“Mehman Hüseynov barəsində qaldırılan cinayət işi ləğv edilsin…” – HAKİMİYYƏTƏ QARŞI SƏRT BƏYANAT

Baxış sayı:
13027

Bu gün ADP İdarə Heyəti 2019-cu ilin ilk toplantısını keçirib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə həbsdə olan siyasi fəal, bloqer Mehman Hüseynov barəsində təkrar cinayət işinin açılması faktını qətiyyətlə pisləyib, bu faktın siyasi motivli, qərəzli xarakter daşıdığını diqqətə çatdırıb və hakimiyyəti M.Hüseynov barəsində qaldırılan cinayət işini ləğv etməyə, həbsdə olan siyasi məhbuslara qarşı təkrar cinayət işlərinin açılması ənənəsinə son qoymağa, insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalmağa çağırıb.
İdarə Heyəti ötən ilin yekunlarına dair aparılan sorğular nəticəsində ÜDM-un istehsalına görə Azərbaycanın MDB məkanında axırıncı yeri tutması faktına diqqət çəkərək, hakimiyyəti sosial-iqtisadi gərginliklərlə müşahidə olunan yanlış iqtisadi diyasətə son qoymağa, iqtisadiyyatın liberallaşdırılması, monopoliyanın aradan qaldırılması, azad bazar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirməyə çağırıb.
İdarə Heyəti Təhsil Nazirliyinin orta təhsil müəssisələrində müxtəlif fənlər üzrə dərs deyən bir qrup müəllimlər arasında onların ixtisaslarına uyğun olaraq keçirdiyi qapalı tipli test imtahanlarında həmin müəllimlərin mütləq əksəriyyətinin ən aşağı səviyyədə bal toplaması faktından dərin narahatçılığını ifadə edib, bu faktın arxasında Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinin durduğunu qeyd edərək, hakimiyyətdən Azərbaycanın strateji hədəflərinə uyğun təhsil siyasəti yürütməyi, təhsil sahəsində çalışan insanların əmək haqlarının artırılmasını və təhsilin səviyyəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atmağı tələb edib.
İdarə Heyəti bir sıra şəxslərin Litva bankları vasitəsi ilə İngiltərəyə küllü miqdarda pul köçürülməsi ilə bağlı adı çəkilən ölkədə bu əməli törədənlərə qarşı cinayət işi qaldırılması faktını təqdir edib və hakimiyyəti bu işdə əli olan Azərbaycan məmurlarının məsuliyyətə cəlb olunması istiqamətində addımlar atmağa çağırıb.
İdarə Heyəti son vaxtlar bir çox məsul dövlət rəsmilərinin Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı bəyanatlar səsləndirməsini qətiyyətlə pisləyib, bu cür bəyanatların ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təhdid edən hərəkət kimi dəyərləndirib və bu bəyanatların arxasında ölkənin milli sətvətini talayan məmurların Rusiyasının himayədarlığına sığınmaq cəhdinin durduğunu diqqətə çatdırıb.
İdarə Heyəti sonda ötən həftə ölkənin bir qrup ictimai-siyasi şəxsləri tərəfindən “Azərbaycan Xalq Hərəkatı”nın elan olunmasını da müzakirə edib. Müzakirələrdə “Azərbaycan Xalq Hərəkatı”nın elan olunması təqdir edilərək, bunu ölkəni düşdüyü indiki ağır sosial-iqtisadi vəziyyətdən çıxarmaq üçün yeganə məqbul siyasi yol kimi dəyərləndirilib. İdarə Heyəti eyni zamanda Azərbaycan xalqını ölkəmizin taleyinə seyrçi mövqedə durmamağa, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək özünütəşkil yolu ilə “Azərbaycan Xalq Hərəkatı”na dəstək verməyə, ölkəmizin düşdüyü ağır sosial-iqtisadi böhrandan dinc və demokratik yollarla çıxmağa təşəbbüs göstərməyə çağırıb.  
 
Muxalifet.az