Moskva türk dövlətinə şans vermir

Rusiyada indi dövlətçilik danışıqlar əsasında qurulmur.
 
Bunu jurnalistlərə Tatarıstanın səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı məsələni şərh edən Rusiya Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenko söyləyib. O, jurnalistin “Tatarıstanın səlahiyyətləri ilə bağlı yeni razılaşma konfliktə səbəb olacaqmı?” sualını şərh etməkdən imtina edib.
Qeyd edək ki, bir müddət öncə Rusiyada bütün muxtar respublika rəhbərlərinin prezident vəzifəsi ləğv edilib. Artıq onlar "muxtar respublika rəhbəri" adlandırılırlar. Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüsünün yeganə icra olunmadığı məkan isə Tatarıstandır. Özünün daxili müstəqilliyinə sahib olan Tatarıstanda Rüstəm Minnixanov hələ də prezident adlandırılır.
Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsi haqqında son razılaşma 2007-ci ildə imzalanıb. Avqustda bitən razılaşmaya əsasən, Tatarıstan özü müstəqil şəkildə xarici siyasi əlaqələr qura bilər, amma beynəlxalq razılaşmaları Moskva ilə birgə imzalamalıdır. Üstəlik, Tatarıstanda prezident təkcə rusca yox, həm də tatarca mütləq danışmalıdır.
Rusiya mətbuatı bir müddət öncə Moskvanın bu müqaviləni uzatmaq istəməməsi ilə bağlı məlumat yayıb./axar.az