Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...

Baxış sayı:
3907

49 yaşlı rusiyalı milyarder Dmitri Oberetskinin Londonda müəmmalı ölümü ilə bağlı polis araşdırma aparır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Oberetski noyabrın sonlarında Londonda avtomobillə vurulub və bir həftə komada qaldıqdan sonra xəstəxanada keçinib. Yaxınları bu hadisənin təsadüf olmadığını və biznesmenin qəsdən vurula biləcəyini deyirlər. Dmitri Oberetski Volqoqrad vilayətindəndir və “Maqnat” şirkətlər qrupunun sahibi olub. Onun şirkəti Amerikanın “Proctor & Gamble” şirkətinin, habelə “Nestle” və digər brendlərin Rusiyadakı rəsmmi distribütorudur. Britaniya KİV-ləri milyarderin vurulduğu qəzanın qurama ola biləcəyini yazır. “O, son səkkiz ildir Londonda yaşayırdı, 22 yaşlı oğlu ilə ora köçmüşdü. Daşınmaz əmlakın satışı ilə məşğul olurdu. Arvadı haqda heç nə bilmirəm, soruşmamışam. O, Rusiyaya iş dalınca gəlib-gedirdi. Bilirsiniz, Londonda insanlar çox səliqəli maşın sürürlər və mən istisna etmirəm ki, onu qəsdən vurublar”,-milyarderin tanışlarından biri deyib. Maraqlıdır ki, Oberetskinin ölümündən sonra onun şirkətinin əməkdaşları forumlarda milyarderin barəsində mənfi fikirlər paylaşıblar. Milyarderin ölümünün şübhəli olduğunu onun keçmiş biznes-partnyoru və yaxın dostu Dmitri Tozik də bildirib. O, hazırda istintaq təcridxanasındadır və sahibi olduğu dəmir-beton zavodunu bilərəkdən müflisləşdirməkdə, fəhlələrin əmək haqlarını verməməkdə ittiham olunur. KİV-lər yazırlar ki, Böyük Britaniya polisi Oberetskinin başından aır zədə aldığı və sonradan xəstəxanada keçindiyi qəzanın şahidlərini axtarır. Sürrey qraflığının polisi bildirir ki, qəza noyabrın 25-də, Oksşott şəhərinin Uorren-leyn küçəsində axşamtərəfi baş verib. Oberetski iti ilə gəzintidə olarkən üç avtomobil toqquşub, avtomobillərdən biri onu vurub. “Biz şahidlərdən xahiş edirik ki, qəza ilə bağlı əllərində olan bütün dəlilləri, videoreqistartorlardan görüntüləri təqdim etsinlər”,-polis bildirir. Milyarderin uşaqları isə KİV-lərdən xahiş ediblər ki, baş verənlər barədə ehtimallar qurmasınlar, çünki bu təhqiqatın gedişinə mane ola bilər. Oberetskinin Rusiya hakimiyyəti ilə problemlərinin olduğu haqda məlumat yoxdur. Adətən Kremlin düşməni statusu qazanmış oliqarxlar və milyarderlər Londonda müəmmalı şəkildə ölürdülər.