Mənsimovun Hüquqlarını Müdafiə Komitəsi Əliyev və Ərdoğana müraciət etdi - "PALMALİ" RƏHBƏRİNİN ZAMİNƏ BURAXILMASI XAHİŞ OLUNUR

Baxış sayı:
16087

"Mübariz Mənsimovun ağır cərrahi əməliyyat sonrası aclıq aksiyası keçirməsi həyatına böyük təhlükədir" 

Xəbər verdiyimiz kimi, Qarabağ qaziləri iki gün əvvəl Türkiyədə həbs olunan "Palmali" şirkətinin prezidenti Mübariz Mənsimovun müdafiəsinə qalxıblar. Mübariz Mənsimovun Hüquqlarını Müdafiə Komitəsi yaradan qazilər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Türkiyə Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıya, Türkiyənin Bakıdakı Səfirliyinə və Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət ünvanlayıblar:
"Sayğılı dövlət başçıları!
Sizə müraciətimiz iki gün öncə məhkəmə qərarı olmadan  yaşadığı evə basqın edilərək saxlanılan Azərbaycan iş adamı, messenat Mübariz Mənsimovun istintaqın gedişində girov qarşılığında həbsdən azad edilməsi ilə bağlıdır. 
Biz əminik ki, soydaşımız məkrli düşmənçilik sifarişi ilə saxlanılıb və bu zaman onun şəxsi həyat və mənzil toxunulmazlığı hüquqları pozulub. Ona qarşı irəli sürülən ittihamların bir neçə il öncə incələnərək təsdiqini tapmaması da həbsin sifarişli olduğunu göstərir. 
Eyni zamanda Mübariz Mənsimov bir neçə gün öncə ağır cərrahi əməliyyat keçirib və onun məhbəs rejimində qalması sağlamlıq durumuna böyük təhlükədir. Toplumsal müdafiəçisi olduğumuz şəxsin baş verənlərə etiraz olaraq aclıq aksiyası keçirməsi bu təhlükəni daha da artırır.
Sizdən Türkiyə vətəndaşı olan Azərbaycan oğlunun həyatının qurtuluşu adına səlahiyyətinizdən yararlanmağı diləyirik. Yüz il qabağın olmayan “erməni soyqırımı”nı Türkiyənin ortasında “tanıdan”, dünənin Xocalı soyqırımını görməyən hansısa Hranta görə “hamını erməni edən” Ərdoğan bəy bu gün “hamımız Mübarizik” deyə TÜRKÜN müdafiəsinə qalxa bilməz? Heç çağ olmadığı kimi, bu gün bir olmalıyıq, MÜBARİZ olmalıyıq! 
Sayğılı Ərdoğan bəy! 
Sayğılı İlham bəy və Mehriban xanım!

Sizdən ədalət adına yapılan qanunsuz, sifarişli həbsə hüquqi don geyindirmək çabalarını durdurmağı, Mübariz Mənsimovun zaminə buraxılmasına yardımçı olmağınızı diləyirik. 
Sayğılarla, 
Komitənin baş katibi Məğrur Bədəlsoy".

Muxalifet.az
Redaksiyadan: Müraciətin sonunda qazilər onu da bildirir ki, "ölkədə yayılan koronavirus epidemiyası səbəbindən kütləvi tədbirlər keçirməyə qadağa qoyulduğundan,  Bakıdakı Türkiyə Böyük Elçiliyinin qarşısında “ Mübariz Mənsimova azadlıq!", “Sifarişlə ana-bacılarının yataq otağına soxulan Türkiyə polisinə ar olsun!” şüarları ilə planlaşdırdığımız etiraz piketini ertələyib, müraciətimizi elektron qaydada çatdırırıq".