib” ev, maddi rifah əldə edənlərə və jurnalist sözünün “j”-sındəa belə, xəbəri olmayanlara qaldı.

Sevinc Sadıqova kimilər bu peşə üçün nə savada, nə təhsilə, nə danışıq qabiliyyətinə, nə də başqa keyfiyyətlərə malikdir

Bu “yeni nəsil jurnalist” təbəqəsi jurnalistikaya “çörəkli peşə” kimi baxırlar. Düzdür, bu çörəkli peşə ola bilər, əgər gərəkən şərait yaradılsa. Bu işə qəlbini və canını qoymaq lazımdır. Amma qeyri-ciddi “mətbuat” orqanlarında çalışanlar jurnalist deyillər. Onlar jurnalistikaya qara niyyətlə, ancaq şəxsi problemlərini həll etmək üçün gəliblər və bu tendensiya mətbuatda qarmaqarışıqlıq, dərəbəylik yaradıb, kimliyi bilinməyən işbazlar haram pul qazanmağın dalınca düşdülər. Bu şərəfli peşəni peşə etikasından, jurnalist sənətinin öyrənildiyi məkandan, bu sənəti təsdiq edən diplomdan xəbərsiz, jurnalistliyi əlinə telefon alıb hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “cəngi-cidaya çıxmaq” sananlar bu seqmentdə çoxluq təşkil edirlər. Söhbət rüşvət almaq ittihamıyla həbs olunan Əfqan Sadıqovun “qara pul daşıyan” xanımından gedir. Dünən turan.az-da yayılan məlumatda bildirilib ki, azel.tv nəşrinin “jurnalisti” Sevinc Sadıqova etiraz aksiyasını işıqlandırarkən xəsarət alıb. Əfqan Sadıqovun cənginə keçirdiyi iş adamlarından məlumatların yayılmaması müqabilində pul tələb etməsi və 10 min manat rüşvət alarkən cinayət başında yaxalanmasına baxmayaraq, Sevinc Sadıqova “jurnalist” fəaliyyəti ilə məşğul olur. Nəinki jurnalist, hətta bloggerlik qabiliyyətinə də malik olmayan Sevinc Sadıqova kimilər bu peşə üçün nə savada, nə təhsilə, nə danışıq qabiliyyətinə, nə də başqa keyfiyyətlərə malikdir. Bunu  təkzib edəcək heç bir dəlil də yoxdur. Jurnalist fəaliyyətini ortaya qoyacaq heç bir nailiyyəti olmayan, bu işi əlində telefon polisin işinə mane olmaqdan və reketlikdən ibarət olduğunu sananların “ələkdən keçərək” saf-çürük olmalarının vaxtı çoxdan çatıb, hətta bu işdə çox gecikmişik. Bu sənət jurnalistikanın, onun növlərinin, ən maraqlı bölməsi olan publisistikanın nə olduğunu anlamayan təsadüfi, fürsətcil diletantlardan arınmalı və təmizlənməlidir. Yalnız bu zaman sənətin dəyəri qalxa bilər. Yeri gəlmişkən, polisin işi və vəzifəsi qorumaqdır ki, bu da məlum olayda təmin olunub.

Məsələyə mətbuatın hansı yollardan keçib gəlməsi, formalaşması prizmasından yanaşdım ki, bu işin bünövrəsini qoyan azmanlar ilə indiki sosial şəbəkə və ya küçədən gələn kimliyi bəlli olmayan diletantlarla müqayisədə vəziyyətin haradan hara gəldiyi daha aydın bəlli olsun.

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org