LAÇIN YOLUNDAKI POSTDA NƏZARƏT BELƏ APARILIR - Sərhədçilərimiz erməniləri yoxlayır və buraxır / VİDEO

Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.
“Caliber.az” xəbər verir ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət şəraitində həyata keçirilir.
Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Beləliklə, bir daha məlum olur ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun guya “blokadaya alınması” ilə bağlı yalan açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil.
Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Daha sonra, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.