MƏNDƏN DEMƏK... – Eldəniz Quliyev yazır

Baxış sayı:
10678

Düzdür, susmaq qızıldır, yəni susmaqla çox şey qazanmaq olar...
Amma bəzən danışmamaqla, yəni lal, ya mal kimi hər şeyə biganə qalmaqla... hər şeyi itirmək də olar!..
Bəzən elə xatalı söhbətlərin və elə haçalı vəziyyətlərin şahidi olursan ki, birbaşa bığla saqqal arasına düşürsən...
Və belə məqamda qəfil anlayırsan ki, susmamaq, vaxtında-yerində verilən sərrəst cavab qızıldan da, gümüşdən-filandan da qiymətlidir...
Aşağıdakı söhbətin olub-olmadığını dəqiq bilmirəm, amma onu bilirəm ki, hər birimiz dəfələrlə buna bənzər dialoq və situasiyaların canlı şahidi olmuşuq.
Diqqət yetirin.
"- Mən varam! Kasıb da olsam, imkansız da olsam, lap ac da qalsam, - vicdanım, ləyaqətim var. Namusla, qeyrətlə, şərəflə yaşamağa çalışıram. Hər yerdə, hər zaman öz əqidəmi, prinsiplərimi qorumağa cəhd eləyirəm...
- Noolsun?.. Elə bilirsən mən yoxam?.. Ləyaqətdi, şərəfdi-zaddı bunlar boş şeylərdi... Tutalım, dediklərin o zadlar məndə yoxdu - noolsun?! Zato, mən sənin kimi sürünmürəm, çabalamıram. Varım-dövlətim, vəzifəm-filanım!. Özümçün kefdə-damağda yaşayıram! Həyat insana bircə dəfə verilir! Belə yaşamışam, innən sonra belə də yaşayacam. Lap məni YOX kimi qəbul eləsələr də.
- Yox, sən YOX deyilsən...sən yoxun pis qoxulu həmqafiyəsisən!"
-
- İcazənizlə qafiyəni də, həmqafiyyəni də kənara qoyub keçək mətləbə. Görünən budur ki, bizlər artıq münasibətlər sistemində təhlükəli bir mərhələyə qədəm qoymuşuq. Və bu mərhələdə iki qütb arasında aşkar antaqonizm özünü hər sahədə biruzə verir.
Burada kiçik haşiyə çıxıb ərz eləyək ki, antaqonizm istər-istəməz konfrontasiya yaradır, konfrontasiya nifrət, nifrət isə, öz növbəsində ədavətə, münaqişə və dava-dalaşa gətirib çıxarır.
Beləliklə, bir tərəfdə əhalinin günbəgün yoxsullaşan, hətta çörəklə imtahana çəkilən böyük əksəriyyəti, digər tərəfdə isə var-dövlət hərisliyi ilə yaşayan və hər ötən gün daha da zənginləşən, bəzi hallarda isə hətta qudurğanlıq mərəzinə yoluxan nəfs qulları...
Ən pisi, bu təbəqələrin hər ikisi layiq olmadıqları taleyi yaşamağa məhkumdurlar. Yəni varlananlar, bir çox hallarda qabiliyyətinə, savadına, bacarıq və istedadına görə yox, kimin, ya kimlərinsə yaxını, qohumu, yaxud oğru, riyakar və yaltağ olduğuna görə zəngin, dəbdəbəli həyat qazanır. Digər tərəf - kasıb, çörəklə imtahana çəkilənlər isə, iş bacarmadığına, tənbəl olduğuna görə yox, məhz kimsəsiz, arxasız, yuxarılarla bağlılığı olmayan, pişiklənməyi, yalanı, riyakarlıqlığı bacarmadığına görə məhrumiyyətlər burulğanına düşür...
Qısası, bu iki toplum və ya təbəqə arasında yaranan fərq eynilə dartılan rezin fenomeninə bənzəyir. Rezin dartılır, dartılır və... bir nöqtədə qəfil parçalanıb qırılır... Belə vəziyyətdə, şübhəsiz ki, hər iki tərəf çox ağrılı zərbə yeməli olur!..
Razılaşın ki, hazırda mövcud olan sosial-iqtisaďi-siyasi və psixoloji durum günümüzün acı reallığı, eləcə də həm komik, həm də tragik bir situasiyadır. Lap məşhur "Arşın mal alan" filmindəki Soltan bəylə qulluqçu Vəlinin xəncəri dartıb qınından çıxarmaq səhnəsini xatırladır...
Sözümün canı budur ki, bu gün cəmiyyətimiz xəncərin qınından çıxmasını...  bir az qorxuyla, bir az da həsrətlə gözləyir!..
Allah axırını xeyir eləsin!
P.S. Yavaş-yavaş, qətrə-qətrə yığılan etiraz enerjisinin, nə vaxtsa sinergetik enerjiyə çevrilib partlayış yaratmayacağına kim zəmanət verə bilər ki?!
Eldəniz QULİYEV