MƏMMƏDYAROVUN OĞLUNA ALDIĞI 4,2 MİLYON DOLLARLIQ MƏNZİLLƏR... - İddialar rəsmi təsdiqini tapdı, pullar nəğv ödənib və...

Baxış sayı:
3373

“Turan” İnformasiya Agentliyinin Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə iki mənzil alıb.

Bu yaxınlarda Məmmədyarovlar ailəsinin sərvəti və Manhettendə mənzillərilə bağlı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkələrdə başlatdığı diskussiyalardan sonra TURAN-ın müxbiri nazirin 31 yaşlı oğlunun əmlakı barədə daha ətraflı məlumat əldə etmək üçün Nyu-York hakimiyyətinə müraciət edib. Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.

2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.

Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.

Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da cavab almayıb.

Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.

Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.

ABŞ daşınmaz əmlak bazarı xarici kleptokratlar tərəfindən çirkli pulların yuyulması üçün sevimli yerdir.

Faktiki olaraq, oğurlanmış sərvətlərin böyük hissəsi beynəlxalq kölgə bank sistemindən keçir və ABŞ bazarına daxil olur ki, bu da Qərb demokratiyası və iqtisadiyyatı üçün nəticələrə səbəb olur.