Millət vəkili azərbaycanlı nazir təyinatında İSRAR EDİR

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhaninin yeni Nazirlər Kabinetində türklərin yer almamasına növbəti dəfə etiraz edib. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etirazlarını davam etdirəcəyini deyən millət vəkili hələ ki, təyin edilməyən energetika və elm, tədqiqat və texnologiyalar naziri postları haqda xəbərdarlıq edib: 
“Nazirlərin siyahısı parlamentə təqdim olduğu zaman mən prezidentə dedim ki, Azərbaycandan heç bir nazirin adı siyahıda yoxdur. Ona görə də ən azı elm, tədqiqat və texnologiyalar naziri türklərdən seçilməlidir. Bu haqda hələ ki, müzakirələr gedir, nəticənin nə olacağını demək çətindir”, - deyə o bildirib. 
Millət vəkili qeyd edib ki, parlamentə təqdim olunacaq nazir türk olarsa, ona səs verəcək. 
Qeyd edək ki, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib. Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.