"Əliyev dediklərində səmimidir, Paşinyan isə əsl niyyətini örtməyə çalışır" - ARİF ƏLİYEV

Baxış sayı:
419

Cənubi Qafqaz dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri, İrəvan və Bakıda verdiyi bəyanatlar, Batumidə beynəlxalq konfransda iştirakı da göstərir. Avropa Birliyinin ali nümayəndəsinin regiona atəşkəsin pozulması fonunda səfər etməsi vəziyyətə əlavə rəng qatır. Bununla paralel, gərginlik fonunda Prezident İlham Əliyevin iyulun 20-də Moskvaya gözlənilən səfəri xüsusilə diqqət çəkicidir. Bu səfərlə Əliyevdən əvvəl Moskvada müzakirələr aparan Nikol Paşinyanın nələrə razı olub-olmadığı da üzə çıxacaq.

“AzPolitika.info” mövzunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, siyasi təhlilçi Arif Əliyevlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Arif müəllim, son günlər atəşkəsin birtərəfli şəkildə pozulması, erməni tərəfinin gözlənilmədən Azərbaycan mövqelərinə sistemli atəş açması müşahidə edilməkdədir. Siz müharibədə məğlub olan tərəfin son dövrlərdə “növbədənkənar həyasızlığını” nə ilə izah edirdiniz?

- Söhbət hərbi məzmunlu informasiyalardan getdiyindən birbaşa fikir bildirmək çətindir. Amma məntiq və təhlil onu göstərir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan istər sərhəd bölgəsində, istərsə də Qarabağdakı ərazilərdə, hadisələr onların xəbəri olmadan baş verə bilməz. Bu birmənalıdır. Odur ki, mən bu atəşkəsin pozulmasını xaotik proses kimi deyil, bir-birilə əlaqəli məsələ kimi qiymətləndirirəm. Xüsusilə, nəzərə alsaq ki, atəşkəsin pozulmasına dair üç faktdan biri Naxçıvan istiqamətində, məhz sərhədin o hissəsində baş verdi ki, noyabrın 9-da orada rusların helikopteri vurulmuşdur. Düşünürəm ki, atəşkəsin pozulması idarəolunan prosesdir və şəraiti gərginləşirməkdə Rusiyanın öz planları var.

- Rusiya bölgədə yerləşməklə maraqlarını təmin etdi, Qarabağa sülhməramlı adı altında hərbçilərini daxil etdi. Ermənistanda bir bazası var, üstəlik, Sünik vilayətində (Zəngəzurda) yeni baza qurub. Bu halda Rusiyanın daha hansı planları ola bilər?

- Mənim qənaətimcə, Rusiya istəyinə tam çatmayıb. Əlbəttə, qarşısına qoyduğu məqsədlərdən bəlkə də ən böyüyünə çatdı. Uzun müddətdən sonra Avropa sərhədində Rusiyanın əsgəri yerləşdi. Azərbaycan yeganə ölkə idi ki, Rusiya burada öz qoşunlarını yerləşdirməmişdi. Əlbəttə, mən MDB məkanını nəzərdə tutaraq deyirəm. Bəli, buna nail oldu, amma Putini tanımaq lazımdır. Gürcüstan hadisələrini xatırlayın və s. Mənə elə gəlir ki, Rusiya nümayiş etdirdi ki, Nikol Paşinyanı cəzalandırmaq istəyir. Amma bütün cəhdlərinə baxmayaraq, İrəvanda hakimiyyət dəyişikliyinə nail ola bilmədi. Biz rus, eləcə də Ermənistanda ruspərəst medianın seçkilər dövründə mövqeyinə baxıb gördük ki, birmənalı Robert Köçəryan müdafiə edilməklə yanaşı ona hərtərəfli dəstək verilirdi. Digər tərəfdən, Nikol Paşinyan ilk səfərini Rusiya etmiş olsa da, məncə, Putin hamımızdan yaxşı bilir ki, onun bir gözü Avropadadır, qısa müddət ərzində siyasi oriyentirlərini daha aydın göstərəcək və bu, Rusiyanın xeyrinə olmayacaq. Bu mənada hesab edirəm ki, proseslərin bir tərəfində Ermənistana təzyiqin daha çox gücləndirilməsi və onun nəzarət altına götürülməsi məqsədi dayanır. Aydındır ki, belə gərginləşmə ilk olaraq Ermənistanın özünə ziyandır. Çünki Paşinyan siyasi burulğandan təzə çıxıb.

İkincisi, bölgədə sabitliyin az-çox yarandığını görərək nüfuzunu artırmağa çalışan Avropaya da mesaj var. Onlar adətən gərginliklərdən çəkinirlər, gözləyirlər ki, sakitlik yaransın. Siz indiyə qədər gərginlik mərhələlərini götürsəniz görərsiniz ki, hər zaman Rusiya qabağa düşüb. Ancaq avropalılar bir balaca sakitlik yaranan kimi qovluqlarını götürüb gəlirlər və deyirlər ki, biz danışmalıyıq.

Üçüncüsü, ehtimal edirəm ki, Rusiyanın Azərbaycanla bağlı müəyyən narahatçılıqları var və bu da müəyyən rol oynayır. 

- Hansı narahatçılıqları ola bilər?

- Əvvəla, danışıqlar haqqında bizim məlumatımız yoxdur. Məsələn, kommunikasiya xətlərinin açılmasına dair danışıqları götürək. Bilirik ki, danışıqlar gedir, hətta bir müddət əvvəl Ermənistan burada iştirakını dayandırdığını elan etdi. Biz bilirik ki, orada Azərbaycanın kifayət qədər ciddi tələbləri var. Bu tələblərin Rusiyanın planı ilə nə dərəcədə uzlaşıb-uzlaşmadığı bizə bəlli deyil. Və ya demarkasiya məsələlərinin Rusiyanın maraqlarına nə dərəcədə uyğun olduğunu bilmirəm. Odur ki, bu məqamlarla bağlı daha konkret fikir bildirmək bir qədər çətindir. Lakin ehtimalları və vektorları hiss etməmək olmur.

- Yanaşmanız belədir ki, atəşkəsi pozan Ermənistandır, onu Rusiya stimullaşdırır, əslində isə bu gərginlik İrəvanın əleyhinədir və nəticə etibarı ilə Ertmənistanı Rusiyanın qucağına atır. Sizcə, erməni tərəfi öz əleyhinə olan bu kimi addımlara xoşluqla niyə gedə bilər?

- Mən atəşkəsi pozanın birmənalı Ermənistan olduğunu deməzdim, nəzərə alın ki, orada çox ziddiyyətli tərəflərdən xəbər var. Rusiya isə az qala bu atəşkəs pozuntularını inkar edir. Ermənistan isə deyir ki, bunu Azərbaycan törədir. Əlbəttə, biz müharibə dövründə gördük ki, informasiyalara ehtiyatla yanaşmaq lazımdır və onların hansının xətlərdən, hansının həqiqətdən irəli gəldiyini söyləmək çətin olur. Ona görə də, atan “kazaklardırmı”, yoxsa başqalarıdır sualı açıq qalır. Əlbəttə, Nikol Paşinyan nəyin baş verdiyini bilir. Onun bəzi hərəkətləri, bəzi məsələlərə təcili reaksiyaları bunu göstərir. Məsələn, sərhəd zonasında olan zavodların, mənbələri çirkləndirən müəssisələrin fəaliyyətinin dayandırılması, habelə onun bu məsələyə dair bəzi açıqlamaları məndə belə təssürat yaradır. Düşünürəm ki, indiki vəziyyətdə atəşkəsin pozulması onun maraqlarına uyğun olmamalıdır. Çünki Paşinyan bir bəladan - çox ağır dalğadan güclə keçdi. Baxmayaraq, tərəfdarları çox idi, səs faizləri də yüksək oldu, amma prosesin özü çox ağır keçdi. Bunu indi Ermənistandakı həbslər dalğası da göstərir. Hazırda sərhəd rayonlarının çoxunda Paşinyan həbslər aparır. Həm də öz xoşuna silah aparanların həbsləri getmir, daha çox məmurların, onların yaxın qohumlarının həbsləri aparılır. Bu həm də onu göstərdi ki, bu zonada idarəçilik ya Paşinyanın əlində deyil, ya da paralel fəaliyyət göstərən nüfuzlu adamlar var ki, onların Koçaryana bağlılığı daha çoxdur. Bunların hamısı göz önündə baş verən hallardır. Aydındır ki, Paşinyanın əleyhinə olanlar Rusiyanın daha güclü formada burada möhkəmlənməsini sadəcə istəmirlər, onlar həm də real fəaliyyətlə məşğuldurlar.

