"Mehman zəng etmişdi, səsi çox zəif idi" - BLOGERİN ATASI

Baxış sayı:
2500

Mehman Hüseynov yanvarın 5-də telefonla atası ilə danışıb.

Bu barədə blogerin atası Rafiq Hüseynov yanvarın 6-da "Ameirkanın Səsi"nə bildirib.

“Dünən Mehman zəng etmişdi. Dedi ki, ikinci gün yanına gəlim, ona su aparım. Həmişə yeməklər gətirməyimi xahiş edirdi. Bu dəfə ərzaq haqqında danışmadı, yalnız su istədi. Səhhətini soruşdum. Mənə sağlamlıq durumu barədə bir söz demədi. Neçə dəfə soruşdum, araya söz qatdı. Həmişə mənimlə gülə-gülə, çox xoş danışardı. Bu dəfə elə deyildi, səsi çox zəif idi. Tənginəfəs olurdu, dayana-dayana danışırdı”, Rafiq Hüseynov Amerikanın Səsinə bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.