Milli Məclisdə sədrdən başqa deputat yoxdur? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
1226

Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusunun Azərbaycan Respublikası Konstitusiyası ilə , “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 17.05.1996-cı il tarixli 73-lQ saylı qanunla və digər qanunlarla müəyyən edilməsi qanunverici orqanın üzvlərinə gizlin olmaz yəqin. Axı qanunu özləri qəbul ediblər. Dİ gəl, deputatlar özlərinin qəbul etdikləri qanunun, deyəsən, ancaq özlərinə sərf edən maddələrindən xəbərdardırlar, ancaq özlərinə vəkillik edib,  kirayə , nəqliyyat, telefon, sığorta  pulu, mənzil və s. güzəştlər əldə etmək haqqında danışırlar . Vəkilləri olduqları millətə gəldikdə isə...
Ən populyar “milli”  vəkillik” qanunverici orqanın icra və məhkəmə hakimiyyəti orqanlarının işinə qarışmaq səlahiyyətinin  qanunda nəzərdə tutulmadığını vurğulamaqdır. Millətin seçicisinin hansı rayondan, hansı seçki dairəsində qeydiyyatda olmasının da millət vəkillərinin deputatlıq səlahiyyətlərinin icrasından “öz rayonlusu, öz seçicisi olmaması” səbəbindən  imtinasını “qanunlaşdıran” hallardandır. Bu yersiz  yerlibazlıq “qanunu” ilə gərək Milli Məclis sədrinə   yalnız Şəmkirdə qeydiyyatda olanlar müraciət etsin və sədr də yalnız öz seçicilərinin müraciətlərinə cavab versin.  Gerçəkdə isə elə sədrdən özgə müraciətləri cavablandıran, qanunla doğrulanan deputat səlahiyyətini icra edən millət vəkili yoxdur. Təkcə  Milli Məclisin sədri millətə vəkillik edəcəksə, onda 125 deputata , 15 komitəyə  nə ehtiyac var? Deyə bilərsiniz ki, sədrin köməkçiləri yaxşı işləyirlər. Bəs o birilərin də köməkçiləri var də! Elə köməkçilər vətəndaş müraciətlərini köməkçisi olduğu deputata çatdırmır. Pandemiyanı, covid-19-u bəhanə edənlərin arqumentinin elə bəhanədən özgə bir şey olmadığını  MM sədrinin müraciətləri  operativ cavablandırması faktı ortaya qoyur.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4 -cü maddəsində deputatın səlahiyyətlərindən birinin DEPUTAT SORĞUSU vermək, 5-ci maddəsində deputatlıq fəaliyyətini belə sorğu vermək, seçicilərlə iş aparmaq formasında da həyata keçirməli olması doğrulanıb. İndiyədək hansısa deputatın hansısa məhkəmə və ya icra hakimiyyəti orqanına sorğu verməsini eşidən - bilən varmı? Halbuki sözügedən qanunun 10-cu maddəsində deputatın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş prokurora və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə,  Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu vermək hüququ doğrulanıb. 14-cü maddəyə əsasən, deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarının , məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının vəzifəli şəxsləri tərəfindən TƏXİRƏ SALINMADAN QƏBUL EDİLMƏLİDİR. Hansısa deputatın hansısa vətəndaşın hüquq və  azadlıqlarının qorunması üçün hansısa nazirin,  hansısa prokurorun,  hansısa məhkəmə sədrinin , hakimin qəbulunda olduğunu eşidən -bilən varmı? İddia etmirik ki,  belə sorğular verilmir,  qəbullar olmur. Olur, amma millət üçün yox, şəxsi maraqlar, oğul - uşaqların dolanışığı adına. Qanunun 19-cu maddəsi deputatın seçicilərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin  TƏMİN EDİLMƏSİ üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları , məhkəmə hakimiyyəti, prokurorluq orqanları  qarşısında məsələlər qaldırmasını, bu deputatlıq fəaliyyətinin təmin olunmasında sözügedən orqanların deputata köməklik etməli olduğunu doğrulayır. Deputatlar özlərinin özləri haqqında qəbul etdikləri bu qanundan yalnız özlərinin , öz oğul – uşaqlarının, öz  ailələrinin mənafeyi adına yaralanmaları “doğma – yad” bölgüsündən bəlli olur.
Məhkəmə , icra hakimiyyəti orqanlarının işinə deputat korpusunun qarışa bilməzliyi barədə deyilənləri “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 20 -ci maddəsi darmadağın edir :”Deputat seçicilərin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək müvafiq mərkəzi və yerli icra və MƏHKƏMƏ hakimiyyəti orqanlarına ( MƏHKƏMƏ ORQANLARININ KONKRET İŞLƏ BAĞLI FƏALİYYƏTİNƏ MÜDAXİLƏ ETMƏK ŞƏRTİLƏ), prokurorluq orqanlarına , yerli özünüidarə orqanlarına müraciət edə bilər” . Sözügedən orqanların deputata  15 gündən gec olmayaraq cavab verməyə borclu olması da 20-ci maddədə əks olunub. Sonuncu dəfə 40 gün qabaq 03.12.2021-ci ildə qanuna edilən dəyişikliklə deputatın məhkəmələrin konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etmək hüququndan məhrum edilmədiyi bir daha doğrulanıb. Belədə niyə deputatlar məhkəmə hakimiyyətinin işinə qarışa bilmədiklərini vurğulayıb özlərinin qəbul etdikləri qanuna hörmətsizlik edirlər? Niyə deputat səlahiyyətlərindən öz mənafeləri,  öz hüquqları,  öz ailələri adına yararlanırlar? Sizdən soruşuruq, MM-in sədr müavinləri,  komitə sədrləri  ,  müavinləri,  “müxalifət” deputatları, niyə müraciətlərə cavab vermirsiniz? Bəyəm millət vəkili təkcə sədr Sahibə xanımdır? Onda niyə hər biriniz büdcədən 120 manata göz dikdirdiyiniz 50 əsgər -qazinin müavinətinə göz dikirsiniz?
 
Məğrur BƏDƏLSOY