Məhkəmə hakimiyyəti məhkəmə təminatı hüququna qadağa qoyub - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
20047

Bakı İnzibati Məhkəməsinin və yuxarı inzibati kollegiyaların öz konstitusiyası var?

Azərbaycan Respublikasının baş qanununun Azərbaycan Respublikasının Konstitusiyası olması elə Konstitusiyanın 147-ci maddəsi ilə doğrulanıb. Ana Qanunun 125-ci maddəsi məhkəmə hakimiyyətini Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə   yalnız məhkəmələrin həyata keçirməsini, məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməli olmasını doğrulayır. Hakimlərin müstəqilliyi və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabeçiliyi , işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun  baxmaları da Konstitusiyanın tələbidir . HƏR HANSI BİR ŞƏXS TƏRƏFİNDƏN VƏ HƏR HANSI BİR SƏBƏBDƏN BİRBAŞA VƏ YA DOLAYI YOLLA MƏHKƏMƏ İCRAATINA MƏHDUDİYYƏT QOYULMASI, QANUNA ZİDD TƏSİR, HƏDƏ VƏ MÜDAXİLƏ EDİLMƏSİNİN YOLVERİLMƏZLİYİ də Konstitusiyada əks olunub.
Bəs niyə məhkəmələr özləri məhkəmə hakimiyyətini qıraqdan sifarişlə heçə çıxarıblar ? Yoxsa, hər məhkəmənin, hər hakimin öz qeyri-prosessual məcəlləsi, öz “daxili inam” qanunu , öz konstitusiyası var? ! Dəhşətdir, başlıca görəvi vətəndaş hüquq və azadlıqlarını ədalət mühakiməsi yolu ilə gerçəkləşdirmək olan məhkəmə hakimiyyəti konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan inzibati və məhkəmə təminatı hüququna qadağa qoyub! Belədə hansı hüquq və azadlıqlardan, qərəzsizlikdən, ədalətdən,  hakimiyyət bölgüsündən danışmaq olar?
Faktlara üz tutaq. Bakı İnzibati Məhkəməsi 6-cı ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarının icrasını İPM-in 116. 2 maddəsinə əsasən nəinki təmin edir, əksinə, borclu inzibati orqanın -ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin  (hazırda  tabeliyindəki  Sosial Xidmətlər Agentliyinin)  sifarişi ilə tələbkarın verdiyi ərizələrə belə baxmaqdan imtina edir. Halbuki, İPM-in 120-ci maddəsinə görə, məhkəmə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının ərizələri əsasında üzərinə qoyulan öhdəlikləri icra etməkdən imtina edən inzibati orqana icra üçün müddət müəyyən etməli və 50 min manata qədər cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. Öhdəlik yenə də icra edilməzsə, cərimənin təkrar tətbiq ediləcəyi də İPM-in tələbidir. Bəs niyə Bakı İnzibati Məhkəməsinin hakimi Şərafət Məmmədova qanuna, məcəlləyə yox, inzibati orqanın qeyri-prosessual göstərişinə uyğun hərəkət edib və ümumiyyətlə, heç icra sənədi də verməyib?! Bu qeyri -prosessual peşəkarlığına görə, apellyasiya instansiyasına təyinat alan hakimi əvəzləyən Aygün Abdullayeva də son 3 ildə, bir dəfə də olsun , tələbkar Qarabağ qazisinin ərizələrinə baxmayıb. Belə özbaşınalıqla Qarabağ qazisi məhkəmə təminatı hüququnu,  mənzil təminatı hüququnu əldə edə bilər? Təsəvvür edin, borclu inzibati orqanın – diskresion səlahiyyətər əsasında hərəkət edən  ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin mənzilləri rüşvətlə gizlin bölməsinə belə məhkəmə hüquqi qiymət verilməsini təmin edə bilməyib! Elə bil, inzibati orqan məhkəmədən yox, məhkəmə inzibati orqandan öhdəlik götürüb! (?) Məhkəmə sədrləri Rəşid Rzayev və 2 ildir onun yerinə otuzdurulan Araz Hüseynov isə məhkəmə hakimiyyətinin müstəqilliyini ƏƏSMN -in qeyri-prosessual basqısına qurban vermək yolunu tutublar. Sədrlikdən söz düşmüşkən, bəyəm sədrlik kürsüsü bu hakimlərin altına yazılıb? Fikir verin, Rəşid Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədrliyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə,  oradan Xətai məhkəməsinə sədr edilib. Araz Hüseynov Səbail məhkəməsinin sədrliyindən  Bakı İnzibati Məhkəməsinin sədrliyinə, Mübariz Əkbərov Şəki Apellyasiya Məhkəməsinin rəhbərliyindən Bakı Apellyasiya Məhkəməsinin sədrliyinə  transfer edilib. “Qoca” sədrlər -Ələddin Cəfərov Nəsimi, Yasamal məhkəmələrinin sədrliyindən hazırda Bakının Nizami məhkəməsində, 70 yaşı olacaq İlqar Abbasov Sabunçu məhkəməsində “kapitan” kimi lövbər salıblar. Siyahını uzatmaq da olar. Onu da vurğulayaq ki, “ Məhkəmələr və hakimlər haqqında” qanunun tələbinə görə Ali Məhkəmə hakimlərinin yaş həddi 68, digərlərininki 66 yaşdır. Niyə qanunun bu tələbinə əməl edilmir, niyə sədrlik postu “gəncləşdirilmir” ?
Nə isə, qonuya – mövzuya qayıdaq. Bakı İnzibati Məhkəməsinə Sabunçu məhkəməsindən Ədliyyə Nazirliyindəki tanışları vasitəsilə ezam olunmaqla ləğv edilmiş qərardadı üzrə işə hakim təyin olunmuş Rüstəm Kərimlinin niyyəti , amalı da cavabdeh Nərimanov bələdiyyəsindən götürdüyü rüşvət öhdəliyini icra etmək, işi gizlətmək olub və bu niyyətinə başabəla hakim nail olub. İddiaçı Qarabağ qazisinin işin başqa vicdanlı hakimə verilməsini tələb edən bir illik müraciətlərinə cavab olaraq məsləhətçi –“hakimlər” bildirib ki, 01.12.2020-ci ildə iddia mümkün sayılmayıb. Axı, həmin tarixdə Ali Məhkəmənin 27 .11.2020 tarixli Məlumatı ilə işlərə baxılması dayandırılıb, necə “evdəqal” rejimində məhkəmədən kənar qərardad qəbul edilə bilər? Araz Hüseynov ilə Rüstəm Kərimlinin qeyri -prosessual ilişgisi göz önündə olsa da, hələ də nə bu qeyri -prosessuallığa hüquqi qiymət verilib,  nə də Qarabağ qazisinin mülkiyyət, məhkəmə təminatı hüququ bərpa edilib. Fərid Mədətli isə 17.06.2020 tarixli iclasa bildirişi smslə elə iclas günü verib. Özü də cavabdeh “Azəriqaz”a qarşı sms-bildirişi də iddiaçıya göndərib. Təbii ki, belə qanunsuzluqla iclas keçirilə bilməz. MPM-in tələbinə görə, İclasa bildiriş, onun vaxtına ən azı on gün qalmış verilməlidir. Fərid Mədətli də özünü “Azəriqaz”ın vəkili kimi aparıb, köhnə tarixə saxta qərarını hələ də verməyib ki, apellyasiya şikayəti verilsin. Bakı İnzibati Məhkəməsinin cavabdeh dövlət orqanlarının vəkil bürosu rolunda çıxış etməsini Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığı hüququna qoyulan qadağanın götürülməsi” tələbi ilə 40 gündür qaldırılan iddianı gizlətməsində də açıq üzə çıxır. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsinə görə isə, belə iddialara məhkəmə iki günə baxmalıdır. 20 “iki gün” keçib, hələ də iddiadan xəbər yoxdur. Belə hüquq, belə azadlıq, belə məhkəmə olar? Məhkəmənin işi məhkəməyə daxil olan ərizələrə baxmaq deyil?  Bakı İnzibati Məhkəməsinə,  sədr Araz Hüseynova BŞİH-in hansı məmuru iddianı gizlətməyə göstəriş verib?
Sonda yuxarı instansiya məhkəmələrinin də Konstitusiyaya yox, qeyri -prosessual ilişgiyə üstünlük verdiyini bir daha vurğulamaq yerinə düşər. Təsəvvür edin, Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyəti düz 4 ay 20 gündür 03.08.2021 tarixli Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN yanında DSMF-ə qarşı iş üzrə qərarını verməkdən imtina edir. 140 gündür Qarabağ qazisi kassasiya şikayəti hüququndan məhrum edilib. Yujdaq institutunun ölkədə tanınmayan diplomu ilə hakimlik edən Xəyalə Cəmilovanın sədri olduğu heyət isə 14.04.2021 tarixli qərardadını 8 ay 10 gündür verməkdən imtina edir! (?) Bu heyətin özbaşınalığı o həddədir ki, digər iki hakim Namiq Cəfərov və Vahid Sadıqov   inzibati kollegiyanın yox, mülki kollegiyanın üzvləridir! (?) Saxtalıq bununla da bitmir, Xəyalə Cəmilova və mülki kolleqaları Qarabağ qazisi kassasiya şikayəti vermək üçün vəkil ayrılmasına ərizə vermədiyi halda  (axı, qərarı almayan proses iştirakçısı ondan necə şikayət verə bilər? -M.B.), Bakı Apellyasiya Məhkəməsinin sözügedən “qarışıq kollegiyası” özbaşına tərəfin adından vəkillə təmin olunmaq barədə ərizə yazıblar və özlərinə də 0 il stajlı vəkil təyin etdiriblər? Bu, ciddi qanun pozuntusudur, məhkəmə saxtakarlığıdır və bu hüquq pozuntusunu Məhkəmə Hüquq Şurası, baş prokurorluq araşdırmalıdır . Kassasiya instansiyasına gəldikdə, Milli Məclisdən Ali Məhkəməyə  yeni transfer olunan Səyyad Kərimov da 06.10.2021 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin  (h. İlqar Cabbarov ) adından çıxardığı saxta qərarını 2 ay 18 gündür verməkdən imtina edir. Yəqin, kommentariyasını yazdığı İnzibati Prosessual Məcəlləyə yeni şərhlər əlavə etməyə başı qarışıb. İstənilən halda, istər dövlətin adından , istər Şəki “Respublikasının” adından olsun, çıxarılan qərar proses iştirakçısına verilməlidir, axı!  Bunun “İnzibati Prosessual Məcəllənin kommentariyası”na nə qarışacağı var? Nə qədər gec deyil, Səyyad Kərimov “Şəki dövləti” adından çıxardığı qərarı versin ki, Xəyalə Cəmilova, Rüstəm Kərimli, Fərid Mədətli kimi 1-2 illik axtarışa ehtiyac qalmasın.
Məğrur BƏDƏLSOY