- Nikol Paşinyan Moskvaya səfər edərək Vladimir Putinlə görüşdü. Belə xəbərlər var ki, iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev də Moskvaya səfər edərək rusiyalı həmkarı ilə müzakirələr aparacaq. Bu səfərdə hansı məsələlər müzakirə edilə və hansı qərarlar verilə bilər?

- Prinsipcə, İlham Əliyevlə Nikol Paşinyanın mövzuya dair söylədikləri haqqında fərq ondadır ki, Əliyev dediklərində səmimidir, Paşinyan isə əsl niyyətini örtməyə çalışır. Çünki bu niyyətlər Rusiyanı çox qıcıqlandırır. Ona görə də, biz Paşinyanın tez-tez ziddiyyətli fikirlərinə rast gəlirik. Məsələn, gah deyir ki, rus əsgərləri sərhədi nəzarətə götürməlidir, gah deyir fransızlar gəlməlidir, gah da Amerikaya üz tutur. Mənə elə gəlir ki, bu məsələdə Əliyev daha səmimidir və niyyətlərini daha açıq ifadə edir. Əlbəttə, kompleks məsələlərdə həm sərhədlərin müəyyən edilməsi, həm nəqliyyat dəhlizinin açılması indi əsas məsələdir. Həm də nəzərə alın ki, adi yolla nəqliyyat dəhlizi fərqli ifadələrdir. Ona görə də, Ermənistan dəhliz ifadəsini işlətməkdən çəkinir. Bu gün Ermənistan Zəngəzurdan dəhliz açmış olsa, necə ki biz Laçın dəhlizinə daxil olmaq üçün rus sülhməramlılara müraciət edirik, eyni ilə onlar da Zəngəzur dəhlizindən keçmək üçün Rusiyadan icazə almalı olacaqlar. Çünki Laçın və Zəngəzur dəhlizində bu rejimlər eyni olacaq. Ona görə də, ermənilər dəhliz ifadəsini işlətməkdən çəkinir, kommunikasiya söhbəti edirlər. Ancaq Azərbaycan tərəfi dönə-dönə dəhliz ifadəsini işlədir. Qənaətimcə, Moskva görüşündə dəhliz məsələsi müzakirə ediləcək. Eyni zamanda sülh müqaviləsinin imzalanmasından söhbət gedir. Görünən budur ki, indiki mərhələdə Rusiya bunu istəmir, Ermənistan buna hazır deyil. Ancaq Azərbaycan bu prosesin sürətləndirilməsini istəyir. Niyə? Çünki sülh müqaviləsinin imzalanması faktiki ərazi bütövlüyünün tanınması demək olacaq. Hesab edirəm ki, ən azından bu məsələlər diqqət mərkəzinə gətiriləcək. Yəqin ki, Türkiyənin sülhyaratma prosesində iştirakı məsələsi də olacaq. Çünki burada sıçrayışlar olur. Hansısa bir məqamda gərginlik yaranır, hansısa məqamda Türkiyənin rolu geriyə çəkilir, hansısa anda isə Türkiyənin rolu qabarıq formada özünü göstərir.

- Daha bir düşündürücü məqam Ağdamda yerləşən birgə Monitorinq Mərkəzinin fəaliyyətidir. Türk və rus hərbçilərindən ibarət olan mərkəz işləsə də, onun fəaliyyəti, gördüyü işlər haqqında informasiya yoxdur. Atəşkəsin sistematik pozulması bu mərkəzin fəaliyyətini gündəmə gətirmirmi?

- Əslində bu, yuxarıda qeyd etdiyim kimi, Türkiyənin prosesdə rolu ilə əlaqədardır. Bildiyiniz kimi, Türkiyə prosesdə daha fəal iştiraka iddialı idi və bunu vurğulayırdı da. Amma Rusiya Türkiyənin rolu qarşısında maneə yaradıb ki, “siz ancaq müşahidə edə bilərsiniz, bu müşahidə də bəlli formulda baş tuta bilər” dedi. Məncə, hələlik bu məsələlər Rusiya ssenarisi əsasında gedir. Ona görə də tərəflər Qarabağdakı vəziyyətlə əlaqədar məsələni çox şişirtməməyə çalışırlar. Bu da açıq hiss edilir. Ən azından xarici işlər nazirlərinin suallardan növbətçi cavablarla yayınması göstərir ki, suallar çoxdur, bu səbəbdən də çox qabartmırlar. Əgər qabardılsa, biz üç fərqli mövqe görəcəyik.

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvan və Bakı səfərlərinə yekun vuraraq Tiflisə getdi. Avropa Birliyinin rəhbərlərindən olan və Rusiyaya qarşı daima sərt mövqeyi ilə seçilən Şarl Mişelin İrəvan və Bakı müzakirələri, yaranan gərgin durumda hansı izlər buraxa bilər?

- Məncə, səfərdən sonra nələrin müzakirə edildiyi daha dəqiq aydın olacaq. Amma biz Avropanın bütövlükdə bu prosesdən kənarda qalacağını düşünürüksə, səhv edirik. Əlbəttə, danışıqlar prosesində onlar hansısa formada iştirak edəcək və onları kənarda saxlamaq mümkün olmayacaq. Sözsüz ki, onların da burada maraqları var. Müzakirələr, müqavilələr ondan ötəridir ki, tərəflərin mövqeləri bəlli olsun, ortaq mövqeyə gəlinsin və s. Yəqin ki, tərəflərin hər biri nələrisə nəzərə alacaqlar və bir rəyə gələcəklər. Biz Qarabağ probleminin həll olunduğunu desək də, aydın şəkildə başa düşürük ki, ortada suallar və görüləcək işlər hələ çoxdur. Heç kim qarant verə bilməz ki, bu suallar 5 və ya 10 il ərzində həll ediləcək. Bizim hələ də ərazimizin, eləcə də sərhədimizin bir hissəsi var ki, ora çıxa biməmişik. Söhbət Laçın dəhlizindən, Qarabağdakı rus sülhməramlıların nəzarəti altında olan və Ermənistan hərbi qüvvələrinin saxlanıldığı ərazilərdən gedir. Sözsüz ki, bu məsələlər həll olunmalıdır. Mən bu halda heç də bütün məsələlərin müzakirəsində Avropanın rolunu bizim üçün neqativ görmürəm.

- Fransanın rolu və mövqeyi bizim üçün yetərli deyilmi?...

- Bəzən Avropanın buradakı iştirakını Fransanın iştirakı kimi görürük. Avropa Birliyi Fransadan ibarət deyil. Biz açıq gördük ki, müharibə dövründə Böyük Britaniyanın münasibəti və mövqeyi Fransanın mövqeyindən ciddi şəkildə fərqlənirdi. Sizə deyim ki, Böyük Britaniyanın mövqeyi münaqişəyə daha çox təsir etdi, nəinki Fransanın. Ona görə də, “qırmızı əski” kimi Fransa bizə Avropanın vahid rəyi kimi görünməsin. Avropada rənglər çoxdu.

Konkret Şarl Mişelin səfərinə gəldikdə, deyim ki, bu daha çox Avropanın mövqeyini ifadə etmək, həmçinin tərəflərin mövqeyini aydınlaşdırmaqla bağlıdır. Bəlkə də hansısa yeni yanaşma planları var, bunun detallarını müzakirə etmək istəyirlər. Biz bu səfərlərin və müzakirələrin əsl mahiyyətini medianın verdiyi xəbərlərdən, tərəflərin qısa açıqlamalarından tuta bilməyəcəyik. Ola bilsin ki, sətiraltı ifadələrdən nəsə duyaq, əlavə kanallar vasitəsilə informasiya toplayaq və rəy söyləyək. Bunlar olmadan rəy söyləmək məsuliyyətsiz olardı. Düşünməyin ki, görüş bitən kimi tərəflər çıxıb danışdıqlarını bizə deyəcəklər ki, filan məsələləri müzakirə etdik. Biz də buna əsaslanıb fikrimizi yürüdəcəyik. Real informasiya və vəziyyəti öyrənmək vaxt tələb edir. Mövzu da məsuliyyətlidir. Bunun üçün vaxt lazımdır. Ancaq bu səfərlərlə Avropa Birliyi nümayiş edirir ki, onlar da güc mərkəzi kimi var və regionla maraqlanırlar.

Rasim ƏLİYEV