“Manatın dollara dəyişdirilməsi zamanı tutulan 4% vergi deyil...”

Əkbər Həsənov: “Mərkəzi Bank ölkə banklarının 4%  həddində komisyon haqqı tutmasına imkan verib”.
 
“Dollar kreditlərinə ediləcək güzəştin maliyyə nizamını alt-üst edəcəyi ilə bağlı fikir əsassızdır”

 
Dollarla götürülən kreditlərə dövlət tərəfindən hər hansı güzəştin tətbiqi ilə bağlı cəmiyyətin gözləntiləri nəticə vermədi. Belə ki, sözdə hər zaman humanizm prinsipindən danışan rəsmilər bu məsələdə vətəndaşlara cüzi də olsa güzəştə getməyin mümkünsüz olduğunu vurğuladı. Məlum məsələyə münasibət bildirən Mərkəzi Bankın sədri qeyd etdi ki, dollar kreditklərinə güzəşt maliyyə nizamını poza bilər.
E.Rüstəmovun məlum açıqlamasından sonra media qarşısına çıxan maliyyə naziri Samir Şərifov isə bu məsələyə birdəfəlik son qoydu. Maliyyə naziri bildirdi ki, bank xeyriyyə cəmiyyəti deyil və hər hansı güzəştdən söhbət gedə bilməz.
Maraqlıdır, dollar kreditlərinə güzəşt doğrudanmı ölkənin maliyyə nizamının alt-üst edə bilər? Həqiqətənmi bu məsələdə vətəndaşlara hər hansı güzəşt mümkünsüzdür?
Bununla bağlı “Hürriyyət”ə açıqlama verən bank-maliyyə sistemi üzrə ekspert Əkrəm Həsənov dollar kreditlərinə ediləcək güzəştin ölkənin maliyyə nizami üçün hər hansı təhlükə kəsb etmədiyini vurğuladı: “Əlbəttə ki, dollar kreditlərinə güzəşt etmək, vətəndaşların mövcud durumunu nəzərə alaraq hansısa addımlar atmaq ölkənin maliyyə nizamını alt-üst etməz. Bunu sadəcə, həmin güzəştlərdən imtina etmək üçün deyirlər. Əslində bunu heç güzəşt də adlandırmaq olmaz. Bu, sadəcə bankların büdcədən pul qoparmaq cəhdi idi. Hansı ki, müsbət nəticələnmədi”.
Ekspert ölkədən 50 min manatdan artıq pul çıxaran şəxslərin çıxartdığı vəsaitin 20%-nin vergi kimi tutulacağı ilə bağlı yeniliyin də ciddi problemlərə yol açacağını vurğuladı: “Ümumən, bu qərarın təyinatı aydındır. Məqsəd ölkədən çıxan valyuta axınının qarşısını almaqdır. Amma bu, kifayət qədər gecikən bir qərardır. Həm də məsələ bundadır ki, bu prosesin mexanizm tam, aydın şəkildə göstərilməyib. Hesab edirəm ki, bu səbəbdən də təcrübədə problemlər çox olacaq. Bu, həm də qara bazarın aktivləşməsinə səbəb olacaq”.
Ə.Həsənov xaricə pul köçürmələri zamanı məzənnəyə uyğun olaraq manatı dollara dəyişən zaman bankların 4% vəsait tutmasına da aydınlıq gətirdi. Ekspertin sözlərinə görə, bir çoxları bunu vergi hesab etsə də, bu, vergi yox, komisyon haqqıdır: “Manatın dollara dəyişdirilməsi zamanı tutulan 4% vergi deyil. Bu, bankların komisyon haqqıdır. Mərkəzi Bank ölkə banklarının 4%  həddində komisyon haqqı tutmasına imkan verib”.
 
"Hürriyyət